24/11/2020 12:57
728 x 90

Rusiya mediasından ermənilərə şok zərbə - Azərbaycan Ordusu itirdiyindın 6 dəfə çox texnika əldə etdi

Ramil Məmmədli: “Ordumuz, ümumilikdə, düşmənin minə yaxın bu və ya digər hərbi vasitəsini qənimət olaraq ələ keçirib”

img

Rusiya mediası yazır ki, Qarabağda bir aydan çox davam etmiş müharibə nəticəsində Azərbaycan Ordusu itirdiyindən 6 dəfə çox hərbi texnika əldə edib.

Sözügedən məsələ ilə bağlı qeyd edilir ki, müharibə müddətində Ermənistan 185 tank və 43 piyadaların döyüş maşını (PDM) itirib. Onlardan 66 tank və 22 PDM Azərbaycan Ordusuna qənimət kimi keçib. Bununla müqayisədə Azərbaycan yalnız 28 tank və 23 PDM, eləcə də 27 digər hərbi texnika itirib.

Erməni tərəfi 44 gün ərzində qondarma "təhlükəsizlik zona"sının (keçmiş Azərbaycan SSR-in tərkibindəki Dağlıq Qarabağ Muxtar Vilayətinin xaricindəki yeddi rayonu) demək olar ki, bütün ərazisi və 1991-ci il sərhədləri daxilində Dağlıq Qarabağın bir hissəsi üzərində nəzarəti itirdi. Bununla belə, Azərbaycan Ordusu qazandığı uğuru bir az da möhkəmləndirə və daha çox qələbə əldə edə bilərdi. Çünki Şuşa şəhərinin itirilməsi və Laçın dəhlizinin mühasirəyə alınması erməni qoşunlarının tamamilə məhvi demək idi. Lakin Rusiyanın sülhməramlı əməliyyatları sayəsində müharibə dayandırıldı. O da qeyd edilib ki, cənubda qarşı tərəfin güclü zərbə qruplaşması müşahidə olunmurdu, əməliyyat-manevr qruplarından da istifadə edilməyib. Lakin buna baxmayaraq, Azərbaycan qoşunları həmin ərazidə irəliləyiş əldə etdilər ki, bu da erməni tərəfinin effektiv idarəetmə sistemi və mobil ehtiyatlara malik olmaması səbəbindən baş verdi. Azərbaycan hərbçiləri Füzuli rayonunu və Hadrut qəsəbəsini azad etdilər, Qarabağa silah-sursat və ehtiyat tədarükü üçün nəqliyyat yollarını bağladılar.

Bütün bunlar bir daha Azərbaycan Ordusunun necə güclü və peşəkar döyüş qabiliyyətinə malik olduğunu sübut edir.

  • “Bu, ordumuzun bütün parametrlərə görə üstün olmasından, döyüş bacarığından irəli gəlir”

Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Azərbaycan Ordusunun yüksək peşəkarlığını dünyanın aparıcı ölkələri qəbul edirlər: “Hərbi əməliyyatlar başladığı ilk dəqiqələrdən ordumuz ermənilərin müdafiə xəttini yarmaq və düşmənin dərinliklərdəki eşalonlarını sıradan çıxarmaq üçün havadan zərbələr endirdi. Endirilən artilleriya zərbələrindən sonra Ermənistan ordusu müdafiə mövqelərindən geri çəkilməyə başladı. Nəticədə erməni ordusunun çoxlu sayda silah və döyüş texnikası döyüş meydanında qaldı. Ordumuzun sürətli və sistemli hücumu qarşı tərəfə imkan vermədi ki, silah və texnikasını qoruya bilsin. Ermənistan ordusu müharibənin ikinci ongünlüyündə normal vəziyyətdə olan silah və zirehli texnikaları, digər hərbi avadanlıqları qoyaraq piyada şəkildə geri çəkilməyə üstünlük verirdi. Bu onu deməyə əsas verir ki, Azərbaycan Ordusu havadan Qarabağa tam nəzarəti həyata keçirə bilib. Əlbəttə ki, bu, ordumuzun bütün parametrlərə görə üstün olmasından, döyüş bacarığından irəli gəlir. Biz hər addımda ordumuzun yüksək döyüş bacarığı nümayiş etdirdiyinin şahidi olduq. Ordumuz, ümumilikdə, düşmənin minə yaxın bu və ya digər hərbi vasitəsini qənimət olaraq ələ keçirib. Bunlara tanklar, zirehli transpartyorlar, artilleriya qurğuları və digər döyüş vasitələri aiddir. Digər tərəfdən, Azərbaycan Ordusu hərb tarixində yeni bir taktikaya imza atdı. O da ondan ibarətdir ki, piyada qoşun növlərinə aid olan xüsusi təyinatlıların ən böyük əməliyyatı Şuşanın azad edilməsi zamanı oldu”.

Ekspert onu da qeyd etdi ki, bunların hər biri Azərbaycan Ordusunun peşəkarlığından xəbər verən amillərdir.

Vidadi ORDAHALLI

Son xəbərlər