“Bizim itkilərimiz müharibənin miqyasına görə həddindən çox aşağıdır”. Bunu Prezident İlham Əliyev işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olarkən deyib.
Ölkə başçısı qeyd edib ki, müharibə zamanı gördüyümüz işlər bu gün aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir: “Burada bütün vacib amillər bir məqsədi güdürdü ki, az itkilərlə düşmənə sarsıdıcı zərbələr vuraraq, düşmənin ordusunu faktiki olaraq məhv edərək hədəfə çataq və belə də oldu. Biz sentyabrın 27-də əks-hücum əməliyyatına başlayaraq, sonra hücum əməliyyatına keçdik. Çünki biz torpaqlarımızı azad etməli idik. Ermənistanın təxribatlarına son qoyulmalı idi. Günahsız insanların həlak olmasına son qoyulmalı idi və əks-hücumdan sonra hücum edən tərəf, adətən, daha çox itki verir. Ancaq bizim itkilərimiz müharibənin miqyasına görə həddindən çox aşağıdır. Hər bir şəhidimiz əvəzolunmazdır, hər bir insanın həlak olması böyük faciədir, onun özü üçün, yaxınları üçün, qohumları üçün, xalq üçün. Ancaq onu da bildirməliyik ki, biz istədiyimizə az itkilərlə nail olduq. Məhz buna görə ola bilər bəziləri hesab edir ki, bu məsələ daha da tez həll oluna bilərdi. Halbuki, 44 gün ərzində bu ərazini işğaldan azad etmək və düşməni məhv etmək, düşmən ordusunu məhv etmək, düşməni təslim olmağa məcbur etmək böyük qəhrəmanlıqdır”.
Tarixən müharibələrdə hücum edən tərəfin müdafiə olunan tərəflə müqayisədə itkisi çox olub. Ancaq 44 günlük müharibə zamanı ordumuz düşmənin güclü müdafiə istehkamları ilə üzləşsə də, itkiləri az oldu. O baxımdan bu üstünlüyü ekspertlər necə dəyərləndirirlər?
“Hücumlarda piyada qoşun növlərindən istifadə edilərkən təcrübəli hərbçilərə önəm verildi”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən hərbi ekspert Ramil Məmmədli bununla bağlı bir sıra məqamlara aydınlıq gətirdi: “Əvvəla ordumuz müasir texnologiyaların mənimsənilməsi istiqamətində işlərə başlayanda artıq hiss olunurdu ki, gələcək hərbi əməliyyatlar ənənəvi olmayacaq. Döyüşlər tamamilə fərqli olacaq. Bütün bunların praktiki göstəricilərini biz 27 sentyabrdan sonra gördük. Azərbaycan Ordusu minimum itki ilə maksimum nəticə əldə etdi. Ordumuz döyüşlərdə beşinci nəsil texnologiyalardan istifadə etdi. Hücumlarda piyada qoşun növlərindən istifadə edilərkən təcrübəli hərbçilərə önəm verildi. Yəni əsas hərbi əməliyyatlar xüsusi təyinatlı hərbi birləşmələrin döyüşçüləri tərəfindən həyata keçirildi. Bu da quru qoşunlarının az itki verməsinə gətirib çıxardı. O cümlədən, hədəfi dəqiq vura biləcək müasir artilleriya sistemləri də önəmli rol oynadı. Eyni zamanda, hava məkanını nəzarətə götürməklə ordumuz düşməni darmadağın etdi”.
Hərbi ekspertin fikrincə, bütün bunların nəticəsində Azərbaycan az itki ilə böyük əraziləri azad edə bildi.
Vidadi ORDAHALLI