Ermənilər işğal dövründə Azərbaycan ərazilərində, sözün həqiqi mənasında, abidələrimizə, dini inanc yerlərimizə, məscidlərimizə qarşı mədəni soyqırım həyata keçiriblər. Bütün beynəlxalq konvensiyalara zidd davranışlar sərgiləyən düşmən abidələrimizi, məscidlərimizi yerlə yeksan edib.
Bildiyimiz kimi, bu günlərdə Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı işçi qrupu yaradılıb. Erməni işğalından azad edilmiş Şuşa şəhərində tarixi abidələrlə bağlı aparılan qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı aparılan ilkin araşdırmanın nəticəsi açıqlanıb.
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, Şuşa şəhərində qiymətləndirmə və inventarlaşdırma işləri ilə bağlı yaradılan işçi qrupun üzvü Faiq İsmayılov deyib ki, Şuşa şəhərində normal vəziyyətdə qalan heç bir tarix və mədəniyyət abidəsi yoxdur: “Bizim qrupun missiyası Şuşa şəhərindəki tarix və mədəni abidələrin monitorinqini keçirmək idi, o ərazilərdə olan abidələrin vəziyyətini öyrənmək və bərpaya, konservasiyaya ehtiyacı olan abidələri müəyyən etmək və bu istiqamətdə layihələndirmə işləri aparmaqdır.
Biz orada monitorinq keçirərkən çoxsaylı dağıntı gördük. 18-19-cu əsrlərə aid olan yaşayış evlərinin böyük əksəriyyətinin ancaq divarları qalıb. Dövlət qeydiyyatında olan bir çox abidəmiz sökülərək yerində müasir binalar tikilib, yəni onlar yox edilib”.
Onun sözlərinə görə, Şuşada 11 məscid tamamilə sökülərək yox edilib. 9 məscid öz formasını qoruyub saxlasa belə, tamamilə yararsız haldadır, onların bərpaya ciddi ehtiyac var.
F.İsmayılov qeyd edib ki, Şuşadakı karvansaraylarda dırnaqarası bərpa işləri aparılıb: “Amma bu işlər də yolverilməz hesab edilir. Onlar burada da erməniləşdirmə işləri aparıblar. Onlar bir az da orada qalsaydı, Şuşanın qədimliyindən heç bir əsər-əlamət qalmayacaqdı”.
“Şuşada 11 məscidin yer üzündən tamamilə silinməsi erməni faşizminin nə olduğunun sübutudur”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, Mehriban Əliyevanın rəhbərliyilə Heydər Əliyev Fondunun həyata keçirdiyi işğaldan azad edilən ərazilərimizdə, Şuşada, Ağdamda məscidlərimizin, dini abidələrimizin bərpası layihəsi təqdirəlayiqdir. Onun sözlərinə görə, Şuşada erməni vandalizminə məruz qalan dini abidələrimizin, məscidlərimizin siyahısının açıqlanması, onların hazırkı vəziyyətinin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması erməni faşizminin iç üzünü bir daha açır, bu toplumun vəhşi xislətini ortaya qoyur. “Ermənilər Azərbaycan ərazilərinə köçürülüb yerləşdirildikdən sonra onlara Çar Rusiyası böyük şərait yaratdı, münbit torpaqlarda yerləşdirdi. Hətta onların məskunlaşdırıldığı ərazilərdən yerli azərbaycanlıları da sıxışdırıb çıxararaq, onların münbit torpaqlarına sahib olurdular. Azərbaycan xalqı qədim dövrlərdən dağlı-aranlı köçəri həyatını davam etdirdiyi vaxtlarda boş qalan əraziləri də ermənilərə verirdilər, onlar Qarabağ ərazisində münbit torpaqlarda yerləşdirildilər, eləcə də ən səfalı dağlıq yerlərimizə köçdülər. Amma Azərbaycan torpaqlarından, sərvətlərindən yüksək səviyyədə bəhrələnən ermənilər buna qane olub sakit yaşamaq əvəzinə, zaman-zaman yaratdıqları daşnakyönümlü, şovinist, faşist ideologiyalı siyasi partiyaların, eləcə də qriqoryan kilsəsinin rəhbərliyi altında separatçı hərəkətlərə başladılar. Çünki ermənilər öz əzəli xislətlərinə həmişə “sadiq” qalıblar, hansı ölkənin ərazisində yaşayıblarsa, həmin ölkələrin xalqlarının əleyhinə həmişə təxribatlar törədiblər, üsyanlar qaldırıblar, çıxışlar ediblər. XX əsrin əvvəllərində isə Azərbaycanın ermənilər yaşayan ərazilərində xalqımıza qarşı əsassız narazılıqlar, iddialar ortaya çıxdı, təxribatlar artdı. Onlar hər zaman separatizmlə məşğul olublar. XX əsrin əvvəllərində terrorizmlə məşğul olan toplum kimi tanınan ermənilər Qafqazda da terrorçuluğa başladılar. Ermənilərin təhriki ilə onlarla azərbaycanlılar arasında etnik toqquşmalar da baş verirdi. Onların əsas məqsədləri isə Azərbaycan ərazilərinə iddiaları idi. Bu etnik qarşıdurmanı da ona görə edirdilər ki, azərbaycanlıları zor gücünə öz doğma torpaqlarından çıxarıb bu ərazilərə sahib olsunlar. Bu da ermənilərin bizə qarşı etnik təmizləmə siyasətidir. Bu cür çirkin, təxribatçı fəaliyyətlə uzun illər Qarabağı narahatlıq içində saxladılar, qırğınlar törətdilər. Onlar Qarabağı işğal etməklə buranı separatizm yuvasına çevirmişdilər. Ermənilər Azərbaycan torpaqlarını qanunsuz olaraq işğalda saxladıqları illərdə burada abidələrimizə, dini ocaqlarımıza, məscidlərimizə qarşı vandalizm aktları törətdilər, dünyanın ən qədim insan yaşayış məskənlərindən biri olan Azıx mağarasını silah-sursat anbarına çevirdilər. Ermənilərin bizim abidələrə qarşı törətdikləri cinayətlərin sayı-hesabı yoxdur. Şuşada 11 məscidin yer üzündən tamamilə silinməsi erməni faşizmin nə olduğunun sübutudur. Ermənilər bütün müsəlman abidələrinə qarşı vandalizm aktları törətməklə öz faşist mahiyyətlərini ortaya qoyublar. Beynəlxalq aləm, ermənilərə dəstək olan ölkələr indi görsünlər ki, Azərbaycanın dini, maddi mədəniyyət abidələri, tarixi irsimiz necə vandalcasına dağıdılıb, məhv edilib, bir çoxu yer üzündən silinib. Deyim ki, ermənilərin müsəlman abidələrinə qarşı kini yeni deyil, Sovet dövündə də gizli şəkildə müsəlman abidələrinə qarşı vandalizm cinayətləri törədiblər. İşğal dövründə isə bunu açıq-aşkar dünyanın gözü qarşısında ediblər. Bu gün torpaqlarımız işğaldan azad olunub və bu dəhşətləri gözümüzlə görürük.
Təsəvvür edin ki, ermənilər sırf türk xalqlarına, türk etnosuna aid olan və bizim eradan əvvələ aid bütün kurqanlarımızı dağıdıblar. Həmin kurqanları buldozerlərlə kürüyüb dağıdıblar və yerini əkin sahəsinə çeviriblər. Bizdə o kurqanların hamısının şəkilləri də var, amma indi onlar yoxdur, ermənilər tərəfindən yer üzündən silinib. Qarabağ ərazisində saysız nekropol, skilop tikintilərin hamısını darmadağın edib yer üzündən siliblər. Bu abidələr ermənilərin Qarabağa köçürülməsindən min illər əvvəl yaranan abidələr olub. Eramızın əvvəllərində inşa edilən müsəlman abidələrinin, məscidlərin dağıdılaraq yer üzündən silinməsi erməni vandalizminin, faşizminin göstəricisidir. Qoç daşlarını, daş heykəlləri, bütləri, at heykəllərini dağıtdılar, yox etdilər. Hətta alban xristian abidələrini də salamat buraxmadılar, onların əksəriyyətini qriqoryan kiləsinə oxşatmağa çalışdılar. Yəni alban xristian abidələrinin üzünü dəyişdirərək onları “erməni qriqoryan abidəsi” şəklinə saldılar. Bunu Şuşada, Kəlbəcərdə etdilər. Gəncəsəri, Xudavəngi, Yeliseyin qəbrinin üstünün daşını, yazısını dəyişdilər. Bütün bunların nəticəsində erməni vandalizmi bütün çərçivələri, həddləri aşıb. Ermənilər Şuşa şəhərindəki monumental abidələri, məscidləri və sairləri vandalcasına dağıdıblar. Hətta Vaqifin məqbərəsini dağıtmaqla yanaşı, qədim evləri, xan evini, Natəvanın muzeyə çevrilən evini yerlə yeksan etdilər, Azərbaycan mütəfəkkirlərinin heykəllərini avtomatla güllələdilər, təhqir etdilər. Erməni vandaliziminin həddi-hüdudu yoxdur. Ermənilər faktiki olaraq türk-müsəlman abidələrini, məscidləri dağıdıb yer üzündən siliblər. Hesab edirəm ki, əldə olunan bütün dəlillər, faktlar erməni faşizminin dəhşətli nümunələri kimi beynəlxalq təşkilatlara təqdim edilməlidir, Ermənistan bütün bunlara görə beynəlxalq hüquq qarşısında cavab verməlidir” - deyə Q.Hacıyev qeyd etdi.
İradə SARIYEVA