Məlum olduğu kimi, Prezident İlham Əliyev dekabrın 23-də Zəngilan və Qubadlı rayonlarına səfər edib. Dövlət başçısı səfər zamanı ermənilər tərəfindən bütün kəndlərin dağıdıldığını qeyd edib: “Düşmən bu cinayətlərə görə cavab verəcək. Bütün kəndlərimiz, tarixi abidələrimiz, dini abidələrimiz düşmən tərəfindən dağıdılıb. Bütün dünya bunu görməlidir”.
Qarabağdakı tarixi, dini abidələrin ermənilər tərəfindən dağıdıldığını dünyaya geniş formada necə çatdırmaq olar? Bu istiqamətdə nə kimi işlər aparılmalıdır?
“...sosial medianın gücündən də geniş istifadə edilməlidir”
Mövzu ilə bağlı fikir bildirən siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Qarabağdakı tarixi, dini abidələrin ermənilər tərəfindən dağıdıldığını dünyaya geniş formada çatdırmaq üçün həm dövlət, həm də qeyri-dövlət xəttindən istifadə etmək lazımdır: “Dövlət xəttilə müvafiq araşdırmalar aparılmalı, monitorinqlər keçirilməli və nəticələr hesabat şəklində beynəlxalq təşkilatlara təqdim edilməlidir. Eyni zamanda, bu işlə məşğul olan dövlətlərin müvafiq strukturlarına da hesabat göndərilməlidir. Həmçinin, hesabatlar beynəlxalq qeyri-hökumət təşkilatlarına geniş şəkildə göndərilməli və onun müzakirəsinə nail olmaq lazımdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu istiqamətdə media və ictimaiyyət tərəfindən Qarabağdakı tarixi, dini abidələrin ermənilər tərəfindən dağıdıldığını dünyaya geniş formada çatdırılmasına nail olmaq lazımdır: “Media təmsilçiləri həm ölkə daxilində, həm xaricdə bu məsələni görüntülü və yazılı şəkildə dünya ictimaiyyətinə təqdim etməlidirlər. Tarixi və dini abidələrin ermənilər tərəfindən dağıdılaraq hansı formaya salındığının foto və video görüntüsün çəkib dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Həmçinin, beynəlxalq qurumlarla çalışan QHT-lər də məlum məsələ ilə bağlı aktiv fəaliyyət göstərməlidirlər”.
A.Həsrətin sözlərinə görə, parlament təmsilçiləri də dünya parlamentlərinin müvafiq struktur vahidlərinə və deputatlara bu məsələ ilə bağlı geniş informasiya göndərməlidirlər: “Bütün bu işlərdə sosial medianın gücündən geniş istifadə edilməlidir. Unutmaq lazım deyil ki, 44 günlük Qarabağ savaşında qələbənin şərtlərindən biri də cənab Prezidentin özünün sosial mediadan düzgün istifadə etməsi oldu. Bu baxımdan hesab edirəm ki, sosial medianın gücündən də geniş istifadə edilməlidir”.
Günel CƏLİLOVA