“Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır. Revanş hissi ilə yaşayacaqlarsa, onların axırı pis olacaq”. Bunu Prezident İlham Əliyev Qubadlı rayonuna səfəri zamanı çıxış edərkən deyib.
Dövlət başçısı deyib ki, artıq bu bölgənin, Qarabağ bölgəsinin bərpası ilə bağlı konkret addımlar atılır, ilkin kontraktlar imzalanıb: “Mənfur düşmən hər şeyi dağıdıb. Yol boyunca Cəbrayıl rayonundan, azad edilmiş torpaqlardan başlayaraq, bax, Qubadlıya qədər hər tərəf dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Təkcə Qubadlıda bir neçə bina qalıb ki, burada hərbçilər və onların ailə üzvləri yaşayıblar. Bütün binalar, bütün evlər, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz mənfur düşmən tərəfindən dağıdılıb. Bu cinayətlərin hamısı sənədləşdirilir.
Mən azad edilmiş bu bölgələrdə olarkən, ermənilər tərəfindən törədilmiş vəhşiliyi görərkən bir daha əmin oluram ki, biz nəinki özümüz üçün, bölgəmiz üçün böyük iş görmüşük. Biz erməni faşizminin başını əzdik. Bizim torpaqlarımızı erməni faşizmi bu günə saldı. Biz Ermənistan faşist dövlətinin, terror dövlətinin belini qırdıq və bu gün məcbur olub, bizim qabağımızda diz çöküb və düzgün nəticə çıxarmalıdır. Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır. Revanş hissi ilə yaşayacaqlarsa, onların axırı pis olacaq. Əgər o tərəfdən buraya bir güllə atılsa, - 5 kilometrdir buradan Ermənistan sərhədinə, - onları elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar”.
Yeri gəlmişkən onu da qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin də dolayı da olsa Ermənistanı xəbərdar etdi. Qeyd etdi ki, 10 noyabr öhdəliklərinə əməl etməmək intihar deməkdir.
Maraqlıdır, Ermənistan revanşa cəsarət edə bilərmi?
“Qarabağda onlara verdiyimiz dərsi yenidən sərhədləri daxilində verə bilərik”
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə bunu istisna etdi: “Azərbaycanın Qarabağ müharibəsində parlaq qələbəsi, Ermənistanın kapitulyasiyaya imza atması dövlət sərhədində ərazilərimizin nəzarətimizə keçməsi ilə nəticələnir. Zəngilan, Qubadlı və Kəlbəcərin digər ərazilərini də geri alırıq. Belə olan təqdirdə Ermənistanın yaşayış məntəqələri ilə məsafəmiz azalır. Hazırda Ermənistanda bəzi qüvvələr revanşist siyasət aparırlar. Yenidən müharibə bəyanatları səslənir. Belə olan təqirdə Azərbaycanın öz ordusunu möhkəmləndirməsi və sərhəddə hərbi imkanlarını genişləndirməsi qaçılmaz reallığa çevrilir. Ona görə də Prezident İlham Əliyevin sərhəddə Ermənistana xəbərdarlığı ciddi mesajdır və ermənilər bundan nəticə çıxarmalıdırlar. Qarabağda onlara verdiyimiz dərsi yenidən sərhədləri daxilində verə bilərik. Düşünürəm ki, bu gün Azərbaycanın güclü ordusu Zəngəzuru da dövlət sərhədlərimizə qata bilər. Ermənistanda Azərbaycana qarşı müharibə davranışları baş versə, onda Ermənistanı heç bir dövlət müdafiə etməyəcək. Məhz İlham Əliyevin bəyanatları Ermənistan üçün tarixi bir dərsdir və onların revanş çağırışları öz məğlubiyyətləri ilə nəticələnə bilər”.
Politoloq onu da qeyd etdi ki, bu gün Azərbaycanın güclü olması Ermənistan üçün fəlakətlə nəticələndi və bu, gələcəkdə də belə olacaq.
Vidadi ORDAHALLI