Ermənistanda Paşinyan əleyhinə təşkil edilən etiraz aksiyalarının effekt vermədiyinin şahidi oluruq. Bunun səbəbləri ilə bağlı aparılan analizlər göstərir ki, Ermənistanda Paşinyana qarşı hərəkat olsa da, bütün ağıllı adamlar başa düşür ki, ölkəni fəlakətə salan o yox, Serj Sarkisyan və Robert Köçəryandır. Çünki onların illərlə qurduğu ordu 44 günə məhv edildi. Paşinyan onların “tərifli” ordusuna arxayın olub müharibə etmişdi. Nəticə isə göz qabağındadır.
Qeyd edək ki, Prezident İlham Əliyev də çıxışlarında bir neçə dəfə bizim məhz Sarkisyan və Köəryan ordusuna qalib gəldiyimizi bəyan edib.
Maraqlıdır, Paşinyanın indiyədək yıxılmamasının səbəbini erməni cəmiyyətinin bu nüansı anlamasında axtarmaq olarmı? Görünür, buna görə də meydanlara çıxanlar əsl xalq yox, sadəcə, Köçəryan-Sarkisyan cütlüyünün qaraguruh dəstələridi.
“Ermənistan cəmiyyəti həm də anlayır ki, bugünkü məğlubiyyətin daha ağır məsuliyyəti Paşinyanın sələflərinin çiyninə düşür”
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan ordusu müharibə şəraitində militar və populist səhra hərbçilərinin, müharibə cinayətkarlarının formalaşdırdığı bir təsisatdır: “Dövlət idarəçilik təcrübəsi olmayan, sosial mediada becərilən diletant siyasətçi kimi, Paşınyanın hakimiyyətdə olduğu son iki ildə ordu quruculuğunda fəaliyyəti olmayıb. Bu onun heç ağlından da keçməyib. Ən əsası da, Paşınyan da hər bir erməni kimi əmin olub ki, problemlər yaranacağı təqdirdə Rusiya mütləq ona kömək edəcək. Paşınyanın ordu quruculuğu haqqında bilgiləri elə Dağlıq Qarabağla bağlı sülh danışıqlarında sərgilədiyi mövqe kimi yanlış idi.
Nikol Paşınyanın idarəçiliyi, Ermənistanın yeni hökumətinin bütün davranışları sələfləri Köçəryan və Sarkisyanın əsasını qoyduğu səriştəsiz siyasətin davamı idi. 2014 və 2016-ci illərdə Ermənistanın Qarabağ və Azərbaycanla sərhəddə etdiyi bütün eskalasiyalar onun torpaq itkisi ilə nəticələnmişdi. Köçəryan və Sarkisyanın bütün fəaliyyəti mövcud işğal faktini qoruyub saxlamağa xidmət edirdi və müxtəlif üsullarla işğalı uzatmağa hesablanmışdı.
Səriştəsiz Paşinyan daxili auditoriyanın mövqeyinin möhkəmlənməsi üçün sosial mediada yazdığı təxribatçı fikirlərinə gələn bəyənmə sayına arxayın olaraq, öncə Dağlıq Qarabağ danışıqları ətrafında ATƏT-in Minsk Qrupu çərçivəsində əldə olunmuş razılaşmalara zidd, problemin həllində tərəflərin razılaşdırdığı bəndlərin pozulması, Madrid prinsiplərinin şübhə altına alınması anlamına gələn mövqe sərgilədi.
Ardınca isə müharibə etmək iddiasına düşdü. Yəni Ermənistanın müharibədəki itkilərinin günahı tək Paşınyanda deyil, həm də onun bu sərsəm siyasətinə dəstək verən erməni cəmiyyətindədir. Nikol Paşınyan deletant siyasətçi kimi xalqın eşitmək istədiyi mesajları xalqa söyləyir, daxili və xarici risqləri nəzərə almadan bu mesajlara uyğun hərəkət edirdi. Bu siyasətin zərərli olmasını anlamaq üçün isə onun sadəcə siyasi bilgiləri və təcrübəsi çatmırdı. Ermənistan cəmiyyəti həm də anlayır ki, bugünkü məğlubiyyətin daha ağır məsuliyyəti Paşinyanın sələflərinin çiyninə düşür. Bu səbəbdən də ona qarşı siyasi aksiyalarda izdiham yox, eks-prezidentlərin bir qrup tərəfdarını görmək olur”.
Ekspertin fikrincə, məhz bu amil Paşinyanın hakimiyyətdə qalmasını təmin edir.
Məhəmmədəli QƏRİBLİ