Müharibə bir aydan çoxdur ki, başa çatıb, artıq Zəfər paradı da keçirilib. Lakin hələ də müharibəyə könüllü gedənlər və ehtiyatdan çağırılan döyüşçülər evlərinə buraxılmayıblar.
Bu arada cəmiyyətdə xoşagəlməz söz-söhbətlər də gəzir ki, hərbi hissələrdə onları buraxmaq üçün pul istəyirlər. Hətta ictimaiyyət arasında mövcud olan iddialara görə, hərbi hissələrdə onlara deyilir ki, pul verin, sizi döyüşçü yazaq və sair. Cəmiyyətdə bu kimi çirkin söhbətlər gəzib dolaşır.
Əlbəttə, bütün bu xoşagəlməz, çirkin söz-söhbətlərə son qoyulması üçün ən optimal, real yol könüllüləri və səfərbər edilənləri buraxmaqdır.
Könüllü gedən və ehtiyatdan çağırılan döyüşçüləri niyə buraxmırlar?
“Orduya mərhələli şəkildə cəlb edilən könüllülər və çağırışçılar mərhələli şəkildə də tərxis olunurlar”
Tanınmış hərbi ekspert İbrahim Rüstəmli bizimlə söhbətində bildirdi ki, könüllülərin və səfərbər edilən döyüşçülərin buraxılması prosesi vaxt tələb edir, ona görə də bu barədə gəzən söz-söhbətlər əsassızdır: “Əvvəla bu, çağırış kampaniyasıdır. Ölkəmizdə qismən səfərbərlik elan olunmuşdu. Bu gün də onlar ordudan qismən buraxılırlar. Cəmiyyətdə gəzən çirkin söz-söhbət isə qətiyyən reallığı əks etdirmir, bu, düzgün informasiya deyil. Dediyim kimi, könüllülərin və səfərbər edilənlərin də buraxılması mərhələli şəkildə həyata keçirilir. Birinci mərhələdə 1, 2, 3 uşağı olanlar ilkin növbədə ordudan tərxis olunurlar. Mənim bir qohumum var, bir qız atasıdır. Onun müvafiq sənədləri hazır olduqdan sonra onu buraxdılar.
Elə atmosfer formalaşdırmışdılar ki, guya çağırışçıları tanışlıqla, pulla buraxırlar, amma mən, birmənalı olaraq, bu informasiyaların dəqiqliyinə inanmıram. Hər kəsi də belə informasiyalara inanmamağa çağırıram”.
İ.Rüstəmli qeyd etdi ki, ola bilsin, hazırda çağırışçıların və könüllülərin buraxılması ilə bağlı tələb olunan sənədlərin hazırlanması prosedurlarında müəyyən çətinliklər mövcuddur, bu da vaxt tələb edən məsələdir: “Ola bilsin insanlar bir neçə instansiyaya müraciət etməli olurlar. Bu tərxis məsələsində ola bilsin bəzi problemlər olsun, o mənada ki, mərhələli şəkildə gedən sənədləşmə prosesi bir az vaxt aparır. Orduya mərhələli şəkildə cəlb edilən könüllülər və çağırışçılar mərhələli şəkildə də tərxis olunurlar. Yəqin çox yaxın günlərdə könüllülərin və səfərbəriklə çağırılanların hamısı buraxılacaq. Azərbaycan dövlətinə artıq şəxsi heyət lazım deyil, bu, əlavə xərcdir” - deyə İ.Rüstəmli vurğuladı.
İradə SARIYEVA