Rusiya KİV-nin yaydığı məlumata görə, Xankəndi aeroportunun açılışı dekabrın 25-nə təyin olunub. Bu barədə “Dağlıq Qarabağ hökuməti” xəbər verib: “Aeroportun ətrafındakı ərazi minalardan tamamilə təmizlənib, aeroportun özü isə mühəndis və texniki nöqteyi-nəzərdən ştatlı iş reiminə tam hazırdır” .
Xankəndi aeroportu hələ 2012-ci ildə təmir olunmuşdu və təyyarələri qəbul etməyə hazır idi. Ancaq Azərbaycanın qarşı durması səbəbilə bu baş verməyib. Noyabr ayında üçtərəfli sazişin bağlanmasından və bölgədə Rusiya sülhməramlı əməliyyatının başlanmasından sonra vəziyyət dəyişib.
Qarabağ münaqişəsi zamanı Ermənistan bütün dünyaya informasiya müharibəsini necə apardığını göstərdi. Erməni kütləvi informasiya vasitələri və “Telegram” kanalları Azərbaycan qoşunları işğaldan azad edilmiş Şuşa şəhərində təmizlik işləri apardığı vaxt “möhtəşəm qələbələri” haqqında yazırdılar. Üçtərəfli bəyanatdan sonra Ermənistanın tamamilə məğlub olduğu üçün öz xalqını aldatmaqdan əl çəkəcəyi gözlənilirdi. Lakin reallıqda tamamilə başqa cür olurdu.
Son günlər Ermənistan mətbuatı və sosial şəbəkələrin erməni seqmenti rus sülhməramlılarının “Stepanakert aeroportu”nu açacağı barədə xəbərlər yayır. Əslində isə onlar Xocalı aeroportunu nəzərdə tuturlar. Həmçinin qeyd olunur ki, guya bu, erməni hərbi qüvvələrinin istəyi ilə Azərbaycanın iştirakı olmadan həyata keçirilir. Ermənilərin bu hava məkanından istifadə edəcəyi nə dərəcədə inandırıcıdır?
“Təsdiq olunur ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən hava limanları Azərbaycana məxsusdur”
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, bu tamamilə absurd məsələdir: “Ermənilərin ürəyindən belə arzular həmişə keçib. Hətta bu niyyətlə aeroportu əsaslı təmir də etdirdilər. Qarabağ və ətraf 7 rayon Ermənistanın nəzarətində olduğu dönəmdə belə onlar bu addımı atmağa cəsarət etmədilər. Həmin vaxt da bildirildi ki, Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində tikilən Xankəndi aeroportundan istifadə etmək hüququ yoxdur. Bütün beynəlxalq konvensiyalara da zidd olduğu üçün buna heç bir beynəlxalq təşkilat tərəfindən icazə verilmədi. Onların sırasında ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) kimi nüfuzlu təşkilat da var. İstənilən aeroportun fəaliyyət göstərməsi üçün müvafiq sənədlərin alınması və ICAO tərəfindən təsdiqlənməsi lazımdır.
İşğal zamanı Azərbaycan həmin təşkilatı aeroportdan uçuşların həyata keçirilməsinə yol verilməməsi barədə məlumatlandırıb. Torpaqlar işğaldan azad ediləndən sonra isə bu, ümumiyyətlə mümkün olmayacaq. Çünki noyabr ayında AZAL Azərbaycanın 6 hava limanının Beynəlxalq Mülki Aviasiya Təşkilatının yenilənmiş reyestrinə salınması haqqında məlumat yaydı. AZAL Xankəndidə yerləşən hava limanının da ICAO-nun yenilənmiş reyestrinə salınmasına nail olduğunu açıqlayıb. Bununla təsdiq olunur ki, işğaldan azad edilmiş ərazilərdə yerləşən hava limanları Azərbaycana məxsusdur. Artıq bu məsələ aktuallığını itirib”.
Ekspertin sözlərinə görə, Ermənistan rəhbərliyi utanmadan öz əhalisini aldatmaq yolundan əl çəkmir.
Məhəmmədəli QƏRİBLİ