“...Başqa yol qalmır, bilirsiniz, başqa variant yoxdur. Biz hərbi əməliyyatları davam etdirmək istəmirik və mən dəfələrlə demişəm və bu gün də təkrar edə bilərəm, əgər Ermənistanın Baş naziri şəxsən özü, bu qan tökülməsinə görə məsuliyyət daşıyan şəxs belə bir bəyanat versə, biz dərhal dayanmağa hazırıq, dərhal. Mən sözünə əməl edən insanam və biz bunu edərik. Lakin o, bunu demir”. Bu sözləri Prezident İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində vurğulayıb.
Ümumən dövlət başçılarının dəqiq, dürüst, ardıcıl olması ortada etimad yaranmasında necə rol oynaya bilər? Paşinyan da Prezident İlham Əliyev kimi dürüst, sözünə bütöv olsaydı, münaqişə indi hansı həddə olardı?
“...sözü ilə əməllərti üst-üstə düşsəydi, müharibə baş verməzdi”
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev hesab edir ki, Paşinyan dürüst olsaydı, hazırkı vəziyyət yaranmazdı. “Prezident İlham Əliyev ispan mediasına müsahibəsində bildirdi ki, mən sözünə əməl edən insanam. Bilirik ki, İlham Əliyev sözünə bütöv olduğunu öz əməlləri ilə dəfələrlə sübut edib. Ali Baş Komandanın rəhbərliyilə Azərbaycanın apardığı Vətən müharibəsi də bunu bir daha sübut etdi. İlham Əliyev həmişə deyirdi ki, Azərbaycanın işğal altında olan torpaqları işğaldan azad ediləcək, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək mənim əsas vəzifəmdir. 27 sentyabrda Ermənistanın Azərbaycana qarşı növbəti terrorçu hərəkətləri, təxribatları baş verdi və buna cavab vermək üçün Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızda hərbi və antiterror əməliyyatları həyata keçirməyə başladı. Torpaqlarımızın qarış-qarış işğaldan azad edilməsi və hazırda da bu istiqamətə hərbi əməliyyatların davam etdirilməsi ilə Prezident İlham Əliyev sözünə sadiq olduğunu bir daha ortaya qoydu. Cənab Prezident müsahibəsində bildirdi ki, Ermənistan işğalçı qoşunlarını bizim torpaqlardan çıxarsın, biz müharəni dayandırmağa hazırıq. Prezident müxtəlif xarici KİV-ə müsahibələrində dəfələrlə bunu deyib. Prezident bunu deyirsə, heç şübhə yoxdur ki, verdiyi sözün üstündə duracaq. Amma yeganə şərt isə Ermənistanın işğalçı silahlı birləşmələrinin bizim torpaqlardan çəkilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsidir.
Təbii ki, dövlət başçılarının verdiyi sözə əməl etməsi, dürüstlüyü, ilk növbədə, şəxsi keyfiyyətdir. Bu amil onun rəhbərlik etdiyi dövlətin imicini yüksəldən, onun müsbət imicinin formalaşmasına xidmət edən bir haldır. Bir dövlətin başçısı söz verib axıra qədər onun üzərində dayanırsa, sözünü inkar etmirsə, o dövlətin bütün dünyada böyük nüfuzu olur. Hər yerdə o dövlətə də, onun başçısına da, xalqa da hər yerdə hörmətlə yanaşırlar”.
Amma bu fikirləri nə Ermənistana, nə də onun Baş naziri Paşinyana şamil etməyin mümkün olmadığını deyən Ş.Ağayevin sözlərinə görə, Paşinyan xaraktercə sürüşkən, yalançı, bu gün verdiyi vədi sabah danan birisdir və bu səbəbdən də ona həm ölkəsində, həm də beynəlxalq aləmdə qeyri-ciddi insan kimi yanaşılır: “Cənab Prezident özü də bir neçə dəfə qeyd edib ki, Paşinyan küçədən hakimiyyətə gələndən sonra ondan xahiş edib ki, hakimiyyəti formalaşdırmaq üçün möhlət versin, bundan sonra o, konstruktiv müzakirələrə başlayacaq. Həyat sübut etdi ki, Paşinyan sözünün üstündə durmağı bacaran dövlət başçısı deyil, o qeyri-ciddi bir insandır. Paşinyan verdiyi sözü tutmadı. Biz özümüz torpaqlarımızı işğaldan azad edirik və BMT-nin qətnamələrini həyata keçiririk. Paşinyan verdiyi sözün üstündə dursaydı və onun sözü ilə əməllərti üst-üstə düşsəydi, müharibə baş verməzdi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsini özündə əks etdirən BMT-nin qətnamələri yerinə yetirilərdi. Eyni zamanda da Ermənistan bu qədər itki verməzdi, dövlətçiliyi bu cür təhlükə altında qalmazdı.
Paşinyan nəinki Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdiyi vədlərin, heç öz xalqına verdiyi sözün üstündə durmayıb. Paşinyan xalqa söz vermişdi ki, Ermənistanda sosial-iqtisadi vəziyyət düzələcək, Ermənistan inkişaf edəcək və çiçəklənəcək. Bunun heç biri baş vermədi, əksinə, Ermənistan xalqı zorla müharibəyə sürükləndi”.
İradə SARIYEVA