Prezident İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib ki, Ermənistan Baş naziri daha çox hərbi yardım əldə etmək üçün atəşkəs istəyir: “...O, vaxt qazanmaq istəyir, daha çox hərbi yardım əldə etmək üçün atəşkəs istəyir, Azərbaycana qarşı yeni hücumlar etmək və bizim azad etdiyimiz əraziləri geri almaq üçün bu atəşkəsdən istifadə etmək istəyir. Onun niyyəti bundan ibarətdir”.
Ekspertlər qeyd edirlər ki, Prezident İlham Əliyev belə bir fikir söyləməkdə haqlıdır. Onlar deyirlər ki, Paşinyan atəşkəs yalvarışları ilə bir çox ölkəyə müraciət etdikdən sonra Azərbaycan dövləti humanistlik edərək atəşkəsə razılıq versə də, düşmən öz təxribatlarından əl çəkməyib. Azərbaycan tərəfin üç dəfə Ermənistana atəşkəslə bağlı şans verdiyini deyən ekspertlər hesab edirlər ki, Ermənistan öz silahlı birləşmələrini torpaqlarımızdan çıxarmayana qədər biz mübarizəmizi davam etdirəcəyik.
“...yenidən təcavüzkar niyyətlərini davam etdirmək məqsədi güddüyü açıq şəkildə ortadadır”
Tanınmış hərbi ekspert Üzeyir Cəfərov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezident İlham Əliyev sübutlarla, faktlarla danışıb və Paşinyanın və onun hökumətinin niyyətlərini açıq şəkildə dünyaya ifşa edib: “Mən Ali Baş Komandanın fikirlərini tamamilə bölüşürəm. Doğrudan da Paşinyanın atəşkəsdən sui-istifadə edərək silahlanmaq, yenidən təcavüzkar niyyətlərini davam etdirmək məqsədi güddüyü açıq şəkildə ortadadır. Nəinki biz, eləcə də bütün dünya gördü ki, Azərbaycanın humanistlik edərək üç dəfə atəşkəsə razılıq verməsindən Paşinyan necə sui-istifadə etdi. Onlar üç dəfə humanitar atəşkəsin əldə olunması üçün xahiş etdilər və bu humanitar atəşkəslər elan olundu. Amma buna baxmayaraq, Ermənistan hər üç atəşkəs razılaşmasını kobud şəkildə pozdu və bizim mülki əhalimizə qarşı terror etdi, insanlarımızı öldürdü. Gəncəni, Bərdəni vurdu, Tərtəri və digər yaşayış məntəqələrimizi də hər gün atəşə tuturlar. Ona görə də, fikrimcə, cənab Prezident Paşinyanın niyyətlərini çox düzgün qeyd etdi və bu o deməkdir ki, Ermənistana inanmaq olmaz. Terrorçu ölkə tam məğlub olana, təslim bayrağını qaldırana qədər biz öz haqq işimizi davam etdirməliyik. Onsuz da vəziyyət, bütövlükdə, bizim xeyrimizədir. Diplomatik sahədə də biz Ermənistanın məkrli niyyətini, işğalçılıq siyasətindən əl çəkməməsini, terror aktlarını davam etdirməsini bütün dünyanın diqqətinə çatdıra bilmişik. Bundan əlavə, hərbi cəhətdən də üstünlüyümüz çox yüksək səviyyədədir. Bütün bunların fonunda Ermənistanın hərbi-siyasi rəhbərliyinə zərrə qədər də şans vermək olmaz, çünki Ermənistan uğradığı ağır məğlubiyyətin əvəzini çıxmaq üçün havadarları tərəfindən silahlandırıla, ağır silahlarla təmin edilə bilər.
Zatən, biz də artıq bəzi işləri görmüşük. Diqqət yetirdinizsə, Ali Baş Komandan Müdafiə Nazirliyində olarkən bəzi məsələlərə üstüörtülü şəkildə toxundu. Əlbəttə, bu, sırf Azərbaycana aid olan məsələlərdir.
Mənim yanaşmam ondan ibarətdir ki, Azərbaycan tamamilə işğalçı ölkənin belini qırmalıdır, zatən, qırmışıq, amma bu işi axıra çatdırmaq lazımdır. Ermənistana hər hansı bir humanistlik, mərhəmət göstərməkdən söhbət gedə bilməz”.
Ü.Cəfərovun fikrincə, Ermənistana ona görə humanistlik göstərməməliyik ki, terrorçu ölkənin silahlı birləşmələri bizim mülki əhalimizi, körpə balalarımızı faciəvi şəkildə qətlə yetiriblər və indən sonra da niyyətləri belədir: “Ona görə də hesab edirəm ki, cənab Prezident düzgün qeyd edib. Biz bu işi başa çatdırmışıq. Mən hesablamışam, bizim bütün işləri 1 həftə, 10 gün ərzində başa çatdırmaq imkanlarımız var və bu işlər də yaxın vaxtlarda tam olaraq başa çatdırılacaq”.
İradə SARIYEVA