Ermənistanda yenidən ciddi qan çatışmazlığı problemi yaşanır. Hazırda Ermənistanda çoxsaylı yaralı hərbçinin müalicəsi üçün qan tapılmır. Buna görə Hematoloji Mərkəz vətəndaşları təcili qan verməyə çağırıb. Məlumatda deyilir ki, qan bankının xüsusilə III və IV qrup qana ehtiyacı var.
Xatırladaq ki, döyüş əməliyyatları başlayandan bəri dəfələrlə Ermənistanda qan çatışmazlığı probleminin yaranması ilə bağlı elanlar verilib. Bu, bir tərəfdən, işğalçı ölkənin yaralı hərbçilərinin sayının çoxluğunu, digər tərəfdən, bütün sahələrdə resursların çatışmadığını göstərir.
Onu da qeyd edək ki, müharibənin başladığı ilk həftələrdə də Ermənistanda qan probleminin yaşanması haqqında məlumat yayılmışdı. Artıq iki aya yaxındır ki, davam edən döyüşlər nəticəsində Ermənistan ordusu artıq çökmək üzrədir. Yaralı əsgərlərin sağalması üçün işğalçı ölkədə donor qan tapılmır.
“...qan ehtiyatı və lazımi avadanlıqlar sarıdan əziyyət çəkdiklərini rəsmən etiraf edirlər”
Həkim-ekspert Rasif Bağırov bildirdi ki, sentyabrın 27-dən bu günə kimi keçirilən hərbi əməliyyatlarda işğalçı ölkə artıq tükənmək üzrədir. Nüfuzlu beynəlxalq hərbi-strateji araşdırma mərkəzləri də Ermənistanın mövcud resursları ilə Azərbaycana qarşı müharibəni uzun müddət davam etdirmək imkanının olmadığını təsdiqləyirlər: “Ermənistan Səhiyyə Nazirliyi və tibb işçiləri yaralıları sağaltmaq üçün qan ehtiyatı və lazımi avadanlıqlar sarıdan əziyyət çəkdiklərini rəsmən etiraf edirlər. Ermənistan əhalisi yaralılara dəstək olmaq üçün onlara qan vermir, donor olmaq istəmir. Ancaq bizdə isə qanla bağlı çağırış olmadığı halda, insanlar donor olmağa hazırdırlar”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Ermənistan Səhiyyə Nazirliyi xəstəxanalarda yer olmadığı üçün əlavə xəstə qəbulunu məhdudlaşdırıb. Həkim və tibbi işçilərinin çatışmazlığını aradan qaldırmaq üçün könüllülər toplanır. Həmçinin, qan ehtiyatı toplamaq üçün könüllü donor axtarışına çıxıb. Bütün çağırışlara baxmayaraq, qan çatışmazlığı yaşanır.
Günel CƏLİLOVA