Məlum olduğu kimi, Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib. Müsahibədə jurnalistin Azərbaycanın tərəfində muzdluların döyüşdüyü barədə fikirlərə ölkə başçısı konkret cavab verib.
Prezident bu kimi ittihamların əsassız olduğunu deməklə yanaşı, qeyd edib ki, biz bizi muzdlularla bağlı ittiham edənləri dünyanın müxtəlif yerlərində nə etdikləri haqqında ittiham etməyə başlasaq, bu, çox uzun bir məsələ olacaq: “Bizim tərəfimizdə hər hansı bir əcnəbi döyüşçünün vuruşması ilə bağlı heç bir sübut yoxdur. Bu bir aydan çox müddət ərzində bizə heç bir sübut, heç bir sənəd, heç bir dəlil təqdim edilməmişdir. Yalnız bəyanatlar. Bəs, onda nə üçün onlar Ermənistan tərəfində baş verənləri, Ermənistan tərəfindən neçə muzdlunun döyüşdüyünü görmürlər? Nə üçün bizi ittiham etməyə çalışan nə Rusiya, nə də Fransa bunun haqqında heç nə deməyib? Bizdə artıq əcnəbi pasportları olan zərərsizləşdirilmiş insanların siyahısı var. Hər bir ölkənin istənilən ölkəyə yaxşı və ya pis münasibəti ola bilər. Biz müəyyən səbəblər üzündən bəzi ölkələr tərəfindən ermənilərə qarşı xüsusi hisslərin olduğunu başa düşürük. Bunu öz ölkələrinin adından deyirlərsə, biz buna etiraz etmirik. Lakin əgər siz vasitəçisinizsə, xahiş edirəm, bitərəf olun və ittihamlardan uzaq durun. Əgər biz bizi muzdlularla bağlı ittiham edənləri dünyanın müxtəlif yerlərində nə etdikləri haqqında ittiham etməyə başlasaq, bu, çox uzun bir məsələ olacaq”.
Göründüyü kimi, ölkə başçısı müsahibəsində sözügedən məsələ ilə bağlı çox vacib məqamlara eyham vurub. Maraqlıdır, Prezident bununla kimlər barədə nələri demək istədi?
“Bu o deməkdir ki, bizi muzdlu döyüşçülərlə bağlı nəinki ittiham etmək...”
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüən millət vəkili, politoloq Elman Nəsirov bir sıra məqamlara toxundu: “Prezident İlham Əliyev dünyanın çoxsaylı aparıcı media orqanına verdiyi müsahibələrdə olduqca vacib məqamlara diqqəti cəlb edir. Ölkə başçısı İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində muzdlularla bağlı ittihamlara konkret cavab verdi. Vurğuladı ki, Azərbaycan Silahlı Qüvvələrində muzdlu döyüşçülərə ehtiyac yoxdur. Bunun da çox sadə səbəbi var. O da ondan ibarətdir ki, Azərbaycanın 100 minlik nizami ordusu var. İkincisi də biz döyüşlərdə ən müasir hərbi texnologiyalardan istifadə edirik. Muzdlular isə, ümumiyyətlə, bu işləri bacarmır. Ona görə də Prezident qeyd etdi ki, belə əsassız ittihamlar irəli sürənlər özlərinin fəaliyyətinə baxsınlar. Ermənistan çox geniş şəkildə muzdlulardan istifadə edir. Avropadan tutmuş, dünyanın ayrı-ayrı ölkələrindən muzdlu döyüşçüləri Qarabağa gətirir. Hətta bunu rəsmiləşdirirlər. Bununla bağlı ölkədə könüllülər haqqında qanun qəbul olunub. Bu, əslində, muzdlular haqqında qanun deməkdir. Ancaq nə Fransa, nə də Rusiya bunları görmək istəyir. Ona görə də yaxşı olardı ki, bizi bunda ittiham edənlər Ermənistana baxsınlar. İlkin dövrdə Rusiya ilə Fransa muzdlularla bağlı Azərbaycana yönəlik əsassız ittihamlarla çıxış etdilər. Ancaq ortaya bir dənə də fakt qoymadılar. Bununla belə, belə ittihamlarla çıxış edənlərin gərək mənəvi haqqı olsun. Ona görə də Prezident bizi ittiham edənlərə, bir növ, eyham vurdu ki, onlar müxtəlif dövrlərdə öz fəaliyyətlərində bu kimi qanunazidd hərəkətlərdən yenə istifadə edirlər. Söhbətin hansı ölkələrdən getdiyi təxminən bəllidir. Bu o deməkdir ki, bizi muzdlu döyüşçülərlə bağlı nəinki ittiham etmək olmaz, eyni zamanda, belə ittihamlar bizə yapışmaz. Ən azından ona görə ki, 100 minlik nizami ordusu olan Azərbaycanın buna ehtiyacı yoxdur”.
Millət vəkili onu da qeyd etdi ki, istənilən halda, belə ittihamların əsası yoxdur.
Vidadi ORDAHALLI