Rus sülhməramlıları Dağlıq Qarabağda təhlükəsizliyin qarantı oldu. Rusiya KİV-inin verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Putin qeyd edib ki, bölgədəki dinc həyatın qaytarılması üçün sülhməramlılar özlərini risqə atır. Rusiya Federasiyasının Prezidenti ölkənin Müdafiə Nazirliyinin 2020-ci ildəki fəaliyyətini də yüksək qiymətləndirərək onun, dünyadakı çətin vəziyyətə baxmayaraq, bütün tapşırıqları peşəkar və səmərəli şəkildə yerinə yetirdiyini vurğulayıb.
Maraqlıdır, Rusiya sülhməramlıları Qarabağda özlərini risqə atırlar deməklə Putin nəyi nəzərdə tutur?
“Əgər onların komandiri Rüstəm Muradov gedib terrorbaşı olan Araik Arutyunyanla qucaqlaşırsa, onda təbiidir ki, təhlükə olacaq”
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Putinin fikirlərini müxtəlif aspektdən şərh etmək olar: “Bir faktla razılaşmaq olar ki, sülhməramlılar hazırda risqli bir yerdə xidmət aparırlar. Ancaq onlar ora həmin risqləri neytrallaşdırmaq üçün gəliblər. Missiyalarının qayəsi budur. Əgər orada özlərinə belə risq amili görürlərsə, bunun birbaşa günahkarı da məhz Rusiya sülhməramlılarıdır. Hələ ki, sülhməramlılar təhlükəsizliyin tam qarantına çevrilə bilməyiblər. Xüsusilə də, sülhməramlıların rəhbərinin attdığı addımlar bizdə məyusluq yaradır. Bölgədə risq amili yalnız ermənilərlə bağlı ola bilər. Bir neçə gün əvvəl Hadrut istiqamətində biz bunu gördük. Hələ də bölgədə ermənilərdən ibarət silahlılar varsa, deməli, risq amilini kimin yaratdığı bəllidir. Azərbaycandan Rusiya əsgərlərinə bu təhlükə ola bilməz. Biz öz ərazimizdəyik və burada təhlükəsizliyin tam təmin olmasında hamıdan çox maraqlıyıq. Yaxşı olar ki, Putin sülhməramlı kontingentin missiyasını onlara bir daha yaxşı başa salsın. Əgər onların komandiri Rüstəm Muradov gedib terrorbaşı olan Araik Arutyunyanla qucaqlaşırsa, onda təbiidir ki, təhlükə olacaq. Risqi doğuran bu amillərdir. Həmin Araik və onun kimilər uzun müddət bölgədə sülhə təhdid yaradıblar. Bu baxımdan da, Putinin dediyi risq amilini məhz sülhməramlıların özləri bəzi hərəkətləri ilə daha da inkişaf etdirmiş olurlar”.
Ekspertin sözlərinə görə, Putin bununla həm də bölgədə çətin bir missiya daşıdıqlarını dünyanın diqqətinə çatdırmaq istəyir: “Bir daha qeyd edirəm ki, sülhməramlılar öz funksiyalarını tam yerinə yetirsələr, bölgədə erməni təhlükəsi tam neytrallaşmış olar”.
Məhəmmədəli QƏRİBLİ