Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir. İki gün sonra 59 yaşını qeyd edəcək ölkə başçısı, demək olar ki, Qarabağ məsələsi ilə bağlı qarşısına qoyduğu bütün strateji və prinsipial hədəflərə nail olub. Bunun üçün onun 17 illik prezidentlik dövrünə nəzər yetirmək kifayətdir.
Bütün dünyada baş verən qlobal koronavirus pandemiyası fonunda Azərbaycan bu məsələdən minimum zərərlə çıxmağı bacardı. İqtisadi göstəricilərdə kəskin geriləmə müşahidə edilmədi.
2003-cü ildən indiyə kimi ordumuzun gücünə güc qatılması faktı Ali Baş Komandan kimi İlham Əliyevin daim Qarabağ məsələsini gündəmdə saxladığını göstərir. Bəziləri artıq Qarabağın unudulduğunu düşündüyü anda ölkə başçısı təmkinli siyasət yeridərək istəyinə çatdı. O hər zaman Qarabağa qayıdacağımızla bağlı vədlər verdi. Prezidentin, xüsusən cəbhə bölgəsi rayonlarına səfərləri zamanı yerli əhalidən səbrli olmalarını istəməsi, bu günün uzaqda olmadığını deməsi onun necə uzaqgörən siyasətçi olduğunun göstəricisidir. 44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun gücünü göstərməklə bərabər, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli ölkə başçısı, uzaqgörən siyasətçi olduğunu təsdiqləyən bir faktdır.
Bir sözlə, İlham Əliyev öz xalqını ürəkdən sevən, onun xoşbəxt gələcəyini düşünən və xalqı üçün misilsiz xidmətlər göstərən tarixi şəxslər sırasına öz adını böyük hərflərlə yazdı.
İlham Əliyevin həyata keçirməyi bacardığı güclü dövlətçilik konsepsiyası onun nüfuzunun artmasına hansı təsirləri göstərmiş oldu?
“Dünyanın böyük ölkələri Azərbaycanın apardığı müharibə taktikasını öyrənirsə, deməli, İlham Əliyev öz adını tarixə qızıl hərflərlə yazmağı bacarmış liderdir”
Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İlham Əliyev həm dövlətçilik missiyasını həyata keçirdi, həm də onun mədəniyyətini ortaya qoydu:
“Hakimiyyətə gəldiyi ilk gündən dərhal ordu quruculuğuna başladı. Orduya ayrılan vəsaiti ölçüyəgəlməz dərəcədə artırdı. Daha sonra isə siyasi, iqtisadi islahatları həyata keçirməyə başladı. İqtisadi islahatların yol xəritəsi müəyyənləşdi. Nəticə etibarı ilə ölkə sürətlə dəyişməyə başladı. Yeni sənaye sahələri yaradıldı. Bir sıra sahələrdə olan neqativliklər çox prinsipiallıqla aradan qaldırıldı. Prezidentin korrupsiya və rüşvətxorluğa qarşı apardığı qətiyyətli mübarizə tarixə daxil olan amillərdən biridir. Bir sıra məmurların belə əyri əməllərə görə həbsə salınması da dövlətçiliyin möhkəmlənməsi istiqamətində atılan ciddi addımlar sayıla bilər. Müharibə bitib, ancaq korrupsiya ilə mübarizə davam edir. İlham Əliyev başa düşür ki, ölkədə korrupsiyanı tam aradan qaldırmadan istənilən tərəqqiyə nail olunmayacaq. İlham Əliyevin Ali Baş Komandan kimi Vətən müharibəsinə rəhbərlik etməsi və bununla bağlı ciddi nailiyyətə imza atması onun böyük sərkərdəlik keyfiyyətindən xəbər verir. Xüsusilə də hərbi əməliyyatların həyata keçirilməsi istiqamətində seçilən zaman çox uyğun idi. Bunun üçün xüsusi istedada sahib olmalısan. Məhz bunun nəticəsidir ki, biz qısa müddət ərzində torpaqlarımızı işğaldan azad etdik. Hazırda bizim ərazi bütövlüyümüz təmin edilib. Əminəm ki, bundan sonrakı dönəmdə İlham Əliyev daha böyük uğurlara imza atacaq. Dünyanın böyük ölkələri Azərbaycanın apardığı müharibə taktikasını öyrənirsə, deməli, İlham Əliyev öz adını tarixə qızıl hərflərlə yazmağı bacarmış liderdir”.
Məhəmmədəli QƏRİBLİ