Ermənistanda tətbiq olunan epidemioloji və fövqəladə vəziyyət ölkə vətəndaşlarının gəlirlərinə əsaslı şəkildə təsir edib.
“Sputnik Armenia” portalının İrəvan sakinləri arasında apardığı sorğuda maraqlı məqamlar ortaya çıxıb. Sorğu iştirakçılarının əksəriyyəti vəziyyətin heç də ürəkaçan olmadığını dilə gətirib. Məsələn, respondentlərdən biri bu günlərdə işini itirdiyini deyib. Yeni iş axtarışı isə hələ ki, nəticəsiz qalıb. Başqa bir sorğu iştirakçısı isə deyib ki, valideynlərindən biri günəmuzd işləyir. Amma onun qazancı ailənin ehtiyaclarını ödəmir. Ona görə də valideynlərinə kömək üçün iş axtarışına çıxıb. Başqa bir respondent isə son bir neçə ayda vətəndaşların maddi rifah halının pisləşdiyini vurğulayıb.
Sorğu iştirakçılarının demək olar ki, hamısı “bu yaxınlarda böyük həcmdə alqı-satqı etmisinizmi” sualı qarşısında təəccüblə çiyinlərini çəkib.
Ekspertlər də hesab edirlər ki, Ermənistan vətəndaşlarının maddi və sosial rifah halı daha da pisləşəcək. Həm pandemiya, həm də müharibə işğalçı ölkənin iqtisadiyyatına çökdürür. Belə olan halda, əziyyət çəkən isə sadə vətəndaşlar olur.
Məsələ ilə bağlı fikir bildirən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, savaşın ilk günlərində Ermənistanda milli valyutanın dəyərsizləşməsi müşahidə olundu, dram aparıcı valyutalara nisbətən dəyərini itirməyə başladı və təbii ki, savaşın davam etdiyi müddətdə Ermənistanda həm istehlak bazarında qiymətlərin artması, buna uyğun olaraq inflyasiya səviyyəsinin yüksəlməsi qeydə alındı: “Ötən müddət ərzində Ermənistan parlamenti dövlət büdcəsinə baxaraq xarici borc limitinin artırılması ilə bağlı qərar qəbul etdi və təbii ki, burada məqsəd də ondan ibarət idi ki, Ermənistan, əslində, daha çox emissiya və ya daha çox xarici borclanmaya gedərək, faktiki olaraq, bu gün müşahidə edilən iqtisadi, sosial problemləri müəyyən qədər səngitməyə çalışır. Amma bazar, eyni zamanda, iqtisadiyyat buna reaksiya verir və istehlak bazarında müşahidə edilən qiymət artımları da ondan xəbər verir ki, Ermənistan iqtisadiyyatında ciddi problemlər müşahidə olunur. Həmçinin, baxmayaraq ki, mütəmadi olaraq, Ermənistanda bir sıra supermarketlər, şirkətlər öz ordularına yardım edilməsi ilə bağlı açıqlamalar verir, amma reallıqda onlar istehlak bazarında öz məhsullarının qiymətlərini artıraraq, etdikləri yardımı daha çox formada Ermənistan vətəndaşları hesabına kompensasiya edirlər. Bu da təbii ki, Ermənistanın istehlak bazarında qiymətlərin artmasına və inflyasiya səviyyəsinin yüksəlməsinə gətirib çıxarıb. Bu baxımdan növbəti dövrlərdə də Ermənistanda qiymət artımlarının davam edəcəyi gözlənir”.
Günel CƏLİLOVA