Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən, Füzuli və Cəbrayıl şəhərlərinə səfər ediblər.
Əslində, dövlət başçısı, müzəffər Ali Baş Komandanımızın müharibə ab-havası hələ soyumamış ərazilərə bu səfəri əsl cəsarət nümunəsidir. Ancaq Prezident İlham Əliyev həmişə olduğu kimi, yenə də öz qələbə sevincini xalqla bölüşmək üçün bütün təhlükələrə rəğmən, Füzuli və Cəbrayıl rayonlarına səfər etdi. Bir daha göstərdi ki, həmişə xalqının yanındadır, onun sevincinə şərikdir, dar günlərində işığa aparan bələdçisidir. Bu, şanlı Qələbədən sonra Prezident İlham Əliyevin bölgələrə ilk səfəridir və təəccüblü deyil ki, dövlət başçısı məhz işğaldan azad edilmiş torpaqlara getdi.
Prezidentin işğaldan azad edilən ərazilərə səfəri xarici medianın diqqətindən yayınmayıb. Xarici media birinci xanımın Füzuli və Cəbrayıl rayonlarına səfəri barədə silsilə materiallar yerləşdirib.
Özbəkistanın “qalampir.uz” və “aniq.uz” portalları öz səhifələrində Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən, Füzuli və Cəbrayıl şəhərlərinə səfəri ilə bağlı özbək dilində məqalələr yerləşdiriblər.
Saytlar bildirir ki, Prezident İlham Əliyev ermənilər tərəfindən dağıdılan Füzuli şəhərində Azərbaycan bayrağını qaldırıb. Deyilir ki, yalnız Füzuli deyil, işğaldan azad edilən Zəngilan, Qubadlı və Cəbrayıl şəhərləri və kəndlər də yerlə-yeksan edilib, bütün infrastruktur dağıdılıb.
Yazılarda bildirilir ki, sonra Prezident İlham Əliyev Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Araz çayının sahilində gəziblər, Xudafərin körpüsünün önündə xatirə şəkilləri çəkdiriblər.
Türkiyə kütləvi informasiya vasitələri (KİV) noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən, Füzuli və Cəbrayıl şəhərlərinə səfərləri barədə geniş məlumatlar yaymaqda davam edirlər.
Türkiyə mediası, həmçinin, Prezident İlham Əliyevin işğaldan azad olunan torpaqlarda olmasını Qarabağa Qələbə səfəri kimi dəyərləndirib. Telekanallar da bu səfərlə bağlı geniş reportajlar yayıblar. Müzəffər ordunun qazandığı Qələbədən sonra Azərbaycanda ruh yüksəkliyi və işğalçı Ermənistandakı ictimai-siyasi gərginlik müqayisəli şəkildə təhlil olunur.
“İşğaldan azad edilmiş ərazi tam təhlükəsiz deyil, belə bir ərəfədə dövlət başçısının cəsarətlə o ərazilərə səfər edərək…”
Xarici mediada birinci xanımın Füzuli və Cəbrayıl rayonlarına səfəri barədə silsilə məlumatların yayılması barədə fikir bildirən media eksperti Azər Həsrət qeyd etdi ki, Azərbaycanda baş verən bütün hadisələr dünya mediasının diqqət mərkəzindədir: “Ümumiyyətlə, Prezident İlham Əliyevin səfərləri, müsahibələri də xarici medianın diqqətindədir. Cənab Prezidentin Qarabağa səfər etməsi, istər-istəməz, dünyanın diqqətini cəlb etməli idi. Məlumdur ki, işğaldan azad edilmiş ərazi tam təhlükəsiz deyil. Belə bir ərəfədə dövlət başçısının cəsarətlə o ərazilərə səfər edərək dostluq mesajı verməsi xarici medianın marağına səbəb oldu”.
Günel CƏLİLOVA