“Türkiyə Parlamenti beynəlxalq hüququn müdafiəçisi kimi çıxış etdi” - Əhliman Əmiraslanov

img

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov “Bakı-Xəbər”ə açıqlamasında deyib ki, Türkiyə Böyük Millət Məclisindəki Ədalət və İnkişaf, Cümhuriyyət Xalq, Milliyyətçi Hərəkat və İYİ partiyalarının qrupları Fransa Senatının Dağlıq Qarabağla bağlı qərəzli qətnaməsini pisləyən ortaq bəyanat yayıblar.

 

Siyasi partiyaların birgə imzası ilə yayılan bəyanatda Fransa Senatının beynəlxalq hüquqa, əxlaqa və ədalətə zidd olaraq Dağlıq Qarabağla bağlı noyabrın 25-də qətnamə qəbul etməsi şiddətlə qınanılıb. Akademik bununla bağlı bildirib:

“Bəyanatda qeyd olunub ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə əsasən Dağlıq Qarabağ Azərbaycan torpağıdır və Fransa Senatının qətnaməsi beynəlxalq hüquqa görə yox dərəcəsindədir. Dağlıq Qarabağın Azərbaycan torpağı olduğu Fransa Prezidenti EmmanuelMakron tərəfindən bir neçə gün əvvəl bəyan edilib. Qondarma “Dağlıq Qarabağ respublikası” Ermənistan tərəfindən belə tanınmadığı halda, Fransa Senatı həqiqətdən uzaq qərar qəbul edir. Türkiyə və Azərbaycan əleyhinə bu cür addımlar atanların Türkiyə Böyük Millət Məclisi və Türk milləti adından qınandığı ifadə olunub. Türkiyə bizim üçün nəyinki, hərbi-siyasi-iqtisadi cəhətdən ən yaxın strateji müttəfiqimiz həmdə dost və qardaş ölkədir. Bu bəyanatla Türkiyə Parlamenti hər dəfə olduğu kimi həm ölkəmizin haqlı mövqeyinin həm də beynəlxalq hüququn müdafiəçisi kimi çıxış etdi. Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupu adından qardaş ölkədəki həmkar dostlarıma dərin minnətdarlığımızı bildiririk. Tarixi köklərimizdən gələn və iki dövlət liderinin mökəmləndirdiyi dostluq və qardaşlığımız əbədidir”.

Hazırladı: Namiq QULİYEV

Son xəbərlər