Məlum olduğu kimi, Prezident İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib. Prezident müsahibə zamanı bir sıra məqamlara aydınlıq gətirib.
O cümlədən, qeyd edib ki, Ermənistan bizə qulaq assaydı, müharibə bəlkə də bir ay əvvəl bitərdi: “Bizim mövqeyimiz, demək olar ki, bu 40 gün ərzində artıq dəfələrlə bəyan edilib. Mən dəfələrlə demişəm ki, bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünü öz doğma torpaqlarına, onların əsrlər boyu yaşadıqları ərazilərə geri qaytarmaq və bundan sonra həmin ərazidə Azərbaycan əhalisi və erməni icması arasında sülh şəraitində birgəyaşayışı təmin etməkdir. Bizim mövqeyimiz sağlam düşüncəyə, humanitar zəminə əsaslanır və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir. Beləliklə, bu, çox açıq-aşkardır. Ermənistan kompromisdən danışanda konkret heç nə demir. Onlar yalnız öz müqəddəratını təyinetmədən danışırlar, amma öz müqəddəratını təyinetmə onlar tərəfdən kompromis deyil. Onlar öz mövqelərində daha dəqiq olmalıdırlar, çünki hazırda o, çox qeyri-müəyyəndir. Ona görə də biz Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxması üçün vaxt cədvəli tələb etdik və biz bunu toqquşmaların ilk günündən tələb etdik. Beləliklə, əgər Ermənistan bizə qulaq assaydı və məntiqlə davransaydı, bu gün biz hazırda qarşılaşdığımız vəziyyətdə olmazdıq. Müharibə bəlkə də bir ay əvvəl bitərdi. Ona görə də Ermənistan tərəfdən kompromis çox dəqiq olmalıdır. Hələ də işğal altında olan Ağdam rayonunun bir hissəsini, Kəlbəcər və Laçını boşaltmaq üçün vaxt cədvəli bizə təqdim edilməlidir, Ermənistanın Baş naziri bunu şəxsən bəyan etməlidir. Lakin onlar nəinki bizə vaxt cədvəli vermirlər, onlar həmin əraziləri boşaldacaqlarını demirlər”.
Prezidentin məlum fikrinə münasibət bildirən millət vəkili Eldəniz Səlimov qeyd etdi ki, illərdir Ermənistan Azərbaycana qarşı məqsədyönlü şəkildə təxribatlar törətməkdə davam edir: “Biz heç bir zaman şiddətə, müharibəyə həvəsli olmamışıq. Elə buna görə də üç dəfə atəşkəsə razılıq vermiş, məsələni danışıqlar masasında, siyasi yolla həll etmək istəmişik. Lakin faşist rejimli Ermənistan hər dəfə atəşkəs rejimini pozub, bizim digər rayonlarımızı artilleriya atəşinə tutub, günahsız mülki vətəndaşlarımızı qətlə yetirib. Bu müharibənin sonlanması yalnız Azərbaycanın irəli sürdüyü şərtlər qəbul olunarsa ola bilər. Yeddi rayon Azərbaycana qaytarılmalıdır. Ermənilər heç bir zaman bu rayonlarda yaşamayıblar. Müharibəni dayandırmağın yeganə yolu Ermənistanın öz məğlubiyyətini, bizim qələbəmizi qəbul etməsi və ərazilərin boşaldılması barədə öhdəlik götürməsidir. Prezidentin qeyd etdiyi kimi, Ermənistan tərəfi vaxtında Azərbaycanın dedikləri ilə razı olsaydı, müharibə qısa müddətə bitərdi. Onlar da bu qədər itki ilə üzləşməzdilər”.
Günel CƏLİLOVA