Qarabağdakı döyüşlərdə Azərbaycanın qələbəsi, işğal altında olan torpaqların böyük hissəsinin azad edilməsi və ermənilərin ağır məğlubiyyətə uğramasından sonra Xankəndi və onun ətrafındakı ermənilər əmlaklarını satışa çıxarıblar.
Erməni əmlak satışı saytlarının yaydığı məlumatda qeyd olunur ki, hazırda Xankəndi və ətrafında yerləşən yüzlərlə əmlak – mənzil, ev, müxtəlif kommersiya obyektləri və torpaq sahələri satışa çıxarılıb. Satışa çıxarılan obyektlərin içərisində tikilməkdə olan kiçik otel və ya hostel də var.
Qeyd edək ki, noyabrın 10-da ermənilərin məğlubiyyəti ilə nəticələnən razılaşmadan sonra satışa çıxarılan əmlakların sayı kəskin artıb. Təkcə bir satış elanları saytında noyabrın 11-dən sonra 180 mənzil, ev , obyekt və torpaq sahəsi satışa çıxarılıb. Müqayisə üçün bildirək ki, avqust və sentyabr aylarında satışda cəmi 120 əmlak vardı.
Qeyd etdiyimiz kimi, Xankəndidə daşınmaz əmlakın satışı həyata keçirilir. Ancaq onu da nəzərə almaq lazımdır ki, haqqında bəhs edilən ərazi Azərbaycan ərazisidir və Azərbaycan vətəndaşlarının əmlakıdır. Bu əmlak Azərbaycan qanunları əsasında satılmalıdır. Bəs, bu sahəyə necə nəzarət etmək lazımdır ki, əmlaklar Azərbaycan qanunları ilə satılsın?
Səməd Vəkilov: “Azərbaycan həmin ərazidə bu gün həyata keçirilən bütün mənzil alqı-satqıları ilə bağlı əsaslı tədbirlər görəcək”
Hüquqşünas, Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov bildirdi ki, tanınmamış “DQR”in verdiyi “kupça”larla heç bir alqı-satqı əməliyyatı həyata keçirilə bilməz: “Çünki sözügedən qurumun müstəqilliyini Ermənistan özü belə tanımır. Bu mənada “DQR”in tanınmayan qanunları da, bu qanunlarla verilən mənzillərin sənədləri də heç yerdə qəbul edilmir. Cənab Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, keçmiş Dağlıq Qarabağın statusundan söhbət gedə bilməz. Bu o deməkdir ki, Azərbaycan hökuməti orada bərqərar olunandan sonra həmin sənədlər etibarsız sayılacaq. Azərbaycan həmin ərazidə bu gün həyata keçirilən bütün mənzil alqı-satqıları ilə bağlı əsaslı tədbirlər görəcək. Bu mənada Xankəndi ərazisində keçmiş “DQR”in verdiyi sənədlərlə həyata keçirilən alqı-satqı əməliyyatları gələcəkdə ləğv ediləcək”.
Elnur Fərzəliyev: “Həmin ərazilər artıq Azərbaycanın nəzarətindədir və bütün sənədləşmə işləri Azərbaycan qanunvericiliyinə uyğun aparılmalıdır”
Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, bir neçə gündür ki, müxtəlif saytlarda ermənilərin işğal etdikləri ərazilərdəki evlərini satışa çıxardığının şahidi oluruq: “Satış qiymətlərinə nəzər salanda, mənzillərin qiymətlərinin fantastik dərəcədə şişirdilmiş olduğunun şahidi oluruq. Xankəndidəki mənzillərin qiymətləri hətta Sumqayıt şəhərindəki mənzillərin qiymətindən də baha qiymətə satışa çıxarılıb. Təbii ki, bu yanaşma ermənilər tərəfindən düşünülmüş bir addımdır. Reallıq budur ki, bu gün heç bir erməni həmin ərazilərdə daşınmaz əmlaka yatırım etməz. Onların əsas məqsədləri öz mənzillərini Azərbaycan hökumətinə baha qiymətlərə sataraq həmin ərazilərdən çıxıb getməkdir. Həmin ərazilər artıq Azərbaycanın nəzarətindədir və bütün sənədləşmə işləri Azərbaycan qanunvericiliyinə uyğun aparılmalıdır. Təklif edərdim ki, ilk növbədə, Şuşa şəhərində “ASAN xidmət” Mərkəzinin modul tipli bir filialı açılsın və qondarma rejimin orada yaşayan ermənilərə verdikləri bütün mülkiyyət hüquqlarını təsdiq edən sənədləşmə işləri ləğv olunaraq, sənədləşmələr Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə uyğun aparılsın”.
Günel CƏLİLOVA