Ermənilər indi də bütün ümidlərini ABŞ-dakı prezident seçkilərinin nəticəsinə bağlayıblar.
Amerikanın yeni prezidenti seçildiyinə şübhə olmayan Cozef Baydenin erməni lobbisi ilə əlaqələri sirr deyil. Bayden 1990-cı illərin əvvəllərində Konqresdə Azərbaycana qarşı qəbul edilən ədalətsiz “907-ci düzəliş”in müəlliflərindəndir. Bayden seçki kampaniyası zamanı da Azərbaycan əleyhinə müxtəlif açıqlamalar verib. Ona görə də ermənilər ümid edirlər ki, Cozef Bayden Ermənistana dəstək verəcək, müharibənin gedişatında az qala ermənilərin xeyrinə dönüş yaradacaq. Ermənilərin bu gözləntisi özünü doğrulda bilərmi?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ dərin dövlətçilik ənənələrinə malik ölkədir: “Orada prinsipial məsələlərin həlli bəzən prezidentin şəxsi istəyinə uyğun həyata keçirilmir. Bu məsələdə prezidentlərin istəyindən daha çox ABŞ-ın milli, dövləti maraqları nəzərə alınır. Bayden ABŞ siyasətində yeni fiqur deyil. O, 2008-2016-cı illərdə ABŞ-ın vitse-prezidenti olub. Həmin dönəm ərzində də ABŞ-ın Azərbaycana münasibəti dəyişməz qalıb. Məlumdur ki, ABŞ-da prezidentliyə bütün namizədlər sayı nisbətən çox olan erməni diasporunun səslərini qazanmaq üçün, onların maraqlarına uyğun çıxışlar edirlər. Bayden də belə məzmunda xitablar edib. ABŞ-ın sabiq prezidentlərindən biri Barak Obama da prezident seçiləcəyi təqdirdə “erməni soyqırımı”nı tanıyacağını vəd etmişdi. Barak Obama prezident seçildikdən sonra “erməni soyqırımı”nı tanımadı. Həmin hadisələri tarixdə baş verən “faciə” kimi dəyərləndirdi. Baydenin Dağlıq Qarabağla bağlı son yanaşmaları heç də ermənilərin marağına uyğun deyil. Çünki onlar nəinki Dağlıq Qarabağdan, heç ətraf 7 rayondan belə xoşluqla çıxmaq istəmirlər. Bir faktı da qeyd edək ki, ABŞ təkcə erməni diasporundan ibarət deyil. Birləşmiş Ştatlarda məsələlərə obyektiv baxan dairələr var. Bu gün Azərbaycanın uğurla öz ərazi bütövlüyünü təmin etməsi beynəlxalq hüquqa əsaslanır. Azərbaycan ərazi bütövlüyünü təmin edəndən sonra Dağlıq Qarabağdakı erməni icmasının yaşamasına da şərait yaradacaq. Bütün bunlar xaricdə müəyyən dairələr tərəfindən maraqla qarşılanır. Baydenin prezidentliyi təsdiqlənərsə, o, reallığa uyğun olaraq öz siyasətini aparacaq. Bu gün Bayden Ermənistanı müdafiə edərsə, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alarsa, o zaman Türkiyə ilə çox ciddi problemləri yaranar ki, bu da ABŞ-ın maraqlarına uyğun deyil”.
Müsahibimiz sonda bildirdi ki, ABŞ-da prezidentin inauqurasiya mərasimi gələn il yanvarın sonlarında keçiriləcək: “Mən düşünmürəm ki, yanvarın sonuna qədər Ermənistan Dağlıq Qarabağda bizim qabağımızda duruş gətirə bilsin. Ona qədər biz işğalçıları tam olaraq ərazimizdən çıxaracağıq”.
Göründüyü kimi, ermənilərin bu gözləntiləri də onlara müsbət nəsə vəd etmir.
Məhəmmədəli QƏRİBLİ