“Beynəlxalq hüquqa əsasən Qarabağ həmişə Azərbaycanın ayrılmaz hissəsi olub”. Məlum olduğu kimi, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. O qeyd edib ki, KTMT bu münaqişəyə müdaxilə edə bilməzdi. Çünki heç bir dövlət Ermənistana hücum etməyib.
Rusiya Prezidentinin sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması üzrə vasitəçi missiyasını üzərinə götürüb, hər iki ölkənin liderini dinləyib və onlarla növbə ilə əlaqə saxlayıb.
Ümumilikdə, Putinin Dağlıq Qarabağın həmişə Azərbaycana aid olması ilə bağlı səsləndirdiyi fikir çox önəmlidir. O mənada ki, Rusiya Prezidentinin bu mövqeyi həm tarixi, həm də hüquqi kontekstdə ermənilərin Dağlıq Qarabağ manipulyasiyasını onların əlindən alır. Bununla ölkəmizin beynəlxalq hüquqa əsaslanan özünümüdafiə haqlarını qəbul edir və əslində, həm də BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, təcavüzə qarşı özünün seçdiyi müttəfiqlərlə birlikdə suveren hüquqlarını bərpaetmə haqlarının olduğunu deyir.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər? Putinin bu bəyanatının nə kimi əhəmiyyəti var?
“...Paşinyanın karyerasına nöqtə qoyulur”
Məsələyə münsibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, Putinin Qarabağla bağlı belə yanaşması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir: “Vladimir Putinin Rusiya kanallarına verdiyi müsahibəsində belə bəyanatla çıxış etməsi Azərbaycanın maraqlarına cavab verir. Bunun mənası odur ki, Rusiya Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, məsələnin bir tərəfi. Məsələnin digər tərəfi ondan ibarətdir ki, bütün bunlar Ermənistan üçün müəyyən dərs olmalıdır. Onlar bütün bunlardan ciddi nəticə çıxarmalıdırlar. Onlar uzun illərdir Azərbaycana yönəlik ərazi iddiaları ilə çıxış edirlər. Putinin bu açıqlaması, bir növ, bunların üstündən xətt çəkir. Eyni zamanda, sözügedən məsələdə digər reallıq da ondan ibarətdir ki, məlum açıqlama Paşinyanın hakimiyyətdə qalma müddətini qısaldır. Hesab edirəm ki, Rusiya Prezidentinin bu mövqeyindən sonra Paşinyana qarşı çıxış edən qüvvələr daha da aktivləşəcəklər. Necə deyərlər, Qarabağ ətrafında yaranan mövcud vəziyyətə görə bütün günahı Paşinyanın üstünə yıxacaqlar. Çünki proseslərin bu həddə gəlib çıxmasında onun daşıdığı məsuliyyət həddən artıq böyükdür. Çünki Ermənistanda müəyyən qüvvələr hesab edirlər ki, Paşinyanın bir sıra ağılsız hərəkətləri və apardığı siyasət onların məğlub olmasına gətirib çıxardı. Putinin “Dağlıq Qarabağ Azərbaycanın torpağıdır” deməsi o deməkdir ki, Paşinyanın karyerasına nöqtə qoyulur”.
Politoloqun fikrincə, Paşinyanın siyasi iflası qaçılmazdır.
Vidadi ORDAHALLI