2021-ci ilin dövlət büdcəsindən kütləvi informasiya vasitələrinə ayrılması nəzərdə tutulan vəsaitin həcmi məlum olub. Bu, Milli Məclisə təqdim edilən “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Belə ki, Kütləvi informasiya vasitələrinin, o cümlədən “Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin, “Mir” Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətinin təmin olunması məqsədilə 2021-ci ilin dövlət büdcəsində üst-üstə 56,0 milyon manat vəsait nəzərdə tutulub. Bu da 2020-ci illə müqayisədə 6,3 milyon manat və ya 12,7 faiz çoxdur.
Görünən odur ki, pandemiyaya, neftin ucuzlaşmasına və digər çətinliklərə baxmayaraq, gələnilki büdcədə KİV üçün nəzərdə tutulan vəsaitin həcmi artırılıb. Bu da onu göstərir ki, dövlətin KİV siyasəti dərinləşir və bu sahə diqqətdən kənarda qalmır.
Maraqlıdır, bəs ekspertlər bu artımı necə dəyərləndirirlər?
“Bəzən tankın, topun cəbhədə edə bilmədiyini hansısa bir tvit edir”
Məsələyə münasibət bildirən media eksperti Azər Həsrət dövlətin KİV-ə artan diqqətini müsbət dəyərləndirdi: “Bu təkcə dövlətin KİV-ə diqqətinin artması deyil. Bunu həm də o baxımdan dəyərləndirmək lazımdır ki, Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə KİV-in gücündən maksimum istifadə etdi. Bu da öz effektini verdi. Xüsusən də xarici dillərdə yayımla məşğul olan KİV Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında müstəsna rol oynadılar. Əlbəttə ki, bu məsələdə Prezident İlham Əliyevin çoxsaylı media orqanına verdiyi müsahibələrin rolu daha böyükdür. Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında sözügedən müsahibələr müstəsna rol oynadı. Xüsusən də dövlət başçısının sosial mediadan hamımızdan daha çevik şəkildə istifadə etməsi də mühüm rol oynadı. O baxımdan, görünür, dövlət təhlillər apararaq bu qərara gəlib ki, gələnilki büdcədə KİV üçün nəzərdə tutulan vəsaitin həcmi artırılsın. Media üçün nəzərdə tutulan vəsaitin artırılması hansısa böyük layihəyə ayrılan vəsaitdən daha effektlidir. Çünki bəzən tankın, topun cəbhədə edə bilmədiyini hansısa bir tvit edir. Necə ki, müharibə dövründə cənab Prezidentin yazdığı tvitlər bunu edirdi. Deməyim odur ki, bu az şey deyil. O baxımdan KİV-ə dövlətin dəstəyinin artırılması ən uyğun və düzgün qərardır. Yəni bundan sonra ən böyük savaş əlbəttə ki, diplomatik müstəvidə aparılacaq. Çünki cəbhədə savaş dayanıb, torpaqlarımız azad edilib. Buna baxmayaraq, düşmən susan deyil. Ermənilər daha çox bizə qarşı diplomatik və media müstəvisində mübarizə aparacaqlar. Ona görə də düşünürəm ki, dövlətimiz vəziyyəti düzgün qiymətləndirib”.
Ekspert onu da qeyd etdi ki, media üçün nəzərdə tutulan vəsaitin artırılması müsbət effekt verəcək.
Vidadi ORDAHALLI