Bu günlərdə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib ki, Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin şirkətləri də işğaldan azad olunan ərazilərin bərpasında layihələrdə podratçılar kimi fəal iştirak etsinlər.
Ölkə başçısı bununla bağlı çağırışında bir sıra məqamlara toxunub: “Artıq yol tikintisinə dair ilk kontraktlar, digər infrastrukturla bağlı kontraktlar bağlanıb. Birinci kontrakt Türkiyə şirkəti ilə bağlanıb, ikinci kontraktı İtaliyadan olan bir şirkətlə bağlamaq planlaşdırılır. Fürsətdən istifadə edib Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər”.
Burada diqqətçəkən məqam odur ki, bərpa prosesinə böyük vəsaitin tələb olunmasına baxmayaraq, Azərbaycan kiməsə minnətçi düşüb vasait yardımı istəmir. Yəni ən yaxın dost ölkələrə də demir ki, bərpa prosesinə pul ayırın. Onları podratçı qismində dəvət edir. Ancaq bizdən fərqli olaraq, ermənilər bu kimi məsələlərdə zarıyıb pul dilənirlər.
“Büdcədə işğaldan azad edilmiş rayonların bərpasına 2,2 milyard vəsaitin ayrılması nəzərdə tutulub”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, bu, Azərbaycan dövlətinin özünə olan inamından, Prezident İlham Əliyevin nüfuz və xarizmasından irəli gəlir: “Əvvəla beynəlxalq təcrübəyə baxsaq görərik ki, müharibədən çıxmış ölkələrə beynəlxalq müstəvidə donor yardımı göstərilir. Yəni bir sıra beynəlxalq təşkilatlar bununla bağlı xüsusi konfrans çağırır və müvafiq maliyyə yardımı göstərir. Təəssüflər olsun ki, Azərbaycana münasibətdə biz beynəlxalq maliyyə qurumlarının, aparıcı ölkələrin biganə münasibətini görürük. Baxmayaraq ki, iki aya yaxındır müharibə qurtarıb, amma heç bir beynəlxalq qurum donor təşəbbüsü ilə çıxış etmir. Hansı ki, azad edilən rayonlarda ermənilər daşı-daş üstə qoymayıblar. Xüsusən də işğaldan azad edilmiş ətraf 7 rayonda bütün yaşayış məntəqələri, infrastruktur məhv edilib. Onların bərpa edilməsi olduqca böyük həcmdə vəsait tələb edir. Baxmayaraq ki, neftin dünya bazar qiyməti kəskin şəkildə aşağı düşüb, pandemiya iqtisadi fəallığa ciddi mənfi təsir edib, amma Azərbaycan bərpa işlərinə görə kimdənsə təmənnasız yardım diləmir. Gələnilki büdcədə işğaldan azad edilmiş rayonların bərpasına 2,2 milyard vəsaitin ayrılması nəzərdə tutulub. Heç şübhəsiz ki, neft gəlirləri azalmasaydı, bərpa işlərinə daha çox vəsait ayrılacaqdı. Nəzərə alsaq ki, bu işdə Azərbaycanın təcrübəsi var, o zaman mərhələ-mərhələ biz bu işin öhdəsindən gələcəyik ”.
Ekspert hesab edir ki, beynəlxalq müstəvidə yardım olsa, bu, bərpa işlərinin miqyasına müsbət təsir edəcək.
Vidadi ORDAHALLI