Dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğladan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar.
50 illik yubileyini Ağcabədidə Taxtakörpü qəsəbəsində torpaqlarından didərgin düşən laçınlı köçkünlərlə keçirən Prezident İlham Əliyev 59 yaşını işğaldan azad edilən Qubadlıda, Zəngilanda əsgərlərlə bir yerdə qeyd etdi. Torpaqlarımızı düşmən tapdağından azad edən və xalqımıza, dövlətimizə zəfər bəxş edən Ali Baş Komandanın ad günü ərəfəsində Zəngilana və Qubadlıya səfər etməsinin böyük tarixi mənası, əhəmiyyəti var.
Prezident İlham Əliyev Zəngilan rayonunun Üçüncü Ağalı kəndinə səfəri zamanı deyib: “Zəngilan rayonunun gözəl mənzərəsi! Səfalı məkan! Hamısını bərpa edəcəyik. Bu da Üçüncü Ağalı kəndi. Burda görünür ermənilər yaşayıblar. Amma görün nə gündə! Nə gündə! Mən deyəndə ki, işğal edilmiş torpaqlarda ermənilər səfalət içində yaşayır, budur, bunun sübutu”.
Prezident əvvəlki dövrlərdə də bildirirdi ki, bizim ərazilərimizdə ermənilər çox ağır sosial durumdadır, onlar pis yaşayır, səfalət içindədirlər. Prezidentin illər öncə dedikləri bu gün özünü bir daha təsdiqləyir.
“Bəli, hətta öz ad günündə belə, cənab Prezidentin qəlbi Qarabağda, əsgərlərimizin yanında döyünməkdədir”
“Prezident İlham Əliyev hər zaman öz sadəliyi, eləcə də digər mühüm keyfiyyətləri ilə seçilib və bu dəfə isə öz ad gününü xanım Mehriban Əliyeva ilə birlikdə işğaldan azad edilmiş Zəngilanda, Qubadlıda keçirməsi, əsgərləri ziyarət etməsi, onlarla səmimi münasibət qurması bu qürurlu keyfiyyətlərinin təcəssümüdür”. Bu fikirləri “Bakı-Xəbər”ə “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev mövzu ilə bağlı açıqlamasında bildirib.
Onun sözlərinə görə, dövlət başçısı daha əvvəllər də öz doğum günlərini sadə vətəndaşların arasında keçirib.
“Biz xatırlaya bilərik ki, cənab Prezident bundan əvvəllər də Ağcabədidə və digər rayonlarımızda qaçqın və məcburi köçkünlər üçün salınmış yaşayış massivlərinə gedərək, ad günlərini onlarla birlikdə keçirib, məhz həmin vaxtlarda qətiyyətlə, əminliklə vurğulayıb ki, Qarabağ işğaldan azad olunacaq və onlar yaxın zamanlarda öz doğma yurd-yuvalarına geri dönəcəklər” - bildirən siyasi ekspert əlavə edib ki, artıq dövlət başçımız 44 günlük zəfər yürüşü ilə bu vədini də yerinə yetirdi, sarsılmaz iradəsi və qətiyyəti ilə torpaqlarımızı işğaldan azad etdi: “Artıq bu gün o, azad edilmiş torpaqlarımızı ziyarət edir, mənfur düşmənin 30 il boyunca talan etdiyi, dağıtdığı, daşı daş üstündə qoyulmayan ərazilərimizin müşahidəsini aparır, bu torpaqlarımızın qısa müddət ərzində dirçəldiləcəyini, ayağa qaldırılacağını vurğulayır. Bəli, hətta öz ad günündə belə, cənab Prezidentin qəlbi Qarabağda, əsgərlərimizin yanında döyünməkdədir. Bundan yalnız və yalnız fəxr duymaq olar. Biz həmin reallıqların şahidləri olaraq dövlət başçımızın bu vədlərinin də qısa müddətdə həyata keçiriləcəyini bilir və inanırıq”.
Bəhruz Quliyev digər bir məqama da toxunaraq bildirib ki, cənab Prezidentin bu addımı, əslində, hər bir dövlət məmuruna verilən mesajdır: “Baxın, Ali Baş Komandan, Prezident olaraq cənab İlham Əliyev davamlı qaydada işğaldan azad edilmiş rayon və şəhərlərimizə, qəsəbə və kəndlərimizə səfərlər edir və bununla məmurlara ismarıc yollayır ki, onlar yalnız öz vəzifə kürsülərində oturmalı deyillər, həm də daim xalqın, vətəndaşın, əsasən də əsgərlərimizin yanında olmalı, onların problemləri ilə maraqlanmalı, yerindəcə həll olunası çatışmayan cəhətləri dərhal aradan qaldırmalıdırlar. Çünki onlar dövlət məmurlarıdırlar və vəzifələrini icra etmək, məsuliyyət daşımaq dövlət və xalq qarşısındakı borclarıdır. Hesab edirəm ki, bu məsələdən artıq nəticələrin çıxarılması vacibdir”.
B.Quliyevin sözlərinə görə, doğrudan da ermənilər bizim ərazilərimizdə səfalət içində yaşayıblar, özlərinə normal bir həyat qura bilməyiblər. Özgəsinin torpağında, ərazisində firavan yaşamağın mümkün olmadığını orada yaşamış ermənilər səfalət içində olan həyat tərzləri ilə göstəriblər: “Cənab Prezident onların bizim ərazilərimizdə hansı vəziyyətdə yaşadıqlarını, səfalət içində olduqlarını dəfələrlə vurğulamışdı, bugünkü mənzərə də ölkə başçısının vaxtilə dediklərini əyani şəkildə sübut edir”.
İradə SARIYEVA