Gəncə şəhərindən Kəlbəcər rayon sakini Nəcəfova Rəfiqə də Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
“27 ildir Kəlbəcər rayonundan məcburi köçkün düşmüşəm, lakin heç vaxt doğma yurda qayıtmaq ümidini itirməmişdim. Həmişə inanırdım ki, nə vaxtsa torpaqlarımız işğaldan azad olunacaq. Son zamanlar Paşinyanın Şuşaya davamlı səfərləri, çıxışları, Cıdır düzündə yallı getməsi və qondarma rejimin başçısının andiçmə mərasiminin keçirilməsi hamı kimi mənə də pis təsir edirdi.
Mənim 66 yaşım var. Böyük həsrətlə bu günləri gözləyirdim. Nəhayət, Sizin – qətiyyətli Ali Baş Komandanımızın sayəsində erməni işğalçılarına tutarlı cavab verildi. Artıq qürurlu və sevincliyəm.
Şuşada Azərbaycan bayrağı dalğalandığına görə, xüsusilə də doğulduğum Kəlbəcər rayonunu işğaldan azad etdiyiniz üçün Sizə dərin minnətdarlığımı, təşəkkürümü və sevgilərimi bildirirəm.
Həmişə Sizə inanırdım, indi həmin inam daha da gücləndi. Sizin sayənizdə, inşallah, azad edilmiş Qarabağ torpaqlarına yeni nəfəs, inkişaf, tərəqqi gələcək.
Müzəffər Ali Baş Komandan, Sizə cansağlığı, uzun ömür, şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm” - deyə R. Nəcəfova Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com