“Mənim əslim İrəvan şəhərindəndir. Ailəmiz həmin şəhərdən Türkiyəyə mühacirət edib. Sizi və şanlı ordumuzu, cəsur xalqımızı Qarabağ zəfəri münasibətilə təbrik edirəm.
Sizin Azərbaycana rəhbərliyiniz dövründə müstəqilliyimizin əmin əllərdə, Vətənimizin təhlükədən uzaqda olduğunu bilirik və xoş günlərin hələ qabaqda olduğuna əminik.
Qırx dörd günlük müharibədə şanlı ordumuzla birlikdə Azərbaycan xalqının adını tarixə qızıl hərflərlə yazdınız. Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiniz, rəşadətli ordumuzun qüdrətini dünyaya tanıtdınız. Siz, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiniz. Qətiyyətinizlə düşməni diz üstə çökdürüb məzlum vəziyyətə saldınız.
Televiziya vasitəsilə Sizdən şad xəbərləri aldıqca sevinir, xoşbəxt olurduq. Sizin və hörmətli Rəcəb Tayyib Ərdoğanın qardaşlığınız bütün dünya türklərini sevindirdi. Bəzi müsəlman və ya özünü dost kimi qələmə verən ölkələr, bir sıra beynəlxalq qurumlar hər zaman olduğu kimi, yenə erməni terroruna dəstək verərək bizləri mütəəssir etdilər.
Amma Sizin əzminiz sayəsində bu terrora qalib gəldik, həm də dost və qardaş ölkələri bir daha tanıdıq, əlaqələrimiz daha dərinləşdi, daha da doğmalaşdı.
Sizə təşəkkür edir, sonsuz ehtiramımızı bildiririk.
Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!
Yaşasın şanlı ordumuz!
Qarabağ Azərbaycandır! Sizə xidmət etməyə daim hazırıq”.
Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Türkiyə Respublikasının İzmir şəhərindən Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Mülazim Paşa bildirib.
Baki-xeber.com