Artıq neçənci dəfədir ki, Prezident İLham Əliyev müsahibələrində qondarma “DQR”-in müstəqilliyinin tanınması mövzusunda Ermənistanın uzun müddətdir şantajla məşğul olduğunu bildirir. Prezident İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində Ermənistanın yeni şantaj üsullarından danışdı.
Bildirdi ki, onlar özləri Dağlıq Qarabağın müstəqilliyini tanımadığı halda, istəyirlər ki, başqa ölkələr bunu etsin: “Vəziyyət kəskinləşəcəyi halda onların Dağlıq Qarabağın müstəqilliyini tanıyacaqları barədə daimi şantaj və hədələri yenə də küy-kələk oldu. Hərbi qarşıdurma bir aydan çoxdur ki, davam edir. Bəs nə üçün onlar indiyə qədər Dağlıq Qarabağın müstəqilliyini tanımayıblar? Bunu etmək çox asandır. Qoy bəyan etsinlər ki, onu tanıyırlar”.
Bunun ardınca İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində Paşinyanı bu mövzu ilə bağlı cürətsizlikdə günahlandırdı: “Bilirsiniz, onlar müstəqilliyi tanımaq istəsəydilər, uzun müddət bundan öncə tanıyardılar. Nəyə görə əvvəl tanımadılar? Çünki onlar aydın başa düşürdülər ki, bu çox məntiqsiz addım nəticəsində danışıqlar tamamilə dayanacaqdır. Odur ki, onlar bunu etsələr, danışılası bir şey qalmayacaq. Sonra nə sülh təşəbbüsü, nə əsas prinsiplər, nə də gələcək tənzimləmə, heç nə masa üzərində olmayacaq. Hesab edirəm ki, onlar bunu başa düşürlər. Onlar həmişə bundan bizi qorxutmaq üçün bir alət kimi istifadə etmək istəyirdilər və deyirdilər Azərbaycan bunu etsə, biz müstəqilliyi tanıyacağıq. Mən bu müharibə günlərində dəfələrlə demişəm və indi də deyirəm, Ermənistanın baş naziri, bu gün Dağlıq Qarabağı tanı, bunu et, cəsarətini göstər, sözünün bir məna daşıdığını göstər, bu gün Dağlıq Qarabağı tanı. Yenə də siz görəcəksiniz ki, onlar bunu etməyəcəklər. Çünki onlar qorxaqdırlar, onlar yalnız dinc vətəndaşlara qarşı vuruşa bilirlər və gücümüzü, birliyimizi görüb qaçırlar”.
Göründüyü kimi, İlham Əliyev bir daha Paşinyanı qondarma qurumu tanımağa “dəvət” etdi. Əvvəlcədən də dedi ki, Paşinyanda bunu etmək üçün cəsarət yoxdur. Paşinyan daima bizi şantaj etdiyi mövzudan niyə yayınır? “DQR”-in müstəqilliyini Ermənistan tanısa nə olar?
Hüquqşünas Mehman Muradlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu addımın atılması bütün beynəlxalq konvensiya və öhdəliklərə ziddir: “Ermənistan hakimiyyəti daima belə bir kartla manipulyasiya edib. Ancaq belə bir çoxbilmiş millət nədənsə özü bu addımı atmayıb. İstəyib ki, qabağa hansısa başqa ölkə düşsün. Heç bir normal ölkə isə belə bir addımı atmaz. Çünki Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq sənədlərdə öz əksini tapır. Danışıqlar gedən mərhələdə Ermənistan bu addımı atsaydı, Azərbaycanın əlinə tam əsas verərdi ki, sülh prosesindən imtina edib müharibəyə başlasın. Ermənistana isə bu variant sərf etmirdi. Çünki sülh danışıqlarını uzatmaqla onlar münaqişəni donmuş vəziyyətdə saxlayırdılar. Müharibənin başlanmasına isə onların yeni əraziləri ilhaq etmək niyyətləri gətirib çıxardı. İndiki məqamda Ermənistan bilir ki, Qarabağı itirmək üzrədir. Belə bir addımı atsa, Azərbaycanın bundan sonra onlarla heç bir danışıq masasında oturmayacağı şərait yaranar. İndi isə hardasa sülh danışıqlarının baş tutacağına inam var. Məhz bu qorxuya görə Paşinyan bu addımı ata bilməz. Son vaxtlar ermənilərin Dağlıq Qarabağdakı qondarma qurumun hansısa ölkədə şəhər səviyyəsində tanınmasını qabartmaları hüquqi baxımdan heç bir əhəmiyyət kəsb etmir. Çünki beynəlxalq hüquqda şəhərlər bu kimi məsələlərdə ciddi rol oynamır. Rəsmi qaydada hansısa dövlətin tanınması və ümumilikdə xarici siyasət məsələləri yerli qurumların fəaliyyətinə aid deyil”.
Müsahibimizin sözlərinə görə, hətta bir-iki şəhər belə addım atırsa, bu, dövlətin adından tanınma demək deyil.
Məhəmmədəli QƏRİBLİ