“Bu gün Azərbaycanda hər kəsin qəlbinə bu cümlələr hakim kəsilib: 44 günlük haqq savaşı ilə ədaləti yerinə qoyan, “Qarabağ Azərbaycandır!” nidası ilə tarix yaradan Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev, müzəffər Azərbaycan Ordusu, şəhidlərin al qanı, qazilərin qüdrəti ilə Azərbaycan bayrağını Şuşa qalasında dalğalandırdı! 30 ilin intizarına 44 günə son qoyuldu! Qisas qiyamətə qalmadı!
Dostuna yazdığı son “Şəhid olmağa gedirəm, qardaş” mesajı ilə şəhidliyə qovuşan yeganə oğlum Elvin İslamov Cəbrayıl və Füzuli istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Son döyüşü Füzuli rayonunun Qorqan kəndində olub. Oktyabrın 30-da Qaradağ rayonunun Qurd dərəsi məzarlığında torpağa tapşırılıb. Dünən onunla son vidadan 40 gün keçdi.
Bu 40 gündə bizi tək qoymayan, dərdimizə şərik çıxan hər kəsə təşəkkür edirəm. Hər gün qayğımızla maraqlanan, bizi ən doğma adamları kimi qəbul edən təsəlli, ümid yerimiz olan insanlara və Sizə minnətdarlıq edirəm.
...Biz 44 günlük tarixi savaşla birliymizi, bütövlüyümüzü sübut etdik. Bizə böyük zəfəri yaşatdığınız üçün Sizə təşəkkür edirəm. Nə qədər kədərli olsa da, qürur hissi keçirirəm. Bu tarixi qələbədə yeganə oğlum şəhid Elvin İslamovun payı olduğuna görə sevinirəm. Mən bir Qəhrəman Anasıyam!
Bir Şəhid ailəsi kimi kiçik bir diqqət, mənəvi dəstək bizə təsəlli olur. Ötən 40 gün içərisində Sizin tapşırığınız əsasında bizə göstərilən qayğı isə böyük dəstək idi. Xalqın dərdini öz dərdi, xalqın kədərini öz kədəri bilən liderin sayəsində Xalq - Lider, Millət - Dövlət birliyi pozulmaz! Xalqın dövlətə inamı, etibarı azalmaz!
Bir daha Sizə şəhid və qazi ailələrinə göstərdyiniz diqqətə görə təşəkkür edirəm.
Tanrı xalqımızı, dövlətimizi, Prezidentimizi qorusun! Bütün şəhid ailələrinə səbr versin!”
Bu fikirləri Bakının Yasamal rayonundan şəhid Elvin İslamovun anası Sevinc İslamova Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com