İsrail dövləti Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi istiqamətində həyata keçirdiyi hərbi əməliyyatları, antiterror tədbirlərini, bir sözlə, dövlətimizin ədalətli mövqeyini dəstəkləyir və bunu ən yüksək səviyyədə bəyan edir.
İsrail Ermənistanın işğalçı siyasətini kəskin pisləyib və işğalçı dövlətin öz terrorçu silahlı qruplaşamalarını Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarmalı olduğunu rəsmən bildirib. Bu dövlətin ortaya qoyduğu ədalətli, obyektiv mövqe isə həm xaricdəki erməni lobbisi, həm də Ermənistan hökuməti tərəfindən bu ölkəyə qarşı əsassız ittihamlar, hədələr səsləndirilməsinə səbəb olub.
Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələri Baş Qərargah rəisinin müşaviri Vladimir Poqosyan açıq şəkildə İsraili hədələyib. “Trend”in məlumatına görə, Poqosyan bu barədə “Facebook” səhifəsində paylaşım eidb. Avropadakı terror hadisələrindən danışan Poqosyan, bu terror hücumlarının onu maraqlandırmadığını bildirib. Onun sözlərinə görə, Avropa İsrailin nə olduğunu anlayacaq: “İsrail 1933-cü il Almaniyası ilə bərabərdir. Heç kəsi bağışlamayacağıq və zaman gələcək, sizdən qisasımızı alacağıq, bilin”.
“Bu, terrorçu hakimiyyətin bir daha özünü dünya qarşısında biabır etməsidir”
Paqosyanın İsrail dövlətini hədələməsinə münasibət bildirən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı “Bakı-Xəbər”ə bildirdi ki, uğradıqları məğlubiyyətlərdən Ermənistanın hərbi-siyasi rəhbərliyi ağlını itirib və reallıqları qəbul etmək istəmir. A.Nağının sözlərinə görə, Ermənistan rəhbərliyi artıq aqonya vəziyyətindədir. “Aqoniya vəziyyətində olduqları üçün də nəyisə yandırmağa, dağıtmağa, başqalarını sözdə hədəfə almağa başlayıblar. Cəbhə bölgəsində də eyni vəziyyətdədirlər. Özləri görürlər ki, Azərbaycan Ordusuna gücləri çatmır, tam məğlub olublar. Amma buna baxmayaraq, aydın düşüncə ilə düşünüb qərar qəbul edə bilmirlər ki, müharibəni dayandırıb, müqavimət göstərməyib təslim olalar. Heç olmasa, bununla əsgərləri, texnikanı saxlaya bilərlər. Normal ölkələrdə belədir ki, qüvvələrin nisbətinə baxırlar və müharibəni davam etdirmək, yoxsa davam etdirməmək barədə qərar verirlər. Ermənistan rəhbərliyi isə ağlını tamam itirib və ağlına gələni edir, deyir. Görürsünüz, Azərbaycanın yaşayış məntəqələrini vururlar, sivillərə qarşı terror törədirlər. Azərbaycan qalibdir, qələbənin təsdiq edilməsinə az qalıb. Müharibə bitəndən sonra onlar Azərbaycana qarşı terror hərəkəti həyata keçirməyi hədəfləyiblər. Necə ki, keçən əsrin 70-ci illərində Türkiyə diplomatlarına qarşı terror aktları törədiblər. Çox təəssüflər olsun ki, dünya birliyi ermənilərin terrorçu hərəkətlərinə adekvat cavab verməyib. Dünya birliyi zamanında Ermənistanın terrorçu davranışlarına adekvat cavab versəydi, işğalçı ölkənin rəsmiləri bu gün İsrailin üzərinə bu cür iyrənc şəkildə yeriməzdilər. Ermənistan başa düşmür ki, dünyanı idarə edən dövlətlərdən biri İsraildir. Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müşavirinin İsraili bu şəkildə hədələməsi artıq onu göstərir ki, onların ağlı çaşıb. Onlar İsrailin Azərbaycana göstərdiyi real dəstəyi yaxşı bilirlər və buna görə də bu cür cəfəng fikirlər bildirirlər. İsrailin də Azərbaycanla tək indi deyil, həmişə yaxşı münasibətləri olub. Ermənistan Rusiyanın qanadının altına sığınanda, Rusiyanın forpostuna çevriləndə Azərbaycan dünya dövlətləri ilə müstəqil siyasət yürüdürdü, müstəqil ikitərəfli münasibətlər qururdu, qarşılıqlı maraqları həll edirdi. Azərbaycanın İsraildə, İsrailin də Azərbaycanda maraqları var. Məntiqlə aparılan siyasətin nəticəsində bunun müsbət nəticəsini Azərbaycan görür. İsrail Azərbaycanı dəstəkləyir. Amma Ermənistan onun maraqlarını təmin etməyən bütün dövlətlərə qarşı təxribatçı siyasət aparıb. Ermənistan yeni-yeni İsraillə münasibət qurmağa çalışırdı, bu zaman da çox böyük səhvlərə yol verdi, ənənəvi müttəfiqləri İrana qarşı çıxdılar, İranı özlərindən uzaqlaşdırdılar. Burada da axmaq bir siyasət yürütdülər”.
Ermənistanın İsrailin rəğbətini qazanmaq üçün İsraildə səfirlik açdığını xatırladan A.Nağı qeyd etdi ki, düşmən ölkənin reallığa hesablanmamış addımları nəticəsində bu ölkə ilə münasibət qurmaq alınmadı. “Ermənistan İsraildən çox şey istəyirdi, amma İsrail də ölçüb-biçib hansı dövlətlə müttəfiq olmaq istədiyini ortaya qoydu. O, Ermənistanı seçmədi. Çox istərdik, Rusiya da, İran da, Avropa ölkələri də İsrail kimi hərəkət etsinlər, öz maraqlarını düzgün ölçüb biçsinlər ki, regionda Ermənistanla münasibət qursunlar, yoxsa Azərbaycanla. İsrail nümunəsi bir örnəkdir. Çox müsbət nümunədir. Ermənistan İsrail dövlətindən arzu etdikləri dəstəyi ala bilmədiyi üçün indi İsrailə qarşı hədələyici mövqe sərgiləyir. Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müşavirinin İsrailə qarşı bu mənasız hədələri bu terrorçu hakimiyyətin bir daha özünü dünya qarşısında biabır etməsidir. Ermənistan İsraili boş-boş hədələmək əvəzinə, öz buraxdıqları səhvlərə baxsa, daha yaxşı olar, günahı başqalarında yox, özlərində axtarsınlar. Ermənistanın hərbi-siyasi rəhbərliyi İsraili və digər dövlətləri bu şəkildə hədələməklə, əslində, bir toplum, bir dövlət olaraq özlərinin sonunu yaxınlaşdırır” - deyə A.Nağı qeyd etdi.
İradə SARIYEVA