Birləşmiş Millətlər Təşkilatının nəzdində fəaliyyət göstərən Dünya Ərzaq Proqramı 2021-ci il üçün narahatedici proqnozla çıxış edib. Bu barədə bu ilə Nobel sülh mükafatına layiq görülmüş qurumun rəhbəri David Beasley açıqlama verib. “Associated Press”ə açıqlamasında David Beasley gələn il dünya ölkələrində ərzaq qıtlığının yaşanacağını deyib.
“Nobel sülh mükafatını alarkən çox sevincli idik. Hamı hesab edirdi ki, bütün çətinliklər 2020-ci ildə qaldı. Amma belə deyil. 2021-ci il yola salmaqda olduğumuz 2020-ci ildən daha pis olacaq. Qıtlığı aradan qaldırmaq üçün milyardlarla dollara ehtyac var” - deyə D.Beasley bildirib.
BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndəsi xüsusi olaraq Ermənistanın ərzaq və kənd təsərrüfatının inkişafına öncül diqqət ayırmasının vacib olduğunu bildirib. Qeyd edilib ki, Ermənistan ərzaq və kənd təsərrüfatının inkişafına diqqət ayırmasa, vəziyyət daha da pis ola bilər. Artıq Ermənistanda ərzaq qıtlığı yaşanır. Pandemiya və müharibə Ermənistan iqtisadiyyatını sarsıdıb.
“Ermənistanda illərdir yığılıb qalan problemlərin fəlakətə çevrilməsi təhlükəsi ortaya çıxıb”
Maliyyə eksperti Azad Həsənlinin sözlərinə görə, yaxın gələcəkdə Ermənistan kənd məhsullarının qıtlığı kimi ciddi problemlə də üzləşə bilər: “Belə ki, əksər kənd bitkisinin becərildiyi zəmilərin neçə ildir azaldığı bu ölkə əvvəlcə koronavirus epidemiyası, sonra da işğal etdiyi torpaqları itirməsi üzündən böhranı daha erkən “qarşılamalı” olur.
BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) noyabr ayının əvvəllərində keçirilən Avropa regional konfransında vurğulandığı kimi, Ermənistan ərzaq və kənd təsərrüfatının inkişafına öncül diqqət ayrılmasının vacib olduğu ölkələrdəndir. FAO-nun hesabatlarında mütəmadi olaraq göstərilən problemlər həll olunmamış qalır, halbuki, kənd təsərrüfatı Ermənistanda ən mühüm sektorlardandır. Həmin sahənin payına ölkə ÜDM-nin 2015-ci ildə 17 faizi düşürdüsə, hazırda bu, 12 faizə yaxındır. Mövcud çətinliklər sırasında fermer təsərrüfatlarının kiçik həcmi (orta sahələri 1,4 ha-dır), habelə kənd təsərrüfatı sahəsində ixtisaslı tədris proqramlarının olmaması, sektora ayrılan maliyyənin azlığı göstərilir. Həmçinin, ölkədə kənd təsərrüfatı üçün gübrə, kimyəvi maddələr, baytarlıq dərmanları istehsalı yox dərəcəsindədir. Kənd təsərrüfatının inkişafına dair hazırlanan proqramların isə ümumi sözlərdən ibarət olduğu, yəni konkret göstəricilər, vəzifələrin həlli üçün tarixlər göstərilmədiyi bildirilir. Bu proqramlar ümumölkə yox, ayrı-ayrı problemlərə aiddir. Bundan əlavə, maliyyə azlığı, şəffaf mexanizmlərin tətbiq olunmaması, aidiyyəti dövlət qurumlarının səlahiyyət və texniki imkan kasadlığı da kənd təsərrüfatı sahəsində dövlət siyasətinin icra olunması üçün əngəl yaradan amillərdəndir".
Həmsöhbətimiz onu da əlavə etdi ki, Ermənistanda illərdir yığılıb qalan problemlərin fəlakətə çevrilməsi təhlükəsi ortaya çıxıb: "Ermənistan Dövlət Statistika Xidmətinin məlumatına görə, 2015-2019-cu illər ərzində əsas kənd bitkilərinin becərildiyi sahələr 337,5 min ha-dan 227,9 min ha-dək, o cümlədən, kartof sahələri 27,8 min ha-dan 20,5 min, tərəvəz 28,4 mindən 20,4 min, qovun 6,8 mindən 4,3 min, üzüm 17,3 min ha-dan 16,5 min ha-dək geriləyib. Yalnız meyvə bağlarının sahəsi 40,3 min ha-dan 43,4 min ha-dək artsa da, məhsuldarlığı artmadı. Məhsuldarlığa gəlincə, göstərilən müddət ərzində, məsələn, kartof istehsalı 607,7 min tondan 404,1 min tona, tərəvəz 1.007,6 min tondan 621,6 min tona, meyvə isə 377,1 min tondan 290,6 min tonadək geriləyib".
Günel CƏLİLOVA