“Biz başqa ölkələrdən də silah alırıq. Nəyə görə heç kim bizim Rusiyadan nə qədər silah aldığımızdan danışmır?”. Prezident İlham Əliyev bu barədə İspaniyanın EFE agentliyinə müsahibəsində danışıb.
Ölkə başçısının sözlərinə görə, Azərbaycan Türkiyədən yalnız müasir hərbi avadanlıq alır: “Bu, dünyada istənilən ordunun paxıllıq edə biləcəyi yeni müasir avadanlıqdır. Türkiyənin hərbi sənaye kompleksi, həqiqətən də, möcüzələr göstərir. Bu avadanlıq bizə döyüş meydanında çox kömək edir. Lakin biz onu alırıq, biz müqavilələr imzalayırıq, hər şey şəffafdır, hər şey qanunidir. Biz başqa ölkələrdən də silah alırıq. Nəyə görə heç kim bizim Rusiyadan nə qədər silah aldığımızdan danışmır? Yalnız Türkiyə. Bizim əsas silahlarımız Rusiyadan gəlir. Biz başqa ölkələrdən də silah alırıq. Yalnız Türkiyənin adı hallanır. Bu, birincisi. İkincisi, Türkiyənin bizə hərbi dəstək göstərdiyini həmişə deməyə davam edənlər nəyə görə vasitəçi, Minsk Qrupunun həmsədri olan Rusiyanın Ermənistana hərbi dəstək göstərdiyini demirlər? Bizim əlimizdə sübutlar var, bu 40 gün ərzində Ermənistanın hansı məbləğdə silahla təchiz edildiyi ilə bağlı məlumatı Rusiya rəsmilərinə təqdim etmişik. Niyə heç kim bu barədə danışmır? Gəlin, bunun haqqında danışaq, gəlin, ədalətli olaq”.
Müşahidələr göstərir ki, bir sıra xarici media orqanları ancaq Türkiyənin Azərbaycana silah satmasını gündəmə gətirirlər. Ermənistana edilən silah yardımlarını görməzdən gəlirlər. Hansı ki, qanunsuz olaraq mülki təyyarələrdə İrəvana daşınır. Rusiyanın Ermənistana pulsuz silah yardımından, ümumiyyətlə, danışmaq istəmirlər.
“Onlar Rusiya ilə əks qütbdə olsalar da, bu ölkənin Ermənistana pulsuz silah verməsini...”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bütün bunların səbəbini mövcud ikili standartlar və erməni təəssübkeşliyi ilə əlaqələndirdi: “Bunun nəticəsidir ki, bir sıra xarici media orqanları Prezidentə təxribat xarakterli suallar ünvanlayırlar. Bu da onunla bağlıdır ki, dünyada ikili standartlar var. Bir sıra Avropa ölkələri Ermənistanla bağlı təəssübkeşlik mövqeyindən çıxış edirlər. Sözügedən ölkələr, birmənalı olaraq, təcavüzkar Ermənistanın mövqeyindən çıxış edirlər. Ona görə də bu dövlətlər Rusiya ilə əks qütbdə olsalar belə, bu ölkənin Ermənistana pulsuz silah verməsini, digər hərbi yardımlar göstərməsini müsbət qarşılayırlar. Həmçinin, PKK-çıların, digər muzdlu terrorçuların Ermənistanın tərəfində döyüşməsini görməzdən gəlirlər. Əksinə, Azərbaycana təzyiqlər edirlər. Türkiyənin regionda rolunun artmasını həzm edə bilmirlər. Hesab edirəm ki, sözügedən səbəblər üzündən belə ədalətsiz və qərəzli yanaşmaların şahidi oluruq. Dünya güclə hesablaşır. Bu gün Azərbaycan Ordusu tarix yazır. Ona görə də Azərbaycan bu istiqamətdə öz siyasətini davam etdirməlidir”.
Partiya sədrinin fikrincə, bundan sonra da Qərb ölkələrindən Qarabağ məsələsində ədalətli mövqe gözləməyə dəyməz.
Vidadi ORDAHALLI