Azərbaycan ərazilərinin işğaldan azad edilməsi İranın iqtisadi fəaliyyəti üçün müsbət təsirə malikdir. Bunu İran prezidenti Həsən Ruhani hökumətin iclasında deyib. H.Ruhaninin sözlərinə görə, Qarabağ müharibəsi Azərbaycanın İranla sərhədinin işğalçılardan azad edilməsi ilə nəticələndi:
“Azərbaycan ərazilərinin işğaldan azad edilməsinin ilk müsbət təsiri İran və Azərbaycan arasında "Xudafərin" hidroqovşağı haqqında yekun anlaşmanın əldə olunmasıdır”.
H.Ruhani əlavə edib ki, tezliklə bu hidroqovşaqdan asanlıqla istifadə olunacaq. Bu hidroqovşaq İranın 120 min hektar ərazisini su ilə təmin edə bilər.
Göründüyü kimi, İran prezidenti Azərbaycanın ərazilərinin işğaldan azad edilməsinin ölkəsinin iqtisadiyyatı üçün böyük önəmə malik olduğunu vurğulayıb. Bu açıqlamadan hansı nəticələri çıxara bilərik?
“Bunun da nəticəsində blokadada olan İran iqtisadiyyatı əlavə nəfəs alacaq”
Beynəlxalq qiymətləndirmə üzrə ekspert, iqtisadçı Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ruhaninin bu açıqlaması ciddi məntiqə əsaslanır: “Çünki İranla Azərbaycan arasında dərin iqtisadi əlaqələr mövcuddur. Bunu şərtləndirən ən vacib amillərdən biri də bizim ölkələrimizin qonşu olmasıdır. Bilirsiniz ki, iqtisadi münasibətlərin inkişafına təkan verən amillərdən biri də ölkələrin bir-birilə yaxın ərazilərdə yerləşməsidir. Məlum olduğu kimi, Ermənistanın işğalı nəticəsində bizim İranla olan sərhədlərimizin əhəmiyyətli hissəsinə Ermənistan nəzarət edirdi. Bu da ölkələrimiz arasındakı iqtisadi əlaqələrin daha da genişlənməsinə ciddi mane olurdu. Təsadüfi deyil ki, məhz postmüharibə dönəminin ilk mühüm səfərlərindən birini yüksək ranqlı Azərbaycan nümayəndə heyəti məhz İrana edib. Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri zamanı mühüm razılaşmalar əldə olunub. İran Prezident Aparatının rəhbəri Mahmud Vaezi Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşdə deyib ki, İran, Azərbaycan, Rusiya, Türkiyə və Ermənistan arasında beştərəfli görüşün keçirilməsi qonşu ölkələr arasında yaxınlaşmaya, konstruktiv və faydalı regional iqtisadi əməkdaşlığın inkişafına səbəb ola bilər. İran bütün gücünü müştərək layihələrin ərsəyə gəlməsinə qoyub. O cümlədən dəmir yolu, elektrik stansiyası və su bəndlərinin tikintisi kimi layihələrin icrasının sürətləndirməsində maraqlı olduğunu bildirir. Azərbaycan və İran arasında müştərək iqtisadi əməkdaşlıq komissiyasının növbəti iclasının 2021-ci ilin yanvar ayının 21-də keçirilməsi ilə bağlı razılıq əldə olunub. Keçirilən görüşdə iki ölkə arasında elektroenergetika sahəsində əməkdaşlıq əlaqələri müzakirə edilib, həyata keçirilən layihələrin sürətləndirilməsi istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb. Azərbaycan, İran İslam Respublikası və Rusiya Federasiyasının enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə görülən işlər, o cümlədən cəlb edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması məsələləri nəzərdən keçirilib. İki ölkə arasında imzalanmış sazişlər çərçivəsində Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının, habelə “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi də nəzərdə tutulur. Bununla da hər iki ölkə Araz çayının su və enerji potensialından səmərəli istifadə edə biləcək. Eləcə də, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində elektroenergetika sahəsi üzrə aparılacaq bərpa-yenidənqurma işlərində İran şirkətlərinin iştirakı gözlənilir”.
Ekspertin sözlərinə görə, bütün bunlar Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlardan doğan məsələlərdi: “Təbiidir ki, bu layihələrin həyata keçməsi üçün heç bir əngəl yoxdur. Bunun da nəticəsində blokadada olan İran iqtisadiyyatı əlavə nəfəs alacaq. İran dilənçi kökündə olan Ermənistanla uzun illər ərzində bir neçə layihə reallaşdırmaq istədi, ancaq hamısı yarımçıq qaldı. Çünki Ermənistan özünü dalana dirəmiş ölkəydi. Ruhaninin nikbin proqnozu məhz bu amillərə əsaslanır”.
Məhəmmədəli QƏRİBLİ