Ermənistanın 44 günlük Vətən müharibəsində məğlub olması bu ölkənin ordusu və bəzi siyasiləri haqqında uydurulan mifləri tamamilə darmadağın etdi. Uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlayan və ərazilərimizdə qan donduran cinayətlər tördən Ermənistanın keçmiş və indiki rəhbərliyi ciddi psixoloji sarsıntılar içində çırpınır. Özlərini “qəhrəman, yenilməz şəxslər” kimi qələmə verən bu adamlar indi gizlənməyə bir yer axtarırlar.
“Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik”. Bunu Prezident İlham Əliyev noyabrın 16-da işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı deyib.
Dövlət başçısı bildirib: “Biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi, sadəcə olaraq, fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?! Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik. Əgər kapitulyasiya aktı Ermənistan tərəfindən imzalanmasaydı, özləri bilirlər nə ilə qurtaracaqdı bu müharibə. Bax, budur bizim gücümüz, budur bizim birliyimiz. Dəmir yumruq sizin başınızı əzdi və bundan sonra artıq heç kim bizimlə ultimatum dili ilə danışmayacaq. O cümlədən rəzil vəziyyətdə olan Paşinyan, bizə yeddi şərt irəli sürdü, başına vurduq bütün o şərtləri. Nə oldu o şərtlər? Mənim bir şərtim var idi, rədd ol, çıx get və o şərtə əməl edildi. Güc hesabına, birlik hesabına, igidlərimiz hesabına, şəhidlərimiz hesabına...”
“Ermənistan öz imzası ilə özünü ifşa etdi”
“Səs” media qrupunun rəhbəri, siyasi şərhçi Bəhruz Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza səfər çərçivəsində etdiyi çıxışlarda bir sıra vacib nüanslara toxundu: “Cənab Prezident göstərdi ki, 44 günlük müharibə dövründə verdiyi müsahibələrdə, etdiyi çıxışlarda səsləndirdiyi bütün fikirlər, Ermənistana dəstək verən bəzi dövlətlərə çatdırdığı mesajlar qüvvədədir və işğaldan azad edilmiş rayonlarımızda etdiyi çıxışlarla bunu bir qədər də möhkəmlətdi. Ümumiyyətlə, Ermənistanın kapitulyasiya aktını imzalaması düşmənin, birmənalı olaraq, döyüş meydanında məğlubiyyətidir. Ermənistan öz imzası ilə özünü ifşa etdi. Digər tərəfdən, bu, döyüş meydanında Ermənistanı dəstəkləyən dövlətlərin, qüvvələrin, beynəlxalq təşkilatların dondurduğu münaqişənin nöqtəsidir. Kapitulyasiya aktı bir tərəfdən də Ermənistanın keçmiş və indiki hərbi-siyasi rəhbərliyinin - Koçaryanın, Sarkisyanın, Paşinyanın Azərbaycan xalqının başına gətirdiyi faciələrin, soyqırımların bədəlinin bu cinayətkarlar tərəfindən ödənilməsidir. İkinci tərəfdən, Ermənistan öz dili, öz imzası ilə işğalçı dövlət olduğunu təsdiqləyib. Paşinyan imzası ilə təsdiqlədi ki, rəhbərlik etdiyi dövlət işğalçıdır. İşğalçı dövlət beynəlxalq məhkəmələr qarşısında cavab verməyə məhkumdur. Paşinyan, həmçinin, əsgərlərini tam olaraq məhv olmaqdan xilas etmək üçün təslimçilik aktını imzaladı. Onun təbii ki, bu kapitulyasiya aktına imza atmasının əsas səbəbi Azərbaycan Ordusunun döyüş meydanında tam qələbəsidir. Amma bunun siyasi tərəflərini qeyd etməliyik. Bu, Azərbaycanın indiyə qədər Ermənistana rəhbərlik edənlərin apardığı faşizm siyasətinin və Ermənistanı dəstəkləyən xarici qüvvələrin üzərində tam qələbəsidir. Ermənistana dəstək olan qüvvələr uzun illər bu münaqişəni dondurmuşdular və mənasız, məzmunsuz danışıqlarla baş qatmaq istəyirdilər”.
B.Quliyevin sözlərinə görə, Paşinyan hakimiyyətə gəldikdən sonra öz davranışları ilə Ermənistanın işğalçı simasını tam olaraq açıb ortaya qoydu. “Hətta Paşinyan iddia etdi ki, siz bunu mənimlə yox, qondarma rejimin saxta “rəhbərliyi” ilə müzakirə edib yoluna qoyun. Paşinyan elə zənn edirdi ki, danışıqlar uzanacaq və bu problemin hərbi həlli yoxdur. Beynəlxalq təşkilatlar da, bəzi qüvvələr də belə düşünürdülər. Amma cənab Prezident öz qətiyyəti ilə sübut etdi ki, münaqişənin hərbi həll yolu da var. Cənab Prezident bununla Ermənistanın keçmiş və indiki rəhbərliyinə dərs verdi və onların özləri haqqında uydurduqları və dövriyyəyə buraxdıqları mifləri tamamilə məhv etdi. Artıq Xocalı soyqırımını törədən cinayətkar Koçaryanla, Sarkisyanla bağlı erməni cəmiyyətində formalaşdırılan “qəhrəman” obrazı, mifi dağıdılıb. Ona görə cənab Prezident dedi ki, gedin taxdığınız dəmir-dümürü atın, sizi biz məğlub etmişik. Məğlub ölkənin keçmiş və indiki hərbi-siyasi rəhbərliyinin yalandan dəmir-dümürü yaxasına taxmasının heç bir mənası yoxdur, bu onları daha da gülməli vəziyyətdə göstərir. Digər tərəfdən də Ermənistan müharibədə məğlub olduğuna görə orada hərbçiləri kütləvi şəkildə həbs edirlər. Paşinyan bu məğlubiyyətin məsuliyyətini öz üzərindən hərbçilərin üzərinə atır, bunu da öz hakimiyyətini qoruyub saxlamaq üçün edir. O bunun üçün müxtəlif qurumların rəhbərliyini, hərbiyə rəhbərlik edən şəxsləri məcburi istefaya göndərir, barələrində cinayət işləri açdırır, həbs etdirir. Paşinyan döşünə orden-medal asdığı hərbçiləri bu gün məğlub kimi həbslərə göndərir. Bütün bunlar da erməni xalqının etirazına səbəb olub. Çünki erməni xalqı həm Koçaryan, həm Sarkisyan, həm də Paşinyan tərəfindən uzun illər uydurma miflər yaratmaqla aldadılıb. Xalq artıq aldanıldığını bilir. Çünki xalqı davamlı olaraq aldatmaq olmazdı, nə vaxtsa miflər dağılmalı və həqiqət üzə çıxmalı idi. Erməni xalqının gözündə Ermənistanın “güclü ordu” və “güclü hərbi-siyasi rəhbər” mifini Azərbaycan Ordusu dağıtdı. Bu mif dağılmalı və saxta yollarla asılmış medalların, o medalları daşıyan “qəhrəman”ların məğlubiyyətini erməni xalqı aydın görür, eyni zamanda da dünya buna şahidlik edir. Düşünürəm ki, ən nəhayət, erməni xislətinə xas olan hiyləgərliyi, məkri, simasızlığı, terrorçuluğu öz dövlət siyasətinə çevirən Ermənistanın qonşu ölkələrə qarşı səsləndirdiyi ərazi iddiaları, həyata keçirdiyi işğalçılıq siyasəti, etnik təmizləmə, soyqırım aktları və bütün bunlara rəhbərlik edən Koçaryanların, Sarkisyanların, Paşinyanların insanlığa qarşı törətdikləri cinayətlər bütün beynəlxalq aləmə də, erməni xalqına da məlum oldu” - deyə B.Quliyev vurğuladı.
İradə SARIYEVA