Rusiya Federasiyasının Omsk şəhərindən soydaşımız Emil Cəfərov Prezident İlham Əliyevə məktub ünvanlayıb.
“Sizi Rusiya Federasiyasının Omsk şəhərindən salamlayıram. Bu məktubu yazmaqda məqsədim bir Azərbaycanlı kimi öz səmimi duyğularımı Sizə bildirməkdir.
...Xarici dövlətdə yaşamağımıza baxmayaraq uzun illər boyu Rusiya Federasiyasında məskunlaşan mənfur qonşularımızın vətəndaşları ilə qarşılaşdıqda içimdən utancverici bir hiss keçirdi, bu hissin adı Qarabağ idi. Əslində bu hissləri hər bir Azərbaycan vətəndaşı yaşayıb. Mən bu hissləri büruzə verməsəm də, düşmənə hiss etdirməsəm də qəlbimdə böyük əzab çəkirdim. Qarabağda itirilmiş torpaqlarımız, qətlə yetirilmiş vətəndaşlarımız, körpələr, qocalar, bacı və qardaşlara edilmiş zülmlər bizi çox sarsıtmışdı. Nəhayət o gün yetişdi. 2020-ci il sentyabrın 27-dən etibarən hər şey dəyişdi. İşğalda olan şəhər, rayon, qəsəbə və kəndlərimizin Ordumuz tərəfindən ard-arda azad edilməsi xəbərlərini verdiyiniz hər çıxışınızı səbirsizliklə gözləyirdik. 30 ildən sonra üzümüzə təbəssüm bəxş etdiniz, əzmkarlıq hissini yaşatdınız. Böyük işlər gördünüz, ölkəmizi dünya səviyyəsində təmsil etdiniz. Dünyaya sübut etdiniz ki, biz birlikdə güclüyük. Azərbaycan xalqı Sizinlə qürur duyur, hər zaman yanınızdayıq. Şəxsən öz adımdan və Omsk vilayətində yaşayan bütün azərbaycanlılar adından 2020-ci il noyabrın 10-da böyük Qələbə sevincini bəxş etdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Sizə uzun ömür, cansağlığı arzulayıram. Yaşasın xalqımız və şanlı Ordumuz! Vətən uğrunda şəhid olmuş bütün qardaşlarıma Allahdan rəhmət, ailələrinə səbir diləyirəm.
Qarabağ Azərbaycandır!” - deyə soydaşımız Prezident İlham Əliyevə məktubunda yazır.
Baki-xeber.com