Qatı ermənipərəst, Rusiya Dövlət Dumasının MDB, Avrasiya məsələləri və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin “Moskovskiy komsomolets” nəşrinə müsahibəsində bu günlərdə Prezident İlham Əliyevin MDB toplantısında Sarkisyan və Koçəryanla bağlı səsləndirdiyi fikirlərin doğru olduğunu etiraf edib.
Zatulin 44 günlük müharibə ilə bağlı bir sıra məqamlara toxunub və qeyd edib ki, vaxt keçdikcə İkinci Qarabağ müharibəsi zamanı Ermənistan hakimiyyətinin axmaqlığı və səriştəsizliyi məlum olur: “Paşinyanın son 2,5 ildə sıxışdırdığı Ermənistandakı müxalifət onu xəyanətdə günahlandıraraq intiqam almağa çalışır. Ermənistan Baş nazirinin bəzi müxalifləri onu hətta Qarabağı təslim etmək üçün Azərbaycan və Türkiyə ilə separat danışıqda günahlandırır. Xüsusilə, opponentləri onu Qarabağda nizami ordunun yoxluğunda, müharibədə əsasən könüllülərin vuruşmasında, müdafiə xəttindəki çoxsaylı boşluqlarla və ordu üçün daha çox keyfiyyətsiz silahların alınmasında ittiham edir. Məğlubiyyətin günahkarları arasında əvvəlki siyasi hakimiyyətin də böyük ölçüdə payı var. Diqqəti cəlb edən məqam budur ki, MDB ölkələri başçılarının son Zirvə toplantısında Azərbaycan Prezidenti də “müharibə zamanı təkcə Paşinyan ordusuna deyil, onun sələflərinin ordusuna qarşı qələbə qazanıldığını” söylədi. Yəni ordunu gücləndirmək təkcə Paşinyanın vəzifəsi deyildi. Köçəryan-Sarkisyan cütlüyünün də bu məsuliyyətdə payı var. Ancaq indi bunun fərqinə varan yoxdur. Ermənistanda qarşıdurma getdikcə böyüyür və Baş nazirin Yeni ilə qədər postunda qalıb-qalmayacağı məlum deyil”.
Görünən odur ki, Paşinyana qarşı olan Rusiya siyasiləri belə, hərbi məğlubiyyətə görə təkcə indiki hakimiyyətin günahkar olmadığını qəbul edirlər. Bu isə Prezident İlham Əliyevin səsləndirdiyi məlum fikirlərin necə dəqiq olduğunu bir daha təstiqləyir.
“Köçəryan-Sarkisyan cütlüyünün məhz Rusiya layihəsi olmasını Zatulin yaxşı bilir”
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, Azərbaycan Ordusu illərdir formalaşdırılan “qalib erməni ordusu” stereotiplərini məhv etdi: “Zatulin də yaxşı bilir ki, Köçəryan-Sarkisyan cütlüyü Qarabağ dalğasında Ermənistanda hakimiyyətə gəldi. Eyni zamanda, bunun məhz Rusiya layihəsi olmasını da Zatulin yaxşı bilir. Ona görə də o, İlham Əliyevin arqumentləri qarşısında acizdir. Birinci Qarabağ müharibəsində əslində biz erməni ordusuna yox, onların arxasında dayanan Rusiyaya uduzduq. Ermənilərin bundan başı o qədər döndü ki, onlar elə bilirdlər Azərbaycan bir daha həmin əraziləri geri qaytara bilməyəcək. Rusiya buna imkan verməz və yaxud da ruslar gəlib onların yerinə döyüşəcək. Ermənistanın ümid bəslədiyi digər faktor isə onların əlverişli yüksəkliklərdə mövqe tutması faktoru idi. Məsələ ondadır ki, ətraf rayonlar işğal ediləndən sonra cəbhə xətti xeyli qısaldı. Bununla yanaşı, 1994-cü ildə əldə olunan atəşkəsdən keçən 26 il ərzində Ermənistan cəbhədə çox güclü mühəndis istehkam qurğuları yaratdı. Bütün bunlarda Köçəryanla Sarkisyanın “xidmətləri” böyük idi. Ona görə də ermənilərdə aşırı dərəcədə bir arxayınçılıq yaranmışdı. Onlar o qədər arxayın idilər ki, Aprel döyüşlərindən belə gərəkən nəticəni çıxarmadılar. Nəzərə almaq lazımdır ki, Aprel döyüşlərində Ermənistanın prezidenti Serj Sarkisyan idi. Ona görə də Azərbaycan Ordusunun son qələbəsi 1994-cü ildən bəri formalaşan erməni mifini məhv etdi”.
Siyasi ekspert hesab edir ki, bütün bunlar Ermənistanda siyasi çəkişmələri dərinləşdirəcək.
Vidadi ORDAHALLI