44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı möhtəşəm zəfəri hələ də həzm edə bilməyən, qəbul etmək istəməyən daxili qüvvələr var. Bu qüvvələr bütün vasitələrdən istifadə edərək ordumuzun şanlı zəfərinə kölgə salmağa cəhdlər edirlər.
Son zamanlar Milli Şuraya daxil olan siyasi partiyalar və onların təmsilçilərinin çıxışlarında qələbənin əhəmiyyətini azaltmaq, ona kölgə salmaq yönündə xoşagəlməz, qərəzli fikirlər səsləndirilir, onlar zəfəri həzm edə bilmədiklərini ortaya qoyurlar.
Milli Şuradakı partiyalar və şəxslər qələbəni niyə həzm edə bilmirlər?
“Bununla da həmin adamların siyasi iddiaları, bir növ, zibilliyə atılmış olur”
Siyasi şərhçi Azər Həsrət baki-xeber.com-a bildirdi ki, Milli Şura və bənzər qurumlar Prezident İlham Əliyevin uğurlarını həzm edə bilmir, edə bilməz də: “Çünki ən kiçik bir uğur belə Prezident İlham Əliyevi onların üzərində daha da yüksəklərə qaldırır və bununla da həmin adamların siyasi iddiaları, bir növ, zibilliyə atılmış olur. Ona görə də istənilən məsələdə İlham Əliyevi tənqid etmək üçün bir bəhanə tapırlar, uydururlar. Bu gün bütün dünya gördü ki, Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi altında döyüşərək, qan tökərək, can alaraq, şəhid olaraq torpaqlarımızı işğaldan azad etdi. Bütün dünya, eləcə də onların ətəyindən yapışdığı Qərb də, Moskva da etiraf edir ki, Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad edib. Təbii ki, bu amil İlham Əliyevə əlavə dividendlər gətirir, yəni onun, sadəcə, bir dövlət başçısı deyil, həm də çox uğurlu bir Ali Baş Komandan olmasını sübut edir. Buna görə də siyasi rəqiblər, yaxud müxalifətdə olduğunu iddia edənlər bu qələbəni, bu uğuru həzm edə bilmirlər. Ona görə də yalandan iddia edirlər ki, guya Azərbaycana kimlərsə kömək etdi, bunu etdi, onu etdi. Hamısı boş şeylərdir. İlham Əliyev qalibdir, müzəffərdir və ən azı bu son yüz ildə Azərbaycan tarixinə ilk müzəffər Ali Baş Komandan olaraq düşüb. Yəqin ki, bu şans başqa heç kimdə yoxdur, olmayacaq. Təbii ki, Milli Şura dediyimiz radikal kəsim öz qərəzi, qələbəni həzm edə bilməməsi ilə (əslinə qalanda adı var, özü olmayan qurumdur -A.H.) ürək bulandırmaqla məşğuldur. Amma onların həzm edib-edə bilməməsindən asılı olmayaraq, İlham Əliyev qalibdir, torpağımızı Azərbaycan əsgərinin gücünə azad edib və bu gün Azərbaycan Respublikasının bütün ərazisində dövlət suverenliyimiz bərpa edilib, sadəcə, formal məsələlər qalıb, onlar da zamanla həll olunacaq” - deyə A.Həsrət qeyd etdi.
İradə SARIYEVA