Məlumdur ki, münaqişə nəticəsində bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, 20 mindən çox insan həlak olub, 50 min nəfər yaralanıb və ya əlil olub, 4 mindən çox azərbaycanlı itkin düşüb.
1993-cü ilin 30 aprel, 29 iyul, 14 oktyabr və 12 noyabr tarixlərində BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına cavab olaraq 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edib. BMT Təhlükəsizlik Şurasının sözügedən qətnamələri Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiqləyib. Bu qətnamələr erməni işğalçı qoşunlarının Azərbaycanın bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir, qaçqın və məcburi köçkünlərin geri dönmələrini təmin etməklə, regionda qarşılıqlı əlaqələrin bərpasına çağırır. Lakin əfsuslar olsun ki, işğalçı Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyib, ATƏT-in Minsk Qrupuna üzv həmsədr dövlətlərin – ABŞ, Fransa və Rusiyanın iştirakı ilə aparılan sülh danışıqlarında qeyri-konstruktivlik nümayiş etdirib. Bununla yanaşı, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində beynəlxalq hüququn əksinə olaraq infrastruktur qurub, o cümlədən, avtomobil yolları çəkərək qanunsuz məskunlaşdırma siyasəti həyata keçirib.
Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti həyata keçirən Ermənistan 2020-ci ilin sentyabr ayında xüsusilə Livandan olan ermənilərin bu torpaqlara köçürülməsi siyasətini həyata keçirməyə başladı. Həmin vaxt sosial şəbəkələrdə Livandan olan ailənin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik olan Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayıldı.
Ermənistan işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşdırma siyasəti ilə, faktiki olaraq, həmin insanları özünün məsuliyyətsiz, avantürist siyasətinin qurbanına çevirirdi.
Rəsmi Bakı dəfələrlə vurğulamışdı ki, işğal olunmuş ərazilərdə həyata keçirilən qanunsuz məskunlaşdırma siyasətinin heç bir qüvvəsi yoxdur və Azərbaycan onun nəticələrini tanımır.
Məsələ ilə bağlı fikir bildirən millət vəkili Pərvin Kərimzadə qeyd etdi ki, tarixən təcavüzkar Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz məskunlaşma, eləcə də demoqrafik strukturu süni şəkildə dəyişdirmək siyasətini həyata keçirməklə bugünkü faşist ideologiyasına xidmət edən dövləti yaradıb. Təbii ki, Livan ermənilərinin Azərbaycanın hazırda hərbi işğal altında olan Dağlıq Qarabağ və ətraf bölgələrinə köçürülməsi işğalçı Ermənistanın məkrli planının bir hissəsidir: “Livanda, Beyrutda baş verən partlayışdan, insanların fəlakətlərindən, faciələrindən istifadə edərək, bu qanunsuz məskunlaşma strategiyasını həyata keçirən Ermənistan hökuməti məsuliyyətə cəlb edilməlidir. Dağlıq Qarabağda qanunsuz məskunlaşdırma siyasətinin beynəlxalq humanitar hüququn, o cümlədən, 1949-ci il Cenevrə konvensiyalarının müddəalarını kobud şəkildə pozduğunu nəzərə alsaq, Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını beynəlxalq təşkilatlar da aydın görə bilərlər. Beynəlxalq təşkilatlar Ermənistanın Suriyadan olan erməni əsilli qaçqınları məqsədyönlü şəkildə məskunlaşdırma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qanunsuz əməllərinə nəzər salaraq, məsələyə hüquqi qiymət verməlidirlər”.
Günel CƏLİLOVA