Yüz illər keçəcək, Sizin fədakarlığınız...

“Siz güclü Ordu formalaşdıraraq, xalqı yumruq kimi birləşdirərək Azərbaycan tarixinin yeni səhifələrini yazdınız.
Yüz illər keçəcək, fəqət Sizin fədakarlığınız, Azərbaycan torpaqlarının erməni-faşist işğalçılarından təmizlənməsi uğrunda uğurlu, məqsədyönlü fəaliyyətiniz daim xatırlanacaq. Ermənipərəst ölkələrin təhdidlərindən çəkinmədən torpaqlarımızın işğaldan azad olunması sahəsində fəaliyyətinizi davam etdirdiniz. Xarici jurnalistlərə verdiyiniz müsahibələr dünyada Azərbaycan həqiqətləri, haqq işimiz barədə aydın təsəvvür yaratdı. Heç bir əsas olmadan Ermənistana havadarlıq edən dövlətlərə də layiqli cavablar verib, onları yerlərində oturtdunuz. Dünya heyrət içərisindədir. Çünki Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə hərb meydanında inanılmaz möcüzələrə imza atdı. Bütün dünya şahiddir ki, Ermənistanın baş naziri Azərbaycan Prezidenti qarşısında, erməni ordusu Azərbaycan Ordusu qarşısında son dərəcə aciz və gücsüzdür. Sizin sayənizdə torpaqlarımız işğaldan azad olundu. Sizə uğurlar, möhkəm cansağlığı, uzun ömür arzulayıram. Siz Azərbaycan xalqının iftixarı, şərəfli və ləyaqətli oğlusunuz”.
Bu sözləri Prezident İlham Əliyevə müraciətində Bakıdan Təhsil İnstitutunun elmi katibi, professor, Əməkdar müəllim Abbasov Akif qeyd edib.
Baki-xeber.com