Niderland Krallığının Leuvarden şəhərindən “Azərbaycan Evi” diaspor təşkilatının rəhbəri Elxan Mirhəşimli Prezident İlham Əliyevə müraciət edib.
“Sizin rəhbərliyinizlə Azərbaycanın şanlı Ordusunun 27 il sonra mənə yaşatdığı sevincin həddi-hüdudu yoxdur. Doğulduğum Qubadlının işğaldan azad olunmasını eşitdikdə sevinc göz yaşlarımı saxlaya bilmədim. Bir anlıq uşaqlıq və gənclik illərim gözlərimin önünə gəldi, bir zamanlar Qubadlıda keçirdiyim xoş günlərimi, dostlarımı, qohumlarımı xatırladım. Qubadlıda ata-baba evimi görmək və ulu babalarımızın məzarını ziyarət etmək artıq xəyal deyil, real oldu. Öz doğma ata-baba evimizə dönməyi həyəcanla gözləyirəm. Mənim övladlarım Qubadlını görməyib. Onlar da ata-baba torpaqlarını görmək ümidi ilə böyüyüblər. Artıq qayıdış günü gəldi, biz evə qayıdırıq. 20 ildir Niderlandda yaşayıram, tezliklə evimə dönmək istəyirəm.Mən Niderlandda “Azərbaycan Evi” diaspor təşkilatı yaradaraq, fəaliyətimi informasiya müharibəsində hər zaman dövlətimizin mənafeyinin qorunması üzərində quraraq, Qarabağ həqiqətlərini yerli ictimaiyyətə və yerli siyasi partiyalara çatdırır, maarifləndirmə aparıram. Bundan sonra işimi daha da fəal davam etdirəcəyəm, İnanıram ki, Azərbaycanın bütün işğal olunmuş torpaqları azad olunacaq, Azərbaycanın şanlı Bayrağı bütün şəhərlərdə, kəndlərdə dalğalanacaqdır. Azərbaycan Ordusunun atdığı uğurlar mənə bir daha cəsarət verir ki, dövlətimizin mənafeyini, haqlarını daha əzmlə qorumaqda davam edim.
Təşkilatımız adından və Niderlandda yaşayan Azərbaycan icması adından Sizə təşəkkür edirəm. Var olun! Zəfər bizimdir! Qarabağ Azərbaycandır!” - deyə soydaşımız Prezident İlham Əliyevə müraciətində qeyd edir.
Baki-xeber.com