Rusiya Müdafiə Nazirliyi Qarabağda son vəziyyəti açıqlayıb. Bildirilir ki, son günlər atəşkəs pozuntuları qeydə alınmayıb. Qaynar xəttə bugünə kimi 528 zəng qəbul edilib. Ermənistandan Qarabağa son 351, ümumilikdə 42718 nəfər qaytarılıb. Rus həkimləri, 101-i uşaq olmaqla, Dağlıq Qarabağda 807 erməniyə tibbi yardım göstəriblər. Ümumilikdə 262.97 hektar ərazi, 99.9 km yol, 434 yaşayış binası partlamamış hərbi sursatlardan təmizlənib. 8 618 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.
Hesabatda diqqət çəkən məqamlardan biri Qarabağa qaytarılan ermənilərin sayı ilə bağlıdır. Bu kvota dəqiq müəyyənləşibmi, yoxsa ermənilər hansı sayda istəyirlərsə o qədər ermənini Qarabağa yerləşdirəcək? Ümumiyyətlə, buna nəzarət edən bir mexanizm varmı?
“Bizdə olan məlumata görə, Rusiya sülhməramlıları prosesə o qədər də ciddi nəzarət etmir”
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu olduqca diqqətdə saxlanılması mühüm olan bir məsələdir: “Bilirsiniz ki, bütün bu proseslər “Laçın dəhlizi” vasitəsilə həyata keçirilir. Ora da tam şəkildə Rusiya sülhməramlılarının nəzarətindədir. Bu prosesin qarşısı mütləq mənada alınmalıdır. Orada ruslarla yanaşı, həm Azərbaycan ordusu, həm də Türkiyə sülhməramlıları yerləşməlidir. Bu şərt mütləq qoyulmalıdır. Bizdə olan məlumata görə, Rusiya sülhməramlıları prosesə o qədər də ciddi nəzarət etmir. Yəni Ermənistandan Qarabağa buraxılışa səthi yanaşırlar. Bundan da istifadə edən ermənilər qaçqın adı ilə Xankəndiyə müxtəlif təxribatçı elementləri sızdırırlar. Yəqin ki, gələcəkdə silahlı təxribatlar planlayırlar. Say məsələsini bir qədər şişirdillər. Çünki gördüklərindən sonra ermənilərin deyilən sayda Qarabağa qayıtması inandırıcı görünmür. Əksinə, Xankəndidə evləri olanlar həmin əmlakı satışa çıxarıb, oranı tərk edirlər. Bütün bunlara rəğmən, Ermənistanla Qarabağ arasındakı marşruta ciddi nəzarət edilməlidir və bu işi yalnız Rusiya sülhməramlıları deyil, başqaları da görməlidir. Digər tərəfdən, Xankəndiyə ermənilər qayıdırsa, onda 30 il əvvəl ordan zorla çıxarılan azərbaycanlılar da həmin şəhərə qayıtmalıdır. Tək o şəhərdən çıxarılan vətəndaşımızın sayı 12-13 min arasındadır. Həmin vətəndaşların öz ata yurdlarına qayıtmağa daha çox haqqı var, nəinki ermənilərin. Bu məsələ Rusiyanın qarşıısında qaldırılmalıdır”.
Ekspertin sözlərinə görə, ermənilər istəsələr də, ora süni köçü kütləvi edə bilməyəcək: “Hətta yerli əhalini belə tam qaytara bilməyəcəklər. Dəyişən reallıqlar erməniləri bir qədər ehtiyatlı davranışa vadar edib”.
Məhəmmədəli QƏRİBLİ