24/11/2020 13:44
728 x 90

Prezidentin Qarabağda yol infrastrukturuna xüsusi həssaslıqla yanaşmasının səbəbləri - Şuşa-Xankəndi, Ağdam-Xankəndi...

img

“Əslində, bizim bərpa işlərimiz artıq başlanıb. Füzulidə olarkən Füzulidən Şuşaya yeni yolun çəkilişi ilə bağlı bütün müvafiq göstərişlər verilib, Prezidentin ehtiyat fondundan vəsait ayrılıb, ilkin olaraq 50 milyon manat. Ancaq bu vəsait kifayət etməyəcək.

Gələn il əlavə vəsait ayrılacaq. Mənim göstərişimlə Əhmədbəyli-Alxanlı-Füzuli-Şuşa yolu bir neçə hissəyə bölünüb. Göstəriş vermişəm, bir neçə şirkət cəlb edilsin ki, biz vaxt itirmədən və qısa müddət ərzində bu yolu çəkək. Çünki Azərbaycan vətəndaşları bilirlər ki, əvvəllər Şuşaya gedən yol Ağdam-Xankəndi yolu idi, indi isə hələlik bu yoldan istifadə etmək mümkün deyil. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda göstərilir ki, bütün kommunikasiyalar açılacaq, o cümlədən, hesab edirəm ki, Ağdam-Xankəndi-Şuşa avtomobil yolu da müəyyən müddətdən sonra açılacaqdır. Hesab edirəm ki, kommunikasiyaların açılması, eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsini birləşdirən yollar və kommunikasiyalar gələcəkdə bölgədə uzunmüddətli sülhə də öz töhfəsini verəcəkdir”. Bu fikirləri Prezident İlham Əliyev Ağdamın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciətində bildirib.

Prezident xalqa müraciətində Ağdamdan Xankəndinə çəkiləcək və təmir ediləcək yollar barədə danışdı. Bu yolların əhəmiyyəti nədir?

  • Rəşad Həsənov: “Gediş-gəlişin rahatlığının təmin olunması, gələcəkdə istehsal məhsullarının bazarlara çıxarılması, əsas iqtisadiyyata daşınması, eyni zamanda, biznesin inkişafı baxımından bu yolların çəkilməsinin mühüm əhəmiyyəti var”

Tanınmış iqtisadçı-ekspert Rəşad Həsənov baki-xeber.com-a bildirdi ki, Qarabağın işğalda olduğu dövrdə dağıdılan yol infrastrukturunun yenidən qurulmasının həm siyasi, həm sosial-iqtisadi, ticari əhəmiyyəti var: “Artıq həmin ərazilər işğaldan azad edilib və bizim nəzarətimiz altındadır. Həmin ərazilərin Azərbaycan iqtisadiyyatı ilə inteqrasiya edilməsinə və eyni zamanda da hərəkətin təmin olunmasına ehtiyac vardı. Faktiki olaraq, işğal dövründə həmin bölgədə infrastruktur tamamilə məhv edilib, dağıdılıb. Hətta ermənilərin məskunlaşdıqları yerlərdə də infrastruktur çox aşağı səviyyədə olub. Çünki onların infrastruktur yaratmaq üçün kapital qoyuluşu imkanları çox məhdud idi. Həmçinin, bu istiqamətdə müəyyən risqləri nəzərə alaraq girişlər olmayıb. Amma xüsusən də Şuşa-Xankəndi, Ağdam-Xankəndi yollarının çəkilməsi azərbaycanlıların Xankəndi ilə əlaqələrinin (çox güman ki, ermənilər bu şəhərdə kompakt şəkildə yaşayacaqlar - R.H.) müəyyən qədər daha səmərəli formada qurulması, sülhməramlıların nəzarəti ilə həmin bölgədə yerləşdiriləcək azərbaycanlıların da iqtisadi və ticari əlaqələrinin yaradılması baxımından çox əhəmiyyəti olacaq. Gediş-gəlişin rahatlığının təmin olunması, gələcəkdə istehsal məhsullarının bazarlara çıxarılması, əsas iqtisadiyyata daşınması, eyni zamanda, biznesin inkişafı baxımından bu yolların çəkilməsinin mühüm əhəmiyyəti var. Bunun həmçinin də siyasi əhəmiyyəti çoxdur. Hərbi müdaxilə edilməyən Xankəndi də daxil olmaqla,  digər yaşayış yerlərimizin Azərbaycan iqtisadiyyatı,  cəmiyyəti ilə qovuşdurulması, həmçinin, növbəti  dövrlərdə mərhələli şəkildə sülhyaratma prosesinin həyata keçirilməsi üçün də müəyyən əlverişli imkanlar yaradacaq” - deyə R.Həsənov dedi.

İradə SARIYEVA

Son xəbərlər