Ermənilərin Qarabağda növbəti təxribatı rəsmi təsdiqini tapıb. Müdafiə Nazirliyinin verdiyi məlumatda bildirilir ki, dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib: “Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur. Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib. Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcəkdir”.
Belə təxribat hallarının tez-tez təkrarlanması bölgədə sabitlik yaratmaq missiyasını üzərinə götürən Rusiya sülhməramlılarının məsuliyyət dərəcəsini necə müəyyənləşdirir?
“Ortaya çıxan mənzərə belədir ki, Rusiya sülhməramlıları üçtərəfli Bəyanatın 4-cü bəndini yerinə yetirmir”
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Hadrutda erməni terrorçuları tərəfindən Azərbaycan hərbçilərinə qarşı növbəti təxribat hücumu törədilməsi haqda xəbərlər bizim rəsmi qurumların təsdiqindən əvvəl sosial şəbəkələrdə yayılmağa başladı: “Bildirilir ki, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri bölgədə antiterror əməliyyatı keçirir, erməni terrorçularından əsir götürülənlər var. Ordumuzun şəhid verdiyi haqda da xəbər təsdiqini tapıb. Ortaya çıxan mənzərə belədir ki, Rusiya sülhməramlıları üçtərəfli Bəyanatın 4- cü bəndini yerinə yetirmir. Qarabağla bağlı üçtərəfli Bəyanatın dördüncü bəndində deyilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq Qarabağa yerləşdirilir. Silahlı erməni yaraqlılarının Azərbaycan Ordusuna hucum etməsinə görə məsuliyyət Rusiya tərəfinin üzərindədir.
Rusiya tərəfi öhdəliklərini tam yerinə yetirmir, əvəzində ermənilərin təxribatlarında iştirak edirlər. Məsələn, dünən azərbaycanlıların soyqırımının törədildiyi Xocalıda qondarma qurumun “fövqəladə hallar təşkilatı” rəhbərinin birinci müavini Samvel Petrosyan Rusiya Fövqəladə Hallar Nazirliyinin işçilərini mükafatlandırıb və orden, medal paylayıb. Ümid edirik, həftə sonu istirahəti bitəndən sonra Azərbaycan rəsmiləri bu hər iki halı şərh edərlər”.
Ekspertin sözlərinə görə, Rusiya sülhməramlılarının bu cür addımları onlara bəslənən inamı azaldır: “Onlar eyni zamanda öz missiyalarını yerinə yetirmək əvəzinə ermənilərə havadarlıq edirlər. Təbiidir ki, belə halların tərkarlanması sonda Rusiyanın missiyasından imtina ilə nəticələnə bilər. Yaxşı olar ki, Rusiya hakimiyyəti bölgəyə yerləşdirdiyi qüvvələrinə öz vəzifələrini bir daha izah etsin”.
Məhəmmədəli QƏRİBLİ