Siyasi partiyaların maliyyələşməsi ilə bağlı qaydalara dəyişiklik edilir. Bununla bağlı məsələ Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə keçirilən iclasında müzakirə edilən “Siyasi partiyalar haqqında” Qanuna dəyişiklikdə öz əksini tapıb.
Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sənədə təklif edilən dəyişikliklərin mahiyyəti barədə danışıb. O qeyd edib ki, qanunun “Siyasi partiyalara dövlət büdcəsindən vəsaitin ayrılması” adlanan 17-1-ci maddəsinə dəyişikliklər təklif olunur. Ə.Hüseynli vurğulayıb ki, siyasi partiyaların maliyyələşməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Onun sözlərinə görə, qanunun hazırda qüvvədə olan mətnində “dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizinin siyasi partiyalar tərəfindən irəli sürülən, etibarlı səslərin azı 3 faizini qazanan, lakin Milli Məclisdə təmsil olunmayan həmin partiyalar arasında proporsional olaraq bölündüyü” qeyd olunub.
Bu sahədə mövcud olan boşluqların aradan qaldırılması üçün təklif olunan yeni dəyişiklikdə həmin məbləğ 10 faizdən 5 faizə endirilir. Məbləğin digər 5 faizi isə təkrar və əlavə seçkilərdə qələbə qazanan deputatların partiya mənsubiyyətinin yaranması ilə əlaqədar parlamentdə təmsil olunan yeni siyasi partiyalara ayrılır.
Maraqlıdır, sözügedən dəyişikliklərin mahiyyətini ekspertlər necə izah edirlər? Maliyyələşmə ilə bağlı məbləğin 10 faizdən 5 faizə endirilməsi nə deməkdir?
“Dəyişikliklər imkan verəcək ki, parlamentə düşməyən partiyalar da dövlət büdcəsindən vəsait alsınlar”
Sözügedən məsələyə aydınlıq gətirən AVCİYA-nın vitse-prezidenti Məhərrəm Zülfüqarlının sözlərinə görə, burada söhbət daha çox partiyanın dövlət hesabına maliyyələşə bilmək imkanı əldə etməsindən gedir: “Bu həm də partiyalararası dialoqun nəticəsidir. Bizim də son parlament seçkilərindən sonra irəli sürdüyümüz tövsiyələrdən biri partiyalararası dialoqun davam etdirilməsi ilə bağlı olub. Artıq neçə vaxtdır Prezident Administrasiyası rəsmiləri partiyalarla dialoq aparırlar. Hesab edirəm ki, bu, ölkədə sabitliyin möhkəmlənməsinə töhfə verir. Maliyyələşmə ilə bağlı dəyişikliklər imkan verəcək ki, parlamentə düşməyən partiyalar da dövlət büdcəsindən vəsait alsınlar. Çünki elə partiya var ki, parlamentə düşməsə də, nüfuzludur və fəaliyyəti daha aktivdir. Seçkidə bir qədər az səs topladığı üçün büdcədən maliyyələşə bilmir. Ona görə də nəzərdə tutulan yenilikləri alqışlayırıq. Açıq etiraf edilməlidir ki, Azərbaycanda partiyaların iqtisadi vəziyyəti ürəkaçan deyil. Hakimiyyət də maraqlıdır ki, ölkədə çoxpartiyalı sistem möhkəmlənsin”.
M. Zülfüqarlı hesab edir ki, yeniliklər partiyaların fəaliyyətinə stimul verəcək.
Vidadi ORDAHALLI