Məlum olduğu kimi, cəbhədə Azərbaycanın qazandığı hərbi uğurlar eyni zamanda digər sahələrdəki üstünlüklərimizlə də müşahidə olunur. Nəzərəçarpan irəliləyişlərdən biri də diaspor sahəsindədir.
Dünyanın müxtəlif ölkələrində olan diaspor təşkilatlarımız Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatları dönəmində Ordumuza, Dövlətimizə dəstəklə bağlı çoxsaylı etiraz aksiyaları keçiriblər. Həmin aksiyalarda soydaşlarımız müxtəlif tələblərlə çıxış ediblər. Bu qısa müddət ərzində keçirilən aksiyaların təhlili göstərir ki, tədbirlərin mahiyyəti ümumi erməni təxribatlarına, ermənilərin mülki obyektleri vurmasina və ermənilərin təcavüz aktlarına lazımi beynəlxalq qiymətin verilməməsinə qarşı olub. Gəlin, son günlər ərzində dünyanın müxtəlif ölkələrində diasporumuzun keçirdiyi aksiyaların məzmun və mahiyyətinə nəzər salaq.
Çikaqo yollarında “Karabakh is Azerbaijan” şüarı
Amerikanın Orta-Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-ın Çikaqo ştatının mərkəzi yollarında Azərbaycan bayrağının təsviri ilə “Karabakh is Azerbaijan” şüarı yazılan lövhələr quraşdırılıb. Lövhələrdə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə etiraz mətnləri yerləşdirilib.
Mərkəzin rəhbəri Fərid Məmmədov bildirib ki, daha çox insanın görməsi üçün elektron lövhələr “Ohare” beynəlxalq hava limanından şəhərə gələn yolda, eləcə də “James Addams Memorial Tollway”, “River Road” yolunun üzərində quraşdırılıb. Bu ənənə ABŞ-ın digər şəhərlərində də davam etdiriləcək. Həmvətənimiz bildirib ki, Ermənistanın işğalçılıq və terror siyasətini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün ABŞ-da yaşayan azərbaycanlılar əllərindən gələni edir.
Xaricdəki soydaşlarımız Azərbaycan Diasporuna Dəstək Fonduna yüz minlərlə ianə köçürüb...
Müzəffər ordumuzun maddi-texniki və digər təchizatının yüksək səviyyədə təmin olunmasına baxmayaraq, xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları orduya və mülki əhaliyə dəstəyi özlərinə mənəvi borc hesab edərək, bu istiqamətdə əllərindən gələni əsirgəmirlər.
Almaniya Federativ Respublikasında yaşayan azərbaycanlı həkimlər və ayrı-ayrı diaspor fərdləri hərbi geyim və tibbi ləvazimatı, Türkiyədəki Gənc Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə bu ölkədə yaşayan, işləyən və təhsil alan azərbaycanlılar müxtəlif zəruri məhsullardan ibarət 2.3 ton humanitar yardımı, Ukrayna Azərbaycanlıları Konqresi 10 ədəd əlil arabasını Diasporla İş üzrə Dövlət Komitəsinə göndərib.
Bundan başqa, Rusiya Federasiyasında fəaliyyət göstərən “Azərbaycan-Ural” Sverdlovsk Azərbaycanlılarının İctimai Təşkilatı Sverdlovskda yaşayan azərbaycanlıların adından 2 ədəd Dermatom cərrahi aparatını və onun əlavə ehtiyat hissələrindən ibarət dəsti Komitəyə çatdırıb.
Bununla yanaşı, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar şəhid ailələrinə yardım və digər məqsədlər üçün Azərbaycan Diasporuna Dəstək Fonduna yüz minlərlə ianə köçürüblər.
Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızdan gələn yardımları ehtiyacı olan insanlara çatdırılması üçün aidiyyəti qurumlara təhvil verib.
Dünya dövlətləri ermənilərin törətdiyi terror aktlarına biganə qalmamağa çağırılır...
İsveçin Stokholm və Yöteborq şəhərlərində Azərbaycana dəstək məqsədilə avtoyürüş keçirilib. İşğalçı Ermənistanın hərəkətlərinə etiraz etmək istəyən azərbaycanlılar sosial media üzərindən təşkilatlanaraq avtoyürüş keçirib.
Üzərində “Qarabağ Azərbaycandır!” şüarı yazılmış, Azərbaycan və Türkiyə bayraqları asılmış avtomobillər Stokholm və Yöteborq şəhərlərinin mərkəzi küçələri ilə hərəkət edib. Aksiyaların məqsədi işğalçı Ermənistan ordusunun cəbhə bölgəsindən uzaqda yerləşən Bərdə, Gəncə və digər yaşayış məntəqələrində mülki insanlara qarşı törətdiyi terror aktlarını pisləmək, yerli ictimaiyyətin diqqətini Ermənistanın terrorçu hərəkətlərinə cəlb etmək olub. Aksiya iştirakçıları dünya dövlətlərini ermənilərin törətdiyi terror aktlarına biganə qalmamağa, mülki insanlara və azyaşlı uşaqlara qarşı erməni terrorunu dayandırmağa çağırıblar.
Körpələrin işğalçı Ermənistan ordusu tərəfindən qəsdən hədəfə alınması yolverilməzdir...
İordaniyadakı Azərbaycan diasporunun təşəbbüsü ilə Əmman şəhərində işğalçı Ermənistan ordusunun Azərbaycanın Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdiyi terror aktları nəticəsində həlak olan mülki vətəndaşlarımızın xatirəsi yad edilib. Azərbaycan icmasının iştirakı ilə baş tutan tədbirdə torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən şəhidlərimizin, həmçinin terror aktlarının günahsız qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dualar oxunub.
Azərbaycanın ədalətli mübarizəsini dəstəklədiklərini bildirən tədbir iştirakçıları Ermənistanın işğalçı, təcavüzkar və terrorçu siyasətini qətiyyətlə pisləyiblər. Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin, eləcə də digər yaşayış məntəqələrinin təcavüzkar Ermənistan ordusu tərəfindən ağır artilleriya atəşinə tutulması və dinc sakinlərin hədəfə alınması insanlığa qarşı cinayət kimi qiymətləndirilib.
Belçikanın Ham şəhərində işğalçı Ermənistan ordusunun Bərdə və Gəncə şəhərlərinə, eləcə də digər yaşayış məntəqələrinə ağır artilleriya silahları ilə hücumu nəticəsində həyatını itirən mülki şəxslərin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi yad edilib. Azərbaycanlı və türkiyəli icma nümayəndələrinin iştirak etdiyi anım mərasimində çıxış edən Belçika - Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi Ermənistanın Azərbaycanda törətdiyi terror aktları barədə məlumat verib, dinc əhalinin və günahsız körpələrin işğalçı Ermənistan ordusu tərəfindən qəsdən hədəfə alınmasının yolverilməz olduğunu bildirib. Dünya birliyinin bu cür qanlı hadisələrə biganə yanaşması sərt şəkildə qınanılıb.
“İşğalçı dövləti dəstəkləməyin!” tələbi ilə aksiya...
Oslo şəhərində yaşayan azərbaycanlılar Norveç parlamenti - Stortingetin binası qarşısında erməni işğalı və terrorunu pisləyən icazəli aksiya keçirib. “CAN” Azərbaycan-Norveç təşkilatının təşəbbüsü ilə keçirilən aksiyada, azərbaycanlılarla yanaşı, türkiyəli və pakistanlı icmaların nümayəndələri də iştirak edib. Aksiyanın təşkilatçısı, “CAN Azərbaycan” təşkilatının rəhbəri Şervin Nəcəfpur çıxış edərək Qarabağ həqiqətlərini yerli ictimaiyyətin diqqətinə çatdırıb, Azərbaycanın Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törədilən terror aktlarının Ermənistanın təcavüzkar siyasətinin davamı olduğunu bildirib.
Aksiyada işğalçı Ermənistan ordusunun Bərdə şəhərini, mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kasetli bombalar vasitəsi ilə atəşə tutması, bu faktın “Amnesty İnternational”, “Human Rights Watch” kimi beynəlxalq təşkilatlar tərəfindən rəsmi şəkildə təsdiqlənməsi, Ermənistanın Şuşa meşələrini yandırmaq üçün fosforlu silahdan istifadə edərək ekoloji terror törətməsi barədə yerli ictimaiyyətə məlumat verilib. Daha sonra terror qurbanlarının xatirəsi yad edilib.
Dünya ictimaiyyətini günahsız uşaqların qətlinə biganə qalmamağa səsləyən həmvətənlərimiz “Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son qoyun!”, “Uşaq ölümünə son qoyun!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”,“Ermənistan, BMT qətnamələrinə əməl et!” kimi şüarların əks olunduğu plakatlar və posterlər nümayiş etdirib, meydanda Azərbaycanın və dost ölkələrin bayraqlarını dalğalandırıblar.
Türkiyənin Norveçdəki səfiri Fazıl Çormanın da qatıldığı aksiya Azərbaycanın Dövlət Himinin səsləndirilməsi ilə başa çatıb.
“Qarabağ Azərbaycandır!” şüarı asılan avtomobillərdə hərəkət...
Avstraliya-Azərbaycan Assosiasiyası və Güney Azərbaycan Demokratik Birliyinin təşəbbüsü ilə Sidney şəhərində yaşayan azərbaycanlı icması erməni terroruna etiraz olaraq avtomobil yürüşü keçirib. 100-ə yaxın avtomobilin iştirakı ilə keçirilən avtoyürüş Oubern qəsəbəsinin Road Station küçəsindən start götürüb, mərkəzi küçələrlə dairəvi hərəkət etdikdən sonra həmin ünvanda başa çatıb.
Üzərində üçrəngli Azərbaycan bayraqları və “Qarabağ Azərbaycandır!” şüarı asılan avtomobillərdə hərəkət edən yürüş iştirakçıları yerli ictimaiyyətin diqqətini Ermənistanın törətdiyi işğaldan doğan hadisələrə yönəldiblər. Həmvətənlərimiz işğalçı Ermənistan ordusunun mülki əhaliyə qarşı istifadəsi qadağan olunan kasetli bombalar vasitəsilə Bərdə şəhərində törətdiyi terror aktının nəinki beynəlxalq hüquqa zidd addım, eyni zamanda insanlığa qarşı yönəlmiş cinayət olduğunu vurğulayıblar. Əlverişsiz (yağışlı) hava şəraitinə və erməni əsilli şəxslərin yürüş iştirakçılarına mane olmaq cəhdlərinə baxmayaraq, soydaşlarımızın ayıq-sayıqlığı sayəsində yürüş insidentsiz başa çatıb.
“Azəri” Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Yeni Zelandiyanın paytaxtı Vellinqton şəhərində yerli ictimaiyyəti işğalçı Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaq üçün plakatlar asılıb.
Belə ki, şəhərin mərkəzində yerləşən binalardan asılan plakatlarda böyük hərflərlə “Qarabağ Azərbaycandır!”, “Erməni işğalına və təcavüzünə son!” şüarları yazılıb. Qeyd edək ki, plakatlardan biri Vellinqton şəhərinin mərkəzində əhalinin çoxluq təşkil etdiyi Kuba küçəsində, digəri isə ölkə rəsmilərinin daha çox istifadə etdiyi və Parlamentə gedən yolun kənarındakı (190 Thorndon Quay Pipitea ünvanı) binadan asılıb.
Azərbaycanın haqlı tələblərinin dünyaya çatdırılması ilə bağlı diasporumuzun müxtəlif tələblərlə keçirdiyi aksiyaların əhəmiyyəti barədə nə demək olar?
“Bütün bu tədbirlərin əhəmiyyətini yüksək dəyərləndirirəm”
Dünya Azərbaycanlıları Konqresi mərkəzi icra aparatının rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, Azərbaycanın qamətini bir qədər də şuxlaşdırdı: “Bilirsimiz ki, döyüşdə adam nə qədər güclü olsa da, gözü dəstək axtarır. Belə anda verilən dəstəyin əhəmiyyəti çox böyükdür. 40 gündür müharibə gedir, mən cəmiyyətimizin davranışından çox razıyam. Xüsusilə də xaricdəki diaspor təşkilatlarımız ortaya ciddi fədakarlıqlar qoyurlar. İndiyə qədər keçirilən aksiyaları izləyirik. Maraqlıdır ki, aksiyalardakı tələblər Ermənistanın bütün işğalçı mahiyyətini, terror törətdiyinə baxmayaraq, dünya birliyinin, əlaqədar təşkilatların bu məsələyə biganə yanaşması ilə bağlı tələbləri əhatə edir. Bir faktı da nəzərə alaq ki, biz bunu dünyada uzun illər ciddi şəkildə təşkilatlanmış, dərin kök atmış erməni diasporu ilə rəqabət şəklində edirik. Yayılan məlumatlardan görürük ki, əksər hallarda erməni diasporunun nümayəndələri bizim aksiyalarımıza maneçiliklər törətməyə can atır. Ancaq soydaşlarmız mərdliklə onların cavabını verir. Bu da o anlama gəlir ki, artıq dünyanın sakit olan ölkələrində belə bu cür aksiyalar keçirmək həm də risq və fədakarlıq tələb edir.
Başqa bir istiqamət barədə də danaışa bilərik. Bu da, Ordumuzun maddi təminatının yüksək səviyyədə olmasına baxmayaraq, xaricdəki soydaşlarımızın dəstək aksiyalarında yaxından iştirak etmələridir. Bütün bu tədbirlərin əhəmiyyətini yüksək dəyərləndirirəm. Hesab edirəm ki, bunun Azərbaycanın haqq işinin tam bərqərar olmasına müstəsna şəkildə dəstəyi var”.
Bütün bunlar bir daha sübut edir ki, dünyada yaşayan bütün azərbaycanlılar bu ölkəni öz ayrılmaz parçası sayır.
Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.