Qarabağda məğlubiyyətə görə Ermənistan ordusunda həbslər başlayıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin İtkin düşmüş və əsir götürülmüş şəxslərlə iş üzrə komitəsinin sədri polkovnik Vitali Voskanyan bildirib.
Onun sözlərinə görə, Qarabağda döyüşlərdə erməni hərbi qulluqçularının ölümünə səbəb olan zabitlər arasında həbs olunanlar var: "Günahsız yerə hərbçilərin ölümünə səbəb olan hərəkətlərdə iştirak edən hər kəs qanunun sərtliyi ilə cəzalandırılacaq. Artıq həbs olunanlar var”.
Ermənistan MN-in rəsmisi qeyd edib ki, Cəbrayıl istiqamətində hərbi hissənin zabitləri barəsində cinayət işi başlanıb, cinayət işi çərçivəsində kifayət qədər dəlil toplanıb.
O, bir sıra şəxslərə qarşı cinayət işinin başladıldığını və bu şəxslərin bəzilərinin əməllərində cinayət tərkibinin olduğunu vurğulayıb: "Topladığımız bütün materiallar İstintaq komitəsinə göndəriləcək”.
“Düşmən ölkənin məsul şəxsləri orduda baş verən çatışmazlıqları da bir-birinin üstünə atmaqla məsuliyyətdən yayınmaq istəyirlər”
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistan ordusunda problemlərin baş qaldıracağı gözlənirdi: “Vaxtilə Ermənistanın müdafiə naziri çox yuxarıdan gedirdi, həqiqətə uyğun olmayan iddialar irəli sürürdü. Tarixə nəzər salsaq görərik ki, onların heç vax mükəmməl ordusu olmayıb”.
QAT sədrinin sözlərinə görə, Ermənistan ordusunda həbslərin olması da gözlənirdi. Ümumiyyətlə, düşmən ölkənin məsul şəxsləri orduda baş verən çatışmazlıqları da bir-birinin üstünə atmaqla məsuliyyətdən yayınmaq istəyirlər: “Bu günlərdə hərbi cani Araik Arutunyan etiraf etdi ki, 1500 erməni əsgəri onlarla Azərbaycan hərbçisinin gücündən qorxub geri çəkilməli olub. Ermənistan ordusu döyüş hazırlığı ilə yanaşı, psixoloji tərəfdən də müharibəyə hazır deyildi. Müharibəni döyüş texnikası deyil, insanlar ruhən əldə edirlər. Qələbəyə əmin olduqdan sonra zəfər mütləqdir. Qarabağ müharibəsi Ermənistanın ordu quruculuğuna son qoydu”.
Günel CƏLİLOVA