Son vaxtlar Dağlıq Qarabağla bağlı həqiqətləri dünya mediası vasitəsilə çatdıran jurnalistlərə və media qurumlarına qarşı dünyada yaşayan ermənilər, daha konkret desək, erməni lobbisi tərəfindən təzyiqlər, təhqirlər, hətta ölüm hədələri belə artıb. Bundan narahatlıq keçirən Azərbaycan hakimiyyəti dünyanın tanınmış jurnalist qurumlarına müraciət ünvanlayıb. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter hesabında yazıb:
“Hazırda İtaliyanın “La Repubblica” qəzetinin jurnalisti Peitro Del Re erməni lobbisinin təhqiramiz hücumuna məruz qalır. Erməni lobbisi tərəfindən TF1 və "New York Times" jurnalistləri də fiziki təhdidlərə məruz qoyulmuşdu. Azad media və ifadə azadlığına qarşı bu cür hücumları şiddətlə qınayırıq. Biz “Sərhədsiz Reportyorlar”a, ATƏT-in media azadlığı üzrə nümayəndəsinə çağırış edirik ki, Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə və mediaya qarşı fiziki, mənəvi təhdidləri, təhqiramiz şəxsi hücumları qınasınlar. İfadə azadlığına hörmət edilməlidir”.
Göründüyü kimi, obyektivlik göstərən dünyanın sanballı media nümunələri erməni terror hədəsilə üz-üzə qalıb. Bundan xilas üçün media ilə bağlı xüsusi beynəlxalq müzakirələrə ehtiyac varmı?
Beynəlxalq media qurumları ilə yaxından əməkdaşlıq edən media sahəsi üzrə ekspert Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bizimlə bağlı başlanan bu hərəkətlər ermənilərin addımlarının daha geniş şəkildə ifşa olunmasına şərait yaratdı: “Bu məsələ yeni başlamayıb və indinin də problemi deyil. Erməni şəbəkəsi, erməni lobbisi, Ermənistan hökuməti azad medianın fəaliyyətini hər zaman boğub. Mövqeləri tam haqsız olduğuna görə daima jurnalistləri, redaksiyaları terrorla hədələyib. Azad medianı qorxudaraq susdurmaqla öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Başqa üsullara da əl atırlar. Azad medianı öz maraqlarına işlətmək üçün qrantlar ayırırlar. Bu cəhdləri alınmayanda hədəyə, şantaja əl atırlar. 30 ildir ki, onlar həm Ermənistanın daxilindəki, həm də xaricdəki müstəqil media ilə belə davranırlar. İndiyə qədər ciddi müqavimət hiss etmədikləri üçün işləri yaxşı gedirdi. Artıq Azərbaycan təşkilatlanmış şəkildə bu mövzunun üzərinə gedir və beynəlxalq təşkilatların diqqətinə çatdırır. Eyni zamanda təqibə, təzyiqə məruz qalan əcnəbi jurnalistlərin də arxasında durur. Məlumat üçün deyim ki, artıq köhnə stereotiplər tam sındırılıb. Ermənilərin bu fəaaliyyətinə vaxtilə göz yuman təşkilatlar belə danışmağa başlayıb. “Sərhədsiz reportyorlar”, Avropa Jurnalistlər Federasiyası, Beynəlxalq Jurnalistlər Federasiyası Ermənistan hökumətinin və kənarda olan erməni diasporunun mediaya hücumlarını pisləyən bəyanatlarla çıxış ediblər. Dünyada 10-dan yuxarı nüfuzlu beynəlxalq jurnalist təşkilatı var ki, onlardan 4-ü bu yöndə müvafiq bəynatlar verir. Proses ona gedir ki, bu məsələlər toplandıqdan sonra çıxacaq dövlətlərarası münasibətlərin müzakirə olunduğu ATƏT, Avropa Şurası, BMT kimi təşkilatların tribunalarına. Məsələ sırf ona doğru gedir və bununla da ermənilərin mediaya basqı siyasətini tammailə ifşa etmək mümkün olacaq. Buna baxmayaraq, biz öz növbəmizdə bu faktları qeydə alıb, lazımi yerlərə göndərməliyik. Artıq bir neçə hadisə göstərdi ki, ermənilər yalnız bizə qarşı deyil, bütün insanlığa, demokratik dəyərlərə qarşı dözümsüzdürlər”.
Ümidvarıq ki, erməni basqıları və hədələrindən əziyyət çəkən bütün jurnalistlər və media qurumları da bu istiqamətdə fəallıq göstərəcək.
Məhəmmədəli QƏRİBLİ