İkinci Qarabağ müharibəsində istər hərbi komandanlıq, istərsə də siyasi rəhbərlik tərəfindən törədilmiş qanunsuz hərəkətlərin araşdırılması üçün Ermənistanda 882 cinayət işi açılıb.
Erməni KİV-i xəbər verir ki, araşdırmanı Xüsusi İstintaq Xidməti, Milli Təhlükəsizlik Xidmətinin İstintaq komitəsi və İstintaq şöbəsi aparacaq. Məlumata görə, onlarla şəxsə qarşı ittiham irəli sürülüb. Araşdırmalar, rusiyalı jurnalist Semyon Peqovun (“WarGonzo” layihəsinin müəllifi) hazırladığı videoreportajlar da daxil olmaqla, separatçıların rəhbəri Araik Arutyunyanın telefon danışıqları, “müdafiə ordusu”nun keçmiş komandanı, müharibə dövründə “təhlükəsizlik şurasının katibi” olmuş Samvel Babayanın müsahibəsi və digər materiallar əsasında aparılacaq.
“Paşinyan bu gedişi ilə Qarabağdakı məğlubiyyətin bütün məsuliyyətini ordunun üzərinə atmış olur”
Ermənistanda yaranmış bu vəziyyəti “Bakı-Xəbər”ə şərh edən hərbi-siyasi ekspert Ramil Məmmədlinin sözlərinə görə, bu məsələyə iki aspektdən baxmaq olar: “Bir azərbaycanlı kimi baxanda, Ermənistan ordusunda cinayət hallarının çox olması bizim xeyrimizədir. Məsələyə ümumi aspektdən yanaşdıqda görürük ki, Ermənistan ordusundakı vəziyyətin acınacaqlı olması müharibədən əvvəlki dönəmə təsadüf edir. Müharibə dönəmində isə bu daha aydın özünü göstərdi. Məlum oldu ki, Ermənistan ordusundakı münasibətlər nizamnamədən kənar formalaşıb. Bu da Ermənistan ordusunda fərariliyin və başqa cinayət əməllərinin daha çox baş verməsi ilə nəticələndi. Cinayət işlərinin açılması qeyd etdiyimiz məqamlarla bağlıdır. Ermənistan ordusundakı hazırkı vəziyyət onu deməyə əsas verir ki, yaxın zamanlarda biz kütləvi həbslərin şahidi olacağıq. Bu həbslər, demək olar ki, Ermənistan ordusunu daha da iflic hala salacaq. Siyasi hakimiyyətin ordu üzərindəki təsiri artacaq. Əslində Paşinyanın istədiyi də məhz budur. Hələ də Paşinyan ordunu öz tabeliyinə tam keçirə bilmir. Orduda Köçəryan və Sarkisyanın yüksək rütbələr verdiyi zabitlər yuxarı mövqe sahibləridir. Bunun qarşısını almaq yalnız bu yolla mümkündür. İndi Paşinyanın əlinə yaxşı şans verilib. Həm də Paşinyan bu gedişi ilə Qarabağdakı məğlubiyyətin bütün məsuliyyətini ordunun üzərinə atmış olur. Bir sözlə, Paşinyan bir güllə ilə bir neçə dovşan vurmuş olacaq”.
Ekspertin sözlərinə görə, bu prosesin məntiqi sonluğu Nikol Paşinyanın ordu üzərindəki hegemonluğunun artmasına gətirib çıxaracaq: “Təbiidir ki, Paşinyana sadiq qüvvələr orduda daha əlverişli mövqelərə yerləşdiriləcək”.
Məhəmmədəli QƏRİBLİ