Məlum olduğu kimi, 44 günlük müharibədən sonra Paşinyan kapitulyasiya sənədinə ordunun təklifi ilə imza atdığını dəfələrlə söyləyib. Bununla yanaşı, Paşinyandan sonra ordu da bunu nəyə görə etdiyini bildirdi. Açıq bildirdilər ki, bunu etməsəydilər, Qarabağda hər şeyi itirəcəkdilər. Yəni Paşinyan imza atmasaydı, Azərbaycan Ordusu Xankəndi daxil bütün Qarabağ torpaqlarını azad edəcəkdi. Bundan başqa, Ermənistan 25 minlik ordusu və könüllülərini bütün silah-sursatları ilə birgə itirəcəkdi.
Bu arada Paşinyanın bu təslim aktına niyə imza atdığını Rusiya Prezidenti Putin də verdiyi müsahibəsində açıqlayıb. Faktiki olaraq, Putin Rusiyanın onları ölümdən qurtardığını dedi. Bu, artıq məsələnin hərbi tərəfidir, ancaq müharibə sonrakı bütün proseslərin də aparıcı elementidir. Paşinyanın məğlubiyyəti qəbul etməsi və Prezident Putinin onu elan etməsi cox mühüm haldır. O cümlədən, Putin "Rossiya 24" telekanalının efirində Qarabağa dair razılaşmadan danışarkən dedi ki, Ermənistanın Qarabağla bağlı hazırkı razılaşmadan imtina etməsi bu ölkə üçün intihar olardı.
Ancaq ermənilərin hiyləgərliyini və zaman-zaman cığallıq etmələrini nəzərə alsaq, qarşı tərəfin məlum öhdəliklərə əməl edəcəyinə yüz faiz zəmanət yoxdur. Baxmayaraq ki, Ermənistan məğlubiyyətdən sonra çox ağır durumdadır.
Maraqlıdır, qarşı tərəf razılaşmadan imtina etsə, Ermənistanı nə gözləyəcək? Putin bununla bağlı intihar deyəndə nələri nəzərdə tutdu?
“Dağlıq Qarabağda ermənilərin nəzarətində qalan digər əraziləri də itirəcəklər”
Məsələyə münasibət bildirən hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Rusiya Prezidenti intihar deyərkən bir sıra məsələləri nəzərdə tutur: “Birincisi, rəsmi İrəvan bundan imtina etsə, o zaman ölkədə dövlət çevrilişi baş verəcək. Fikrimcə, Putin əsas bunu nəzərdə tutur. Yəni Ermənistanda mövcud durum, vəziyyət onu deməyə əsas verir ki, ölkə çevriliş astanasındadır. Paşinyanın komandası zəifləyir, istefalar artır. Görünən odur ki, indiki vəziyyətdə Putin Ermənistanda dövlət çevrilişinin olmasını istəmir. Razılaşmaya Paşinyan imza atdığı üçün Rusiya istəyir ki, Ermənistan buna əməl etsin. İkincisi, Ermənistan razılaşmadan imtina etsə, o zaman Dağlıq Qarabağda ermənilərin nəzarətində qalan digər əraziləri də itirəcək. Çünki bu ölkənin hərbi gücü yoxdur ki, Azərbaycan Ordusunun hücumlarının qarşısını alsın. Bu zaman digər ərazilərin də hərb yolu ilə azad olunması prosesi başlayacaq. O zaman Ermənistanı hansı məğlubiyyətin gözlədiyini və bunun nəticəsində ölkənin necə bir xaosa yuvarlanacağını təsəvvür etmək çətin deyil. Ona görə də Kreml Ermənistanın belə bir vəziyyətlə üzləşməsini istəmir. Nə qədər olmasa da, Ermənistan Rusiyanın müttəfiqidir. Ermənistan Avrasiya İttifaqında, KTMT-də təmsil olunur”.
Hərbi ekspert onu da vurğuladı ki, hələlik Rusiya Ermənistanda növbəti təlatümlərin baş verməsində maraqlı deyil.
Vidadi ORDAHALLI