İslam dini və müqəddəs Quran terrora yox deyir (Elmi-fəlsəfi, ictimai-siyasi analitik təhlil)
Bu yazının sərlövhəsində qeyd olunan mövzu müasir qloballaşma dövrünün xüsusi aktuallıq kəsb edən problemlərinə həsr olunub. Həmin mövzunun şərhinə ilk öncə 2001-ci ilin 11 sentyabrında ABŞ-ın iki böyük şəhərində - Nyu-York və Vaşinqton şəhərlərində baş verən dəhşətli, çoxsaylı günahsız insanın tələf olduğu terror faciəsini xatırlamaq və yada salmaqla başlamaq istərdik.
Xüsusi vurğulamaq istərdik ki, həmin dəhşətli terror aktları Amerika Birləşmiş Ştatlarının bəzi, hakim siyasi dairələrinin məkrli siyasətinin nəticəsində baş vermişdi. Həmin siyasi dairələr qeyd olunan terrorun əsas baiskarı kimi İslamda terrorçuluğun təmsilçisi sayılan Usamə Bin Ladeni göstərirdilər. Halbuki, həmin qanlı terrorun baiskarı islamçı müsəlman Usamə Bin Laden deyil, ABŞ-ın məkrli siyasi dairələri idi.
Analoji olaraq 1992-ci ildə bəşəri faciə olan Xocalıda, 2020-ci ildə Gəncədə, Mingəçevirdə, Tərtərdə ... törədilən qanlı terrorların səbəbkarları - başda Robert Koçaryan, Serj Sərkisyan və Nikol Paşinyan olmaqla erməni faşistləridir.
... 2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən dəhşətli terror aktları mahiyyətcə dünya dini olan İslamı və onun əsasını təşkil edən müqəddəs Quranı terrorçuluqla eyniləşdirmək cəhdindən başqa bir şey deyildi. Erməni faşistlərinin müqəddəs Azərbaycan torpaqlarında, Tovuzda, Gəncədə, Mingəçevirdə, Tərtərdə... törətdikləri qanlı terror aktları mahiyyətcə eynidir. Doğrudur, ABŞ-da törədilən qanlı terror aktları İslamın və müqəddəs Quranın, ümumiyyətlə müsəlmanın əleyhinə yönəldilmişdisə, erməni faşistlərinin müqəddəs Azərbaycan torpaqlarında törətdiyi qanlı terror daha məkrli niyyətlərə qulluq edir. Başqa sözlə desək, erməni faşistlərinin müqəddəs Azərbaycan torpaqlarında törətdiyi qanlı terror aktları daha nihlist məqsəd və niyyətlərə yönəldilib. Erməni faşistlərinin Azərbaycan torpaqlarında törətdiyi qanlı terror aktları “dənizdən dənizə böyük ermənistan, türkə, o cümlədən xüsusilə oğuz türkləri olan azərbaycanlılara ölüm, etnik təmizləmə”... kimi məkrli, xəbis, işğalçı, vandalizm kimi niyyətlərə qulluq və xidmət edir.
Erməni faşistləri unudurlar ki, dünya dini olan İslam və onun əsasını təşkil edən müqəddəs Quran sülh, əxlaq, mənəviyyat deməkdir. Yeri gəlmişkən qeyd etmək istərdik ki, İslam və müqəddəs Quranı mütərəqqi bəşəriyyətə öyrədən bir dünyəvi elm var, o da islamşünaslıq elmidir. “İslamşünaslıq elmi ümumbəşəri, o cümlədən Şərq, eləcə də Azərbaycan ictimai-fəlsəfi fikrinin mühüm tərkib hissələrindən və istiqamətlərindən biri, bəlkə də birincisidir”. (tərif və kursiv bizimdir: Ə.Q.)
...Müstəqil Azərbaycan 1992-ci ildən Beynəlxalq İslam Əməkdaşlıq Təşkilatının ən fəal üzvlərindən biridir. Bu münasibətlə konkret olaraq aşağıdakı çox xarakterik bir fakta diqqəti cəlb etmək istərdik.
2011-ci ilin iyul ayında İran İslam Respublikasının paytaxtı Tehran şəhərində beynəlxalq İslam Əməkdaşlıq Təşkilatına və İran İslam Respublikasının rəhbərliyinin təşəbbüsləri ilə İranın paytaxtı Tehranda 2001-ci il 11 sentyabrında ABŞ-da baş verən qanlı terrorun on illiyinə həsr olunmuş beynəlxalq simpozium keçirilib. İş elə gətirdi ki, beynəlxalq Tehran simpoziumunda müstəqil Azərbaycanı təmsil etmək bu sətirlərin müəllifinə qismət oldu. Dünyanın 70 ölkəsinin dövlət başçılarının və mütəxəssislərinin iştirak etdiyi bu beynəlxalq tədbirdə biz “İslam və müqəddəs Quran terrora yox deyir” mövzusunda mühazirə oxuduq. Tərcüməçi Cənubi Azərbaycandan olan bir azərbaycanlı mütəxəssis idi. Təvazökarlıqdan bir qədər uzaq olsa da qeyd etməliyik ki, məruzələrimizdə islam və müqəddəs Quranda tənqid olunan mövhumatın, xurafatın, fanatizmin, fatalizmin, asketizmin, mistikanın, radikalizmin, ekstremizmin, terrorçuluğun əleyhinə olan fikirlərin tənqidi, onların aradan qaldırılmasına həsr olunan elmi mülahizə və müddəalar simpozium iştirakçılarının xüsusi marağına səbəb oldu.
Əsədulla QURBANOV
Bakı Dövlət Universitetinin İslamşünaslıq Elmi-Tədqiqat Mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru, professor, BMT-nin “Sülh Səfiri”, Ankara Beynəlxalq Söz Akademiyasının üzvü, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Fəxri diplom”çusu, məşhur “91”-lərdən biri, “Qızıl Qələm” mükafatı laureatı, Azərbaycan Respublikasının “Qabaqcıl təhsil işçisi”.