Qarabağ və ətraf rayonlar Ermənistanın işğalı altından azad edildikdən sonra bütün dünya işğalçı ölkənin Azərbaycan ərazilərində ağır ekoloji cinayətlər törətdiyinin şahidi oldu. 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən Azərbaycanın təbii sərvətləri, meşələri, təbii mineral su bulaqları, qızıl, mis, civə və sair yataqları talan edilib, qanunsuz olaraq istismara cəlb edilib, florası, faunası məhv edilib.
İşğal dövründə Azərbaycanın 261 min hektar meşə fondu sahəsi Ermənistanın vandalizm cinayətlərinə məruz qalıb. Bu dövrdə düşmən regionun təbii sərvətlərini talan edib, bu ərazilərdə mütəmadi olaraq yanğınlar törədib, bununla da Qarabağın flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilməsi çətin olan zərər vurub.
AMEA-nın Coğrafiya İnstitutunun hesablamalarına görə, ermənilər Kəlbəcərdəki mineral suların istismarı ilə Azərbaycana 7.5 milyard manat ziyan vurublar.
Ermənistanın Azərbaycan ərazilərində törətdiyi ekoloji cinayətlər...
Qeyd edək ki, hələ torpaqlarımız işğaldan azad edilmədiyi dövrlərdə Azərbaycanın aidiyyəti dövlət qurumları Ermənistanın bizim ərazilərdə törətdiyi ekoloji terrorun miqyasını hesablamışdılar. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İşçi Qrupu tərəfindən 2014-cü ildə bu faktları əks etdirən hesabat hazırlanmışdı. Həmin hesabatla ermənilərin işğal dövründə ərazilərimizdə ölkəmizə vurduqları maddi-mənəvi ziyanın dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara çatdırılması həyata keçirilmişdi.
Hesabatda ətraf mühit, təbii sərvətlər, onların qiymətləndirilməsi üsulları, beynəlxalq hüquqda vurulmuş zərərlərin ödənilməsinin hüquqi şərtləri, zərər və itkilərin qiymətləndirilməsinin metodoloji əsasları haqqında aparılan araşdırmalar dəyən zərərin obyektiv, elmi əsaslarla qiymətləndirilməsinə dəlalət edirdi.
Məlumdur ki, ermənilər həm faydalı qazıntı yataqlarının talan edib, həm biomüxtəlifliyə zərər vurub, həm də meşələrin məhv edilməsi, torpaqların sıradan çıxarılması, istifadədən məhrum olunması, su, su anbarları və ətraf mühitin çirkləndirilməsi üzrə ekoloji fəlakətlər törədiblər.
Kəlbəcərin təbii sərvətlərini talayan düşmən...
Ermənilərin ən böyük zərər vurduğu rayonlarımızdan biri Kəlbəcərdir. Uzun illər düşmən işğalında qalan Kəlbəcərin bütün təbii sərvətləri talan edilib, meşə fondu məhv edilib, qırılıb, yandırılıb.
İşğal dövründə Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 - Ağyataq, Levçay, Çorbulaq və ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları, ehtiyatları 10941 min kubmetr olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 1312 min kubmetr olan və kərpic istehsalına yararlı Keşdək gil yatağı, ehtiyatları 4473 min kubmetr olan və yüngül beton doldurucusu kimi istifadə olunan Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2,2 milyon kubmetr olan 2 üzlük daş yatağı, ehtiyatları 2540 min kubmetr olan Çəpli qum-çınqıl qarışığı yatağı; gözəl dekorativliyə malik 4 mərmər oniksi (ehtiyatları 1756 ton), nefroid (ehtiyatları 801 ton) yatağı; ehtiyatları 2337 ton olan 1 obsidian (dəvə gözü) yatağı, ehtiyatları 1067 min kubmetr olan 1 listvenit yatağı qalmışdı.
Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Tutxun, Mozçay, Qoturlusu kimi çox böyük müalicə-balneoloji təsirə malik mineral su yataqları da (ümumi istismar ehtiyatları 3093 m3/gün) işğal ərazisində yerləşir. Murovdağ, Şahdağ, Vardenis, Mıxtökən, Qarabağ silsiləsinin və Qarabağ yaylasının bir hissəsinin əhatəsində yerləşən Kəlbəcər rayonunun ən yüksək zirvələri Gamış dağı (3724 m) və Dəlidağdır (3616 m). Ərazidə Yura, Təbaşir, Paleogen, Neogen və Antropogenin çökmə, vulkanogen-çökmə və vulkanik süxurları yayılıb. Ən böyük çayı Tərtər (yuxarı axını) və onun qolları Lev çayı, Tutqunçay və başqalarıdır. Kəlbəcər rayonunun Ala göllər, Zalxa gölü və s. kimi saf sulu gölləri var.
Qeyd edək ki, 1988-ci ildə aparılmış son meşə quruluşu işlərinə əsasən, Kəlbəcər meşə təsərrüfatının ərazisi 32774 hektar təşkil edib. Meşələrdə bitən ağac və kolların bir neçəsi Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilib. Kəlbəcər rayonunda dəniz səviyyəsindən 1500-2100 metr hündürlükdə bitən Ayıfındığı və ya ağacvarı fındıq bunlardan biridir. Bəzi Ayıfındığı ağacının hündürlüyü 25 metrə, diametri 48-120 santimetrə çatırdı. İşğal dövründə isə bu ağacın oduncağı qiymətli mebel materialı kimi ermənilər tərəfindən qırılaraq Ermənistana aparılıb.
Kəlbəcər rayonu ərazisində 4 mindən artıq müxtəlif növ bitkidən 200-ə qədəri dərman bitkisidir ki, onlar da düşmən tərəfindən terrora məruz qalıb. Rayonun mərkəzi və şimal hissəsində enliyarpaqlı meşələr (palıd, fıstıq, vələs), meşə-çöl bitkiləri, yüksək və qismən orta dağlıqda alp və subalp çəmənlikləri geniş yer tuturdu. Dağ keçisi, qonur ayı, çöl donuzu, daşlıq dələsi, ular, qartal və s. bu yerlər üçün xarakterik fauna növləridir ki, bu gün onların da taleyi haqqında müsbət heç nə demək mümkün deyil. Düşmənin təbiətə vurduğu ağır zərərlər, törətdiyi yanğınlar nəticəsində onlar da məhv olub.
Azərbaycanın Qarabağ bölgəsinin talan edilən faydalı qazıntıları...
İşğal dövründə Azərbaycanın Qarabağ bölgəsində 155 müxtəlif növ faydalı qazıntı yatağı da düşmən tapdağında qalmışdı. Bura qızıl, civə, mis, qurğuşun, sink, üzlük daşı, mişar daşı, sement xammalı, şirin və mineral su yataqları daxil idi ki, düşmən tərəfindən bu sərvətlərimiz də talan edilib, qanunsuz istismar olunub.
Düşmən işğal dövründə Şuşa şəhərində yanacaq kimi Qarabağ meşələrinin nadir çoxillik ağaclarından istifadə edib və Şuşanın Topxana meşəsini talan edib, eyni zamanda da Topxananın qoruq zonasında qanunsuz inşaat işləri aparıb. Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 metr hündürlükdə yerləşən Titon yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 metr olan “Xan Mağarası”nın düşmən tərəfindən amansızlıqla məhv edilməsi, Şuşa şəhərinin yuxarı hissəsində “Dörd yol” adlanan yerdən yuxarı Laçın küçəsinin solunda, Q.Əsgərov küçəsində 200-ə yaxın müxətlif növ iri diametrli çoxillik ağacların tamamilə məhv edilməsi dəhşətli faktlardır.
Qarabağın məhv edilən, qanunsuz istismara cəlb olunan təbii sərvətləri...
Şuşa rayonunda təsdiq edilmiş ehtiyatları 1143 min kubmetr olan və işğala qədər istismara cəlb edilən Şuşa üzlük daşı yatağı, ehtiyatları 397 min kubmetr olan kərpic-kirəmid istehsalına yararlı Keçəldağ gil yatağı, istismar ehtiyatları gündə 50 min kubmetr olan Şuşa yeraltı şirin su yatağı, müalicəvi əhəmiyyətə malik, istismar ehtiyatları gündə 60 min kubmetr və 25 min kubmetr olan Şırlan və Turşsu mineral su yataqları ermənilər tərəfdən işğal dövründə qanunsuz istismara məruz qalıb.
Şuşanın “Haça yal” adlanan sahəsində uzun illər əkilərək becərilmiş 1500-2000 ədəd palıd ağacı ermənilər tərəfindən doğranılaraq aparılıb.
Xocavənd rayonu ərazisində üzlük daşı, əhəng istehsalına yararlı Xocavənd əhəng daşı, Ağdərə rayonunda zəngin Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və onunla yanaşı 47,9 milyon ton mis yataqları və digər zəngin yataqlar ermənilər tərəfindən uzun illər qanunsuz istismar olunub. İşğal dövründə təbii sərvətlərin daha intensiv istismar olunması məqsədilə qanunsuz investisiya qoyuluşu da baş vermişdi, xarici dövlətlərdə yaşayan erməni əsilli şəxslərin yaratdıqları bir neçə şirkət Qarabağda təbii sərvətləri istismar etmək üçün xüsusi fəaliyyət göstərmişdi. Həmin dövrdə ABŞ, Kanada, Fransa, Avstraliya, İsveçrə, Livan, Rusiya və Ermənistanda yaşayan Qarabağ erməniləri tərəfindən Dağlıq Qarabağa investisiyalar qoyulurdu. Məlumatlara görə, işğal dövründə yeraltı sərvətlərin istismarı yönündə Azərbaycanın Qarabağ ərazisində 30-dan çox şirkət qanunsuz olaraq fəaliyyət göstərib, özü də dünyanın gözü qarşısında. Ermənilər Qarabağ bölgəsi ilə yanaşı, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarında da təbii sərvətləri istismar edərək məhv ediblər. Məsələn, Kəlbəcər rayonundakı Zod, Ağdərə rayonundakı Qızılbulaq və Zəngilan rayonundakı Vejnəli qızıl yataqları düşmən tərəfindən uzun illər qanunsuz olaraq istismar olunub. Erməni işğalında olan Laçın rayonunda da təbii sərvətlərin istismarı faktları kifayət qədər olub ki, bu gün biz özümüz də onların şahidi oluruq.
Onu da qeyd edək ki, 1995-ci ildən ərazisi 25 min kvadratkilometr olan Laçın meşələri qırılaraq mebel hazırlamaq üçün məhv edilib, hətta həmin dövrdə bu sənədi bir çox ölkənin deputatları və siyasətçiləri də təsdiqləyiblər. Eyni zamanda, Qubadlı rayonu ərazisində qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunub, qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılaraq məhv edilib. Kəlbəcər rayonunda dəniz səviyyəsindən 1500-2100 metr hündürlükdə bitən, hündürlüyü 25 metrə, diametri 48-120 santimetrə çatan Ayıfındığı və ya ağacvarı fındıq, Zəngilan rayonunda 107 hektar sahəyə malik Avropada 1-ci olan Şərq çinarı, qoz və digər qiymətli ağaclar ermənilər tərəfindən tamamilə qırılaraq içlik materialı kimi daşınıb. Bütün bunlar Ermənistanın Azərbaycana qarşı törətdiyi ağır cinayətlərdir ki, bunun da heç cür bəraəti yoxdur.
Azərbaycan torpaqları düşmən tapdağından azad edildikdən sonra ermənilərin Azərbaycanın təbii sərvətlərinə qarşı törətdikləri cinayət faktları daha qabarıq şəkildə görsənir. Ermənistan Azərbaycana trilyon dollarla zərər vurub. Bütün bu faktlar əsasında beynəlxalq məkhəmələr qarşısında düşmən cavab verəcək və Azərbaycana vurduğu maddi və mənəvi ziyana görə böyük həcmdə təzminat ödəyəcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Ermənistanın Qarabağın və ətraf rayonların təbii sərvətlərinə vurduğu zərərin araşdırılması və monitorinqi istiqamətində işlərə başlanıb.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.